Modern.az

“Qızıl qələm” mükafatının təsisçisi iradlarla RAZILAŞMADI

“Qızıl qələm” mükafatının təsisçisi iradlarla RAZILAŞMADI

17 Noyabr 2023, 17:36

Vaxtilə cəmiyyətdə müəyyən nüfuz qazanmış, fəal, peşəkar jurnalistlərə təqdim olunan “Qızıl qələm” mükafatı ətrafında söz-söhbətlər yenidən qızışıb.

Qeyd edək ki, bu mükafat 1970-1991-ci illərdə Azərbaycan Jurnalistlər İttifaqı tərəfindən verilib.

2000-ci ildən isə “Qızıl qələm”i Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqı (KİVİHİ) adlı qurum verməyə başlayıb. Başqa sözlə, KİVİHİ “Qızıl qələm” mükafatının təsisçiliyini mənimsəyib, onu öz inhisarına alıb.

Elə “Qızıl qələm”in nüfuzu da ondan sonra itib-batıb. Çünki KİVİHİ mükafatı hansısa ödənişlər müqabilində hətta jurnalistikadan uzaq insanlara, kobud şəkildə desək, hər yoldan ötənə təqdim etməklə onun nüfuzunu ciddi şəkildə zədələyib. Nəticədə bu kimi hallar ciddi jurnalistika ilə məşğul olanlarda haqlı narazılıqlar doğurub. 

Son vaxtlar bir sıra KİV-lər və sosial şəbəkələrdə “Qızıl qələm” mükafatı ilə bağlı tənqid və ironiyaların artmasından narahat olan KİVİHİ-nin Rəyasət Heyəti onun verilməsini dayandırmaq qərarına gəlib.

Bu barədə qurumun sədri Çingiz Qurbanoğlu Mətbuat Şurasına müraciət ünvanlayıb. Müraciətdə bildirilib: 

“Son zamanlar mətbuatda və sosial şəbəkələrdə sədri olduğum Kütləvi İnformasiya Vasitələri İşçilərinin Həmkarlar İttifaqının müxtəlif insanlara təqdim etdiyi “Qızıl qələm” və digər media mükafatları ilə bağlı narazılıqları, həmçinin, Mətbuat Şurasının tövsiyələrini nəzərə alaraq, onların təqdimatını dayandırdığımızı bildirirəm”.

Belə görünür ki, Çingiz Qurbanoğlu iradlarla razılaşaraq bu addımı atmaq qərarına gəlib.

Amma Modern.az-a danışan KİVİHİ-nin sədri Çingiz Qurbanoğlu düşündüyümüzün əksinə olaraq, etirazlarla razılaşmadığını bildirib:
 

"Sosial şəbəkələrdən və Mətbuat Şurasından etirazlar gördük. "Hər çatana qızıl qələm verirsiniz" deyə iradlar gəlirdi. Mən "hər yoldan ötənə" deyə bilmərəm. Bizə bir neçə kitabın müəllifi olan yazarlar, mətbuatda yazıları ilə fərqlənənlər müraciət edirdi. Biz də həmin şəxslərə diplom verirdik. Axı bu şəxslər beyinlərinin məhsulunu ortaya qoyurlar. Biz də onlara mükafatı təqdim etmişik. Açığı, mən etirazlarla razılaşmıram. Çünki mən mükafatçıların bir çoxunu araşdırdıqdan sonra diplom vermişəm.

Saxta diplomlara gəlincə, belə halların olduğunu inkar etmirəm. Amma saxta diplomları biz verməmişik. Kimlərsə bizim diplomun surətini çıxarıb ortada dəllalıq ediblər. Belə diplomlarda mənim imzam olmayıb.

Vaxtilə "Qızıl qələm"in nüfuzu böyük olub. İndi isə dəyərdən düşüb".


Ç.Qurbanoğlu gələcəkdə yenidən mükafatın verilə biləcəyini söyləyib:
 

"Hələ ki "Qızıl qələm" mükafatının verilməsini dayandırdıq. Əlbəttə, mükafatın formatını dəyişib vermək olardı. Gələcəkdə ola bilsin ki, Mətbuat Şurası ilə razılığa gələk. Mətbuat Günündə, yaxud başqa əlamətdar gündə diplomun verilməsini yenidən başlatmaq olar".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər