Modern.az

Maqsud Nəcəfovun doktorluq işi hərb sənayesində elmi yenilik oldu

Maqsud Nəcəfovun doktorluq işi hərb sənayesində elmi yenilik oldu

Aktual

20 Noyabr 2023, 14:52

 

Bu dünyadan bir müəllim keçdi. 56 illik müəllim ömrü yaşadı Maqsud müəllim Nəcəfov. Dünyadakı missiyasını tamamlayıb köçəndə artıq bir universitet müəllimi, alim idi. 4 dərs vəsaitinin və 70-dən çox elmi-metodiki məqalələrin müəllifi kimi tanınırdı. Yaşasaydı, neçə kitabı, nə qədər məqaləsi olacaqdı, elmə başqa hansı töhfələri verəcəkdi, onu demək çətindir... Yaşasaydı 75 yaşını qeyd  edəcəkdik...

 

Müəllim oldu...

 

Bir payız günü dünyaya göz açdı Maqsud Nəcəfov. Bir türk kimi tarixi türk torpaqlarından birində doğuldu. Ermənistan SSR-in ərazisindəki Qarakilsə rayonunun Ağudi kəndində yetişdi, şəxsiyyət kimi formalaşdı. Sonra arzularının ardınca, o torpaqlarda yetişən çox türk kimi ali təhsil almağa Bakıya üz tutdu. Arzusu riyaziyyatçı olmaq idi. Bakı Dövlət Universitetinin tələbəsi oldu. Mexanika-riyaziyyat fakültəsində təhsil aldığı 1966-1971-ci illərdə fəal tələbəlik həyatı yaşadı. Universitet həyatının hər anını sevdi, mənimsədi. Elm dünyasına ilk qədəmlərini basdığı bu dövrdə qərarını verdi. Riyaziyyata bağlayacaq taleyini, riyaziyyatla çözəcəkdi dünyanın sirlərini. Axı, riyaziyyat bir çox elmin açarıdı deyirdilər, inanmışdı o da. Bunun şahidi də olmaq istəyirdi, öz təcrübəsində sübut etməyə də qərarlıydı. Odur ki, gecə-gündüz kitablardan əl çəkmədi, universiteti əla qiymətlərlə bitirib təhsilin növbəti səviyyəsinə keçdi.1972-1975-ci illərdə indiki Azərbaycan Dövlət Pedaqoji Universitetinin aspiranturasında oxudu, təhsilini fərqlənmə diplomu ilə tamamladı. Bundan sonra həm öyrənəcək, həm də elmə öz töhfəsini verəcəkdi.

 

Alimlik dərəcəsi aldı...

 

ADPU- da laborant olaraq başladığı karyerası pillə-pillə yüksəldi elmi və təcrübəsi artdıqca. Baş laborant, müəllim, baş müəllim vəzifələrində çalışdı. Sonra elmi araşdırmalarını əsaslandırmaq üçün komissiya qarşısına çıxdı. 1983-cü ildə girdiyi bu sınaq dərəcə ilə sonuclandı. O, artıq fizika-riyaziyyat elmləri namizədi, yəni bir alim idi. Sonra kosmik hərb sənayesində yazdığı xüsusi törəməli tənliklər sistemi və onun tətbiq sahəsini araşdırdı və 2012-ci ildə “Slindrik və konik örtüklərin aeroelastik rəqsləri və dayanıqlığı” mövzusunda doktorluq dissertasiyası müdafiə edərək, riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi, 2019-cu ildə professor elmi adı aldı. Qardaşı Bəxtiyar Nəcəfov deyir: “Yeni formulalar əsasında silindrik və konusvari səthlərin titrəməsi hələ öyrənilməmişdi. Mexanika elmində olan bu boşluğu məhz qardaşım Maqsud Nəcəfov doldurdu. Onun kosmik sənaye sahəsində gördüyü işlər SSRİ və Azərbaycan hərb sənayesində olduqca vacib və aktual bir elmi yenilik idi”.

 

Xatirələrə köçdü...

 

Dərəcəsi dəyişdikcə vəzifəsi də dəyişdi.  1989-cu ildən Həndəsə kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində çalışdı, 1998-2019-cu illərdə Riyaziyyat və İnformatika fakültəsində dekan işlədi.

 

Azərbaycan elminə verdiyi töhfə çoxaldıqca özünü daha xoşbəxt hiss edirdi Maqsud müəllim. Qızı və onun davamçısı olaraq ADPU-da çalışan riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Sürəyya Nəcəfova təsəlli tapır ki, Ali Attestasiya Komissiyasına diplomunu almağa çağrılanda elə bil canına can, gözünə işıq gəldi: “Həmin gün atamın səbirsizliklə gözlədiyi bir gün idi. O gün gələndə, mənə elə gəlir ki, onun həyatının ən xoşbəxt günü oldu. Həmin vaxt insult keçirtmişdi. Nə yaxşı ki, ölmədən o günü yaşamaq nəsib oldu və diplomunu aldı”.

 

Digər övladı, ADPU-da müəllimə işləyən Könül Nəcəfova həm də onun söz sirdaşı, digər övladlarına nisbətən ən yaxını olub. Könül Nəcəfovanın qızı, Maqsud müəllimin ilk nəvəsi Sara Quliyeva Barselona Beynəlxalq Təhsil İnstitunun (IBEI - Institut Barcelona d'Estudis Internacionals) Beynəlxalq Təhlükəsizlik və Qlazqo Universitetinin Hüquq fənni üzrə magistraturasını bitirib. Sara Qlazqo Universitetinə qəbul olması xəbərini eşidəndə Maqsud müəllimin bəlkə də ən xoşbəxt günü olub. Təəssüf ki, Saranın Avropada qazandığı təhsil nabiliyyətlərini sevimli babası görə bilmədi. Maraqlıdır ki, Sara sonuncu diplom işini “Sevimli babam Maqsud Nəcəfovun əziz xatirəsinə ithaf edirəm”, - deyə yazıb. //www.facebook.com/sara.quliyeva.1023/posts/pfbid02ZGF8EJ2dE9gpczJ3fTviM5akuxS5RHdpuQUyutKJyFf3hScdtzeRP6DprdfPTZC6l

 

Yaddaşlarda qayğıkeş insan kimi qaldı

 

İndi onu elm bəxş etdiyi yeniliklərlə, ailəsi və tələbələri isə göstərdiyi qayğıkeşliyi ilə xatırlayır. Sürəyya Nəcəfova deyir: “Oxumaq atam üçün ən vacib və əsas məsələlərdən idi. Həmişə deyirdi ki, oxuyun, qabağa getmək, öz ayaqlarınızın üstündə dura bilmək, gələcəkdə sözünüzü demək üçün oxuyun. Onun oxumağa verdiyi öncəliyin nəticəsi idi ki, ailəmizdə hamımız universiteti fərqlənmə diplomu ilə bitirdik. Universitetə daxil olandan müəllim işləyən günə kimi yolumuz da bir idi, atamla bir gedib gəlmişik. Amma sonra elmdə də atamın yolu ilə getdim. Ona çox bağlı idim. Hər sözümü, problemimi onunla bölüşür, məsləhətləri ondan alırdım. Zəhmli baxışı, sərt görkəmi olsa da, ürəyi çox yumşaq idi”.

 

S.Nəcəfova sadəcə övladı yox, həm də iş yoldaşı olduğu M.Nəcəfovu belə xatırlayır: “İşlədiyi müddətdə nə tələbələrinin xətrinə dəymişdi, nə də bir  müəllimə sərt davranmışdı. 24 il bir yerdə işlədiyim, universitet dəhlizlərində daim qarşılaşdığım qayğıkeş insanı itirmək çox ağırdı. Təkcə mənim üçün yox... Universitetdə barəsində söz düşür. Xatirələrini bölüşən həmkarlarımızın bəzən gözələri dolur. Hər insana nəsib olmur ölümündən sonra belə xatırlansın. Qürur duyuram ki, atam belə insanlardandır”.

 

Ruhiyyə Daşsalahlı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama