Modern.az

Bakıdakı məktəblərin müəllim və şagird sayı açıqlandı

Bakıdakı məktəblərin müəllim və şagird sayı açıqlandı

10 Sentyabr 2013, 12:13

”Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində 311 tam orta, 3 ümumi orta, 7 xüsusi, axşam (qiyabi), 4 sağlamlıq imkanları məhdud uşaqlar üçün məktəb var. Bu məktəblərdə 318 min 750 şagirdin təlim-tərbiyəsi ilə 29949 müəllim məşğul olur”.
Modern.az-ın məlumatına görə, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov bildirib.

Onun sözlərinə görə, ötən tədris ilində Bakı şəhərində 880 və 640 şagird yerlik 4 yeni məktəb binası inşa edilib, 76 məktəbdə əsaslı təmir işləri aparılıb, şagird sıxlığının aradan qaldırılması üçün 20 məktəbdə əlavə korpus tikilərək istifadəyə verilib. Həmçinin 5 məktəbin idman və akt zalları tamamilə yenilənib. Yeni tədris ilinədək 164 məktəbdə cari təmir işləri başa çatdırılacaq.

M.Bayramov deyib ki, son illər ümumtəhsil məktəblərinin I siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. 2012/2013-cü dərs ilində I sinfə 36431 nəfər şagird qəbul olunub. 2013/2014-cü dərs ilində də I siniflərə qəbul olunan şagirdlərin sayında artım gözlənilir.

Ötən illə müqayisədə ali məktəblərə tələbə qəbulunda Bakı məktəblərinin xüsusi çəkisi artıb. Belə ki, 2013-cü ildə 20250 nəfəri tam orta təhsil haqqında attestat alıb, attestat alanlardan 16 min 807 nəfəri ali məktəblərə sənəd verib və onlardan 9250 nəfəri, yəni imtahanlarda iştirak edənlərin 56,64 %-i qəbul olunub.
2013 - cü ildə ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 2 nəfər məzun maksimum 700 bal toplayıb. Bunlar 258 nömrəli tam orta məktəbin şagirdi Məhəmməd İsmayılov və 98 nömrəli tam orta məktəbin şagirdi Osman Müslümovdur.
”BŞTİ-nin tabeliyindəki məktəblərin məzunlarının 12 nəfəri son 5 ildə ali məktəblərə qəbul imtahanlarında maksimum 700 bal toplamaqla paytaxtın təhsil sisteminin uğurunu bir daha nümayiş etdiriblər”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular