“Orta məktəblərdə davamiyyətin pozulmasının birinci səbəbi qəbul imtahanlarının ağır olmasıdır. Qəbul imtahanlarının ağırlığı bu gün şagirdi məktəbdən uzaqlaşdırır”.
Modern.az xəbər verir ki, bu sözləri Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov Bakı şəhər təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib. O, qeyd edib ki, bu hal müəllimi də repetitorluğa sövq edir.
“Bu reallIqdır və bunu deməliyik. Bu ağırlığı sübut edən kifayət qədər faktlar var. Yuxarı sinif şagirdləri o qədər yükləniblər ki, hansısa yükü öz çiyinlərindən atmaq məcburiyyətindədirlər. Valideynlərin məsləhəti ilə onlar məktəbə gəlmirlər. Yuxarı siniflərdə təhsil alan şagirdlər hər şeydən təcrid olunublar. Yeniyetmələrin harmonik inkişafı da dayanıb”.
M. Bayramov bildirib ki, bu məsələlər təhsil işçilərini çox ciddi narahat edir. “Hətta qəbul imtahanlarına nailiyyət əldə etmək üçün orta məktəblərdən ayrılan şagirdlər də var. Bəzən Bakı şəhərində təhsil alan şagirdlər adlarını kənd orta məktəblərində yazdırırlar. Amma özləri Bakıda sinif yoldaşları ilə eyni məhəllədə görüşürlər. Yəni adları kənd rayonlarının məktəblərində, özləri isə Bakıda qalırlar. İki il öncə Təhsil Nazirliyinin kollegiya iclasında Bərdə rayon təhsil şöbəsinin müdiri qeyd edib ki, Bakıdan gələn uşaqların üzünü heç vaxt görməmişik. Amma imtahan günü Bakından gələn şagirdləri gətirən maşınlar rayonda tıxac yaradırlar. Bu cür yayınmalar Bakı məktəblərinin göstəricilərini də aşağı salır. Hesab edirəm ki, hər il tələbə qəbulunun nəticələri ilə bağlı ayrıca konfrans keçirilməlidir və bu məsələlər müzakirə edilməlidir”.
Aytən ƏLİYEVA