Modern.az

4 günlük kövrək atəşkəs: İsrail və HƏMAS tətikdə gözləyir...

4 günlük kövrək atəşkəs: İsrail və HƏMAS tətikdə gözləyir...

Analitika

22 Noyabr 2023, 09:32

İsrail hökuməti və HƏMAS çərşənbə günü atəşkəs barədə razılığa gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail, HƏMAS və Qətər rəsmiləri bildirib.

 

İsrail həbsdə olan 150 fələstinlini, HƏMAS Qəzzada saxlanılan 50 girovu azad edəcək. Dörd gün davam edəcək atəşkəs müddətində humanitar yardımların Qəzzaya daxil olmasına icazə veriləcək.

 

Gizli danışıqlara vasitəçilik edən Qətər rəsmiləri, eləcə də ABŞ, İsrail və HƏMAS bir neçə gündür razılaşmanın qaçılmaz olduğunu deyirdilər.

 

İsrailin baş naziri Benyamin Netanyahunun ofisindən verilən açıqlamada 50 qadın və uşağın dörd gün ərzində azad ediləcəyi və bu müddət ərzində döyüşlərdə fasilə olacağı bildirilib. Sərbəst buraxılan hər əlavə 10 girov üçün fasilənin daha bir gün uzadılacağı qeyd olunub.

 

"İsrail hökuməti bütün girovları evlərinə qaytarmaq öhdəliyi götürüb. Bu gecə hökumət təklif olunan razılaşmanı bu məqsədə çatmaq üçün ilk mərhələ kimi təsdiqlədi", - qapalı saatlarla aparılan müzakirələrdən sonra açıqlanan bəyanatda deyilir.

 

HƏMAS bildirib ki, 50 girov İsrail həbsxanalarında saxlanılan 150 fələstinli qadın və uşaq müqabilində azad ediləcək. Təşkilatın bəyanatında deyilir ki, atəşkəs razılaşması yüzlərlə yük maşınının Qəzzaya humanitar, tibbi və yanacaq yardımı aparmasına imkan verəcək.

 

İsrail atəşkəs dövründə Qəzzanın bütün bölgələrində heç kimə hücum etməməyi öhdəsinə götürüb. Qətər hökuməti də məlumatı təsdiq edib və atəşkəsin başlama vaxtının yaxın 24 saat ərzində elan ediləcəyini bildirib. Bu, döyüşlərin başladığı oktyabrın 7-dən bəri ilk atəşkəsdir.

 

Netanyahu atəşkəs barədə açıqlamadan öncə müharibə kabineti və milli təhlükəsizlik kabineti ilə görüş keçirib. Baş nazir bildirib ki, ABŞ prezidenti Co Baydenin müdaxiləsi razılaşmanın təkmilləşdirilməsinə kömək edib, beləliklə, daha çox girovlar müqabilində daha az güzəştlər edilib.

 

Buna baxmayaraq o vurğulayıb ki, İsrailin daha geniş missiyası dəyişməyib: "Biz müharibədəyik və bütün məqsədlərimizə çatana qədər müharibəni davam etdirəcəyik. Məqsədimiz HƏMAS-ı məhv etmək, bütün girovlarımızı geri qaytarmaq və Qəzzada heç bir qurumun İsraili təhdid edə bilməməsini təmin etməkdir". HƏMAS da bəyanatında deyib ki, atəşkəs elan edilsə də, döyüşçülərin "barmaqları tətikdədir".

 

"Reuters" agentliyinin yazdığına görə, azad ediləcəklər arasında 3 amerikalı var. Onlardan biri hər iki valideynini itirən 3 yaşlı qızdır. Girovların cümə günündən etibarən azad ediləcəyi gözlənilir.

 

Qətərin atəşkəs danışıqlarında iştirak edən nümayəndəsi, Xarici İşlər Nazirliyinin dövlət naziri Məhəmməd Əl-Xulayfi bildirib ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi girovların azad edilməsini asanlaşdırmaq üçün Qəzzada fəaliyyət göstərəcək.

 

"İntensiv bir dövr olacaq, biz BQXK və iki tərəflə 24/7 birbaşa əlaqədə olacağıq... Heç bir hücum olmayacaq... Qətər bu sazişin daha böyük razılaşma və daimi atəşkəs üçün toxum olacağına ümid edir. Bizim niyyətimiz də budur", - o əlavə edib.

 

Atəşkəs əldə edilsə də, döyüşlər hələ davam edir. Bəziləri atəşkəsin kövrək olacağını, atəşkəs müddətində hər an döyüşlərin başlaya biləcəyindən ehtiyat edir. Digərləri atəşkəsin daha da uzun olacağına ümid edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Prezident Xocalıda duyğulu anlar yaşandı