“Ötən dərs ilində maliyyə təsərrüfat fəaliyyəti Hesablama Palatası tərəfindən audit edilib. Auditin nəticələri normaldır. Heç bir kənarlaşma, yeyinti halları aşkar olunmayıb”. Modern.az xəbər verir ki, bu sözləri Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib.
O qeyd edib ki, audit yoxlamaları nəticəsində bəzi hallarda artıq xərcləmə, bəzi hallarda isə az xərcləmə aşkar olunub.
“Artıq xərcləmə əsasən məktəb direktorlarının günahı üzündən baş verib. Şagird sayı çatmadığı halda , məsələn 19 nəfərdən ibarət olan sinifi xarici dilin tədrisində iki yerə bölməklə maliyyə israfçılığına yol veriblər. Paralel siniflərin birindən digərinə şagird keçirməklə saxta sinif açıblar. Yəni bunların hamısı bu dərs ilinin başlanğıcından başlayaraq araşdırılacaq. Yəni maliyyə işçilərində bir nöqsan aşkar olunmasa da direktorların maliyyə işində müəyyən boşluğa verdikləri aşkar olunub”.
Məhəmməd Bayramov bildirib ki, məzunlarla bağlı yekun attestasiya hansı təşkilat tərəfindən aparılırsa, məsuliyyət də onun üzərinə düşməlidir.
O, qeyd edib ki, məzunların yekun attestasiyası, yəni buraxılış imtahanları Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən aparılır.
”Əgər yekun attestasiya onlar tərəfindən aparılırsa və medallar da yekun attestasiyasının yekunlarına əsasən verilirsə, o qurumun kiməsə irad tutmasının heç bir əsası yoxdur. Mən hesab edirəm ki, yekun attestasiya Azərbaycan dili, riyaziyyatdan aparılmamalıdır. Orada təbiət elmləri də əhatə olunmalıdır. Bu fənlər bütün ixtisas qruplarında imtahana düşür. O fənləri şagird repetitordan da öyrənir, məktəbə ehtiyac qalmır. Bəs məktəbin fəaliyyəti yekun attestasiyada necə qiymətləndirilir? Demək olar ki, qiymətləndirilmir. Demək istəmirəm ki, bizim nöqsanlarımız yoxdur. Amma yekun attestasiya hansı təşkilat tərəfindən aparılırsa məsuliyyət də onun üzərinə düşməlidir”.
Aytən ƏLİYEVA