“İstər Təhsil Nazirliyinə, istərsə də Bakı Şəhər üzrə Təhsil İdarəsinə I sinfə şagird qəbulu ilə bağlı vətəndaşlar tərəfindən çoxsaylı şikayətlər daxil olur”.
Modern.az xəbər verir ki, bu sözləri Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdir müavini Məhəmməd Bayramov Bakı şəhəri təhsil işçilərinin ənənəvi sentyabr konfransında deyib. O qeyd edib ki, bu şikayətlərdə müsabiqə şərtləri, məktəbdə artıq yerin olmaması və sair səbəblər əsas gətirilərək vətəndaşlar incidilir.
“Bu da təhsil sistemi barədə xoşagəlməz fikirlərin yaranmasına şərait yaradır. Belə xoşagəlməz halların qarşısının alınması üçün hesab edirik ki, ilk növbədə I sinfə qəbul mikroərazilər üzrə aparılmalı, bununla bağlı hər hansı müsabiqə keçirilməsi qadağan olunmalıdır. Yalnız mikroərazilər üzrə şagird qəbulu başa çatdıqdan sonra digər vətəndaşların müraciətlərinə əsasən baxmaq olar”.
BŞTİ-nin rəsmisi I sinfə şagird qəbulu Təhsil Nazirliyinin təlimati məktubuna uyğun olaraq aparılıb. “Sevindirici haldır ki, son illər ümumtəhsil məktəblərinin I siniflərində şagird qəbulunun sayı artmaqda davam edir. 2012/2013-cü dərs ilində I sinfə 36431 nəfər şagird qəbul olunub. 2013/2014-cü dərs ilində də I siniflərə qəbul olunan şagirdlərin sayında artım gözlənilir”.
M.Bayramov eyni zamanda bildirib ki, məktəb şəbəkəsinin tərtibində əvvəlki illərdə yol verilmiş ciddi nöqsanların qarşısını vaxtında almaq üçün bütün təhsil ocaqlarında şagird siyahısı yoxlanılıb, Təhsilin İdarə olunmasının Məlumat sistemləri sektorunun köməyi ilə eyni şagirdin adının müxtəlif məktəblərdə getməsi halları aradan qaldırılıb.
“Ayrı-ayrı məktəblərdə paralel siniflərin açılması məqsədilə şagird sayının süni surətdə şişirdilməsinin, yarımqruplara bölmək üçün paralel siniflərdə şagirdlərin saxta yolla bir sinifdən digərinə keçirilməsinin qarşısı alınıb. Şəhərin məktəblərinin inkişafını proqnozlaşdırmaq üçün müxtəlif istiqamətli təhlillər aparılıb. Məsələn, son 5 ildə məktəblərdə şagird sayının dinamikası, şagird sayının eyni ərazidə yerləşən bəzi məktəblərdə azalması, bəzi məktəblərdə isə artması, müəllim-şagird nisbətinin vəziyyəti, şagirdlərin yerdəyişmələrinin xüsusiyyətləri, şagird sayının və siniflərin artım dinamikasına uyğun olaraq pedaqoji kadrların işə qəbulunun planlaşdırılması üzrə formalar toplanıb və təhlil edilib”.
BŞTİ-nin rəsmisi qeyd edib ki, 2012-ci ilin noyabr-dekabr aylarında Bаkı şəhərinin 40-dan çox məktəbində məktəbdaxili nəzarətin təşkilinə dair reydlər təşkil olunub. “Reydlərin məqsədi şagirdlərin dərsə davamiyyəti, məktəbli forması ilə təchizi, məktəbli kitabçasından istifadə, sinif jurnallarının aparılması, müəllimlərin fəaliyyətinə nəzarətin təşkili kimi məsələlər olub. Reydin nəticələri ümumiləşdirilərək məktəb direktorlarının iştirakı ilə geniş müzakirə olunub və nöqsanların aradan qaldırılması məqsədilə əməli tədbirlərin görülməsi üçün tapşırıq və tövsiyələr verilib”.
Aytən ƏLİYEVA