Azərbaycanın suverənliyinin tam bərpa olunmasından sonra qarşıda duran əsas vəzifələrdən ilki Qarabağın bərpasıdır. Qarabağın bərpası Azərbaycan iqtisadiyyatı üçün də ən vacib məsələlərdən biridir. Belə ki, həmin ərazilərin ölkə iqtisadiyyatıyla bütünləşməsi və insanların işlə təmin edilməsi ilə bölgədə biznes fəaliyyətinin bərpasına ehtiyac var.
Bunun üçün dövlət tərəfindən də müəyyən güzəştlər edilir.
Bəs Qarabağda biznes fəaliyyətini canlandırılması üçün atılan addımlar hansılardır?
Modern.az bununla bağlı araşdırma edib.
Belə ki, işğaldan azad edilmiş ərazinin rezidentləri 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Bu azadolma ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil ediləcək.
Həmçinin işğaldan azad edilmiş ərazilərdə ƏDV ödəyicisi olan rezidentlər tərəfindən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnika, texnoloji avadanlıqlar və qurğular, habelə xammal və materialların idxalı 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində ƏDV-dən azad edilib.
Bu məqsədlə ƏDV-dən azad edilən iqtisadi fəaliyyət sahələri və mal nomenklaturalarının siyahısının ayrıca təsdiq edilməsi nəzərdə tutulub.
Bununla yanaşı, işğaldan azad olunmuş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarları və payçılarının dividend gəlirləri də 2023-cü il yanvarın 1-dən etibarən 10 il müddətində vergidən azad edilib.
Bu ərazilərdə iqtisadi fəaliyyətin canlandırılmasını nəzərdə tutan bir sıra digər vergi təşviqləri də təsdiq edilib.
İşğaldan azad olunan ərazilərin geniş turizm potensialına malik olması nəzərə alınaraq, turizm sahəsi üzrə nəzərdə tutulan ümumi güzəştlərlə yanaşı, eyni zamanda mehmanxana xidmətlərinə görə ödənilən ƏDV-nin istehlakçılara geri qaytarılması da həyata keçiriləcək. Belə ki, bu ərazilər daxilində yerləşən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 %-i fiziki şəxs olan istehlakçılara geri qaytarılması nəzərdə tutulur. ƏDV-nin geri qaytarılması prosesi bu sahəyə, bizneslə yanaşı, vətəndaş marağının da artırılmasına səbəb olacaq.
Amma vergi azadolmaları bir sıra fəaliyyət növləri və əməliyyatlara şamil edilməyəcək. Belə fəaliyyət və əməliyyatlara maliyyə xidmətlərinin göstərilməsi, avtonəqliyyat vasitələri ilə yükdaşıma xidmətləri və dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi daxildir.
Bütövlükdə, Vergi Məcəlləsində edilmiş dəyişikliklərlə işğaldan azad olunmuş ərazilərdə real sektorun bütün sahələri, yəni ticarət, xidmət, istehsal, tikinti sektoru, hasilat sənayesi və digər subyektlər vergi güzəştləri ilə əhatə edilib.
Vergi güzəştlərinin verilməsində əsas hədəf işğaldan azad olunmuş ərazilərə investisiyaların cəlbi və həmin sahəyə dövlət tərəfindən təşviqlərin verilməsidir. İşğaldan azad edilmiş ərazilər əlverişli coğrafi quruluşa və böyük istehsal potensialına malikdir. Burada həm sənayeləşmə, həm də hasilat sənayesi baxımından kifayət qədər geniş imkanlar mövcuddur. Buna görə də həmin ərazilərdə rezident kimi qeydiyyatdan keçən subyektlər digər genişhəcmli güzəştlərlə əhatə olunacaq.
Bundan başqa Azərbaycan Prezidentinin imzaladığı fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan sahibkarlara kommunal xidmətlər (elektrik enerjisi, təbii qaz, su təchizatı və tullantı sularının axıdılması xidməti) üzrə ödədiyi vəsaitin 20 faizi məbləğində maliyyə yardımı ödəniləcək.
Güzəştlər bu ildən başlayaraq növbəti 10 ildə tətbiq olunacaq. Yeni güzəştlərə əsasən, əgər sahibkar ay ərzində 1000 manatlıq kommunal ödəniş edərsə, onun 200 manatı büdcə vəsaiti hesabına geri qaytarılacaq.
Yuxarıda qeyd olunan güzəştlərlə bərabər Miqrasiya Məcəlləsində də dəyişiklik nəzərdə tutulub. Azad edilən ərazilərdə çalışan sahibkarlara kvota tətbiq edilməyəcək və iş icazəsi məbləğində 50 faiz endirim ediləcək. Miqrasiya Məcəlləsinə görə, iş icazəsinin verilməsi əmək miqrasiyası kvotası çərçivəsində gerçəkləşdirilir. Təklif edilən dəyişiklik bu qaydanın işğaldan qurtarılmış ərazilərdə əmək fəaliyyətinə cəlb edilən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə tətbiq edilməməsini nəzərdə tutur. Bu dəyişikliklərin beş il müddətinə - 2023-cü ilin əvvəlindən 2028-ci il yanvarın 1-dək qüvvədə qalması təklif edilib.
Bundan başqa hökumət DSMF ödənişləri ilə bağlı güzəştləri 10 il müddətinə tətbiq etməyi düşünür. Bu ilin anvarın 1-dən 2026-cı ilin eyni dövrünədək sığortaedənin ödədiyi məcburi dövlət sosial sığorta haqqı tam şəkildə dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. 2026-cı ildən 2029-cu ilədək sığorta məbləğinin 80 faizi, 2029-2031-ci illərdə 60 faizi, həmin vaxtdan 2033-cü ilədəksə 40 faizi subsidiyalaşdırılacaq. Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir götürən sığortalananların da ödədiyi sığorta haqları 100 faiz miqdarında qarşılanacaq. Qeyd edilən subsidiya mexanizmi sayəsində işçilər 20 faiz artıq gəlir götürmək imkanı qazanacaqlar.
Əmək Məcəlləsinə edilən dəyişiklikdə isə Qarabağda işləyən mütəxəssislərlə bağlıdır. Belə ki, həmin ərazilərdə çalışan mütəxəssislər bir neçə şərtə əməl olunduğu halda Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəşt və imtiyazlardan yararlana biləcəklər. Bu güzəştlər beş il müddətində - 2023-cü il yanvarın 1-dən 2028-ci ilin eyni dövrünədək keçərli sayılacaq. Həmin güzəştlərdən yararlanan şəxslər xüsusi şəraitdə tətbiq edilən əməkhaqqı alanlar kateqoriyasına daxil ediləcək. Bu isə o deməkdir ki, işğaldan qurtarılmış ərazilərdəki mütəxəssislərin yüksək əməkhaqqın alması üçün artımlar (əmsallar) müəyyənləşdiriləcək.
Bu güzəştlərdən yararlanmaq üçün layihədə bir neçə şərt əksini tapıb. Bunlardan biri işəgötürənlərlə bağlıdır. Güzəştlərdən yayarlanacaq işçilərin çalışdığı şirkətlər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotuna götürülməlidir. Digər şərtə görə, bu güzəştlərdən yararlanacaq mütəxəssislər həmin şirkətlərdə işləməklə yanaşı, Azərbaycan Respublikasının işğaldan qurtarılan ərazilərində məskunlaşmalıdır.
Prezident İlham Əliyevin imzaladığı qanunvericilik aktları işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı dəstək mexanizmlərinin, bir sıra güzəştlərin tətbiqini nəzərdə tutur.
Onların sırasına işğaldan azad edilmiş ərazilərimizdə məskunlaşaraq işləyən mütəxəssislərə birdəfəlik müavinət ödənilməsi, aylıq vəzifə maaşlarına əlavələr hesablanması, hər il 5 gün əlavə məzuniyyət verilməsi, işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqlarının subsidiya formasında geri qaytarılması, əmək miqrasiyası sahəsində bir sıra güzəştlər daxildir.