“Tələbə Qəbulu üzrə Dövlət Komissiyası qəbul imtahanlarında qızıl və ya gümüş medal alan abituriyentlərə görə heç kimi günahlandırmır, heç kimə irad tutmur”. Bu sözləri Modern.az saytına açıqlamasında Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.
Qeyd edək ki, bu gün Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzi Məhəmməd Bayramov müəllimlərin sentyabr konfransında orta məktəb məzunlarının qəbul imtahanlarında göstərdiyi nəticələrə görə TQDK-nı ittiham etmişdi. O bildirib ki, əgər yekun attestasiya TQDK tərəfindən aparılırsa və medallar da yekun attestasiyasının yekunlarına əsasən verilirsə, o qurumun kiməsə irad tutmasının heç bir əsası yoxdur.
“Mən hesab edirəm ki, yekun attestasiya Azərbaycan dili, riyaziyyatdan aparılmamalıdır. Orada təbiət elmləri də əhatə olunmalıdır. Bu fənlər bütün ixtisas qruplarında imtahana düşür. O fənləri şagird repetitordan da öyrənir, məktəbə ehtiyac qalmır. Bəs məktəbin fəaliyyəti yekun attestasiyada necə qiymətləndirilir? Demək olar ki, qiymətləndirilmir. Demək istəmirəm ki, bizim nöqsanlarımız yoxdur. Amma yekun attestasiya hansı təşkilat tərəfindən aparılırsa məsuliyyət də onun üzərinə düşməlidir”-deyə Məhəmməd Bayramov bildirib.
Elnur Nağızadə isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir əvəzinə cavab verərək, deyib ki, TQDK qızıl və ya gümüş medalçıların qəbul imtahanlarındakı nəticələrinə dair məlumatları özü ilkin olaraq Təhsil Nazirliyinə təqim edib.
“Təbii ki, medalçıların müəyyən qismi gözləniləndən aşağı nəticə göstərmişdilər, amma yüksək nəticə göstərənlərin də sayı kifayət qədər idi. Bununla bağlı heç bir günahlandırma olmayıb və bu haqda səsləndirilənlər əsassız fikirlərdir”.
Aytən ƏLİYEVA