Prezidenti İlham Əliyev sentyabrın 10-da Bərdədə 866 məcburi köçkün ailəsi üçün yeni salınan beşmərtəbəli 15 yaşayış binasından ibarət məhəllə ilə tanış olub.
Dövlət başçısı məhəllədə tikilən 280 yerlik uşaq bağçası ilə tanış olub. Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirib ki, zəruri avadanlıqla təchiz olunan bağçada balacaların təlim-tərbiyəsi üçün bütün tələblər nəzərə alınıb.
Azərbaycan Prezidenti bağçanın binasında görülən işlərlə, ayrı-ayrı otaqlarda yaradılan şəraitlə yaxından tanış olub.
Bağça ilə tanışlıq zamanı dövlət başçısına məlumat verilib ki, binada tikinti işləri yüksək səviyyədə həyata keçirilib. Bağçada uşaqların istirahəti üçün hər cür şəraitin yaradıldığı qeyd olunub.
Sonra Prezident İlham Əliyev 540 yerlik Ağdam rayon 1 nömrəli məcburi köçkün tam orta məktəbində yaradılmış şəraitlə tanış olub.
Dövlət başçısı daha sonra Ağdam rayonundan məcburi köçkün, şəhid ailəsi Səfurə Hüseynovanın mənzilində olub.
Ailə üzvlərinin sayı beş nəfərdən ibarət olan Səfurə Hüseynovanın mənzili üçotaqlıdır. Burada ailənin yaşaması üçün hər cür şərait yaradılıb.
Prezident İlham Əliyev çay süfrəsi ətrafında ailə üzvləri ilə söhbət edib.
Ev sahibi məcburi köçkünlər üçün yaradılan bu gözəl şəraitə görə dövlət başçısına təşəkkür etdi.
Modern.az