Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da Naftalan şəhərinə səfər edib. Dövlət başçısı əvvəlcə Naftalan şəhərinin mərkəzində mərhum prezident Heydər Əliyevin abidəsi önünə gül dəstəsi qoyub.
Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Natiq Aslanov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında, eləcə də Naftalanda aparılan abadlıq-quruculuq işləri barədə məlumat verib.
Prezident İlham Əliyev daha sonra Naftalanda Heydər Əliyev Mərkəzinin açılışına qatılıb. Dövlət başçısı Mərkəzdə yaradılmış şəraitdən razılığını bildirib.
Prezident Naftalana səfəri çərçivəsində “Qarabağ” sanatoriyasında tikinti işlərinin gedişi ilə tanış olub.
Dövlət başçısının diqqətinə çatdırılıb ki, sanatoriyanın ümumi sahəsi 5 hektardır. Tikintisinə 2012-ci ildə başlanılan sanatoriyanın binası beşmərtəbəli olacaq. Burada 264 yerlik 132 nömrənin yaradılması nəzərdə tutulur. Tikintialtı sahəsi 9500 kvadratmetr olan sanatoriyada inşaat işlərinin yaxın gələcəkdə başa çatdırılması planlaşdırılır. İnşaat işləri başa çatdıqdan sonra burada həm yerli, həm də xaricdən gələn qonaqların istirahəti üçün hər cür şərait yaradılacaqdır. Bu layihənin icrası nəticəsində təbii ki, Naftalana istirahətə və müalicə olunmağa gələnlərin sayı daha da artacaqdır. Ölkəmizdə turizm infrastrukturunun yaradılmasına böyük diqqət göstərən Prezident İlham Əliyevin qayğısı nəticəsində artıq Naftalanın da nəhəng turizm mərkəzinə çevrilməsi prosesi uğurla davam etdirilir.
Azərbaycan Prezidenti tikinti işlərinin vaxtında və keyfiyyətlə aparılması ilə bağlı tapşırıqlarını verib.
Modern.az