Modern.az

907-ci düzəliş: ABŞ-ın şantaj aləti, yoxsa hərbi yardım...

907-ci düzəliş: ABŞ-ın şantaj aləti, yoxsa hərbi yardım...

Analitika

23 Noyabr 2023, 16:42

Məlum olduğu kimi, bir neçə gün əvvəl ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn Senatda keçirilən dinləmələr zamanı deyib ki, Vaşinqton Ermənistan-Azərbaycan sülh danışıqlarında inkişaf görənədək Bakıya hərbi yardımları dayandıracaq: "Biz vəziyyətlə bağlı real inkişaf görənədək (ABŞ-nin Azərbaycana birbaşa yardımlarını qadağan edən) 907-ci düzəlişdən imtinanın (müddətinin uzadılmasının) təqdim edilməsini gözləmirik”.

 

Dünən isə ABŞ Senatı Azərbaycana hərbi yardımları qadağan edən sənədi qəbul edib. Sənəd “2023-cü il Ermənistan Müdafiə Aktı” adlandırılıb. Akt “Azadlığa Dəstək Aktı”nın 907-ci düzəlişin dayandırılmsından imtinanı və Azərbaycana hərbi yardımı qadağan etməyi nəzərdə tutur. Bu vaxta qədər 907-ci düzəliş, onun ləğv edilməsinin zəruriliyi barədə çox danışılıb.

 

1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən 907-ci düzəliş Azərbaycana Amerikanın birbaşa dövlət yardımını qadağan edir. 2001-ci il 11 sentyabr hadisələrindən sonra Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə dəstəyini təmin etmək məqsədilə ABŞ Konqresi Prezidentə düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verib. O vaxtdan bəri ABŞ prezident administrasiyaları bu hüquqdan müntəzəm olaraq istifadə edirlər. Sonuncu dəfə Dövlət Departamenti 21 iyun 2022-ci ildə düzəlişi dayandırmaq barədə qərar qəbul edib.

 

Dünən dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O-Brayn bildirib ki, ABŞ Azərbaycana birbaşa yardımları qadağan edən 907-ci düzəlişi dayandırmayacaq.

 

"Biz vəziyyətlə bağlı real inkişaf görənədək (ABŞ-nin Azərbaycana birbaşa yardımlarını qadağan edən) 907-ci düzəlişdən imtinanın (müddətinin uzadılmasının) təqdim edilməsini gözləmirik”, - diplomat qeyd edib. Rəsmi Bakı ABŞ-ın bu qərarını pisləyib.

 

Qərarın Azərbaycana siyasi təsirləri necə olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov ABŞ-ın yardımlarının Azərbaycan üçün elə də böyük təsirə malik olmadığını bildirib:

 

"ABŞ-ın Azərbaycana dövlət yardımını qadağan edən Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi dayandırdığı 22 il ərzində bütövlükdə edilən yardımların cəmi 150 milyon dollar civarındadır. Bu da hər il üçün maksimum 7-8 milyonluq yardım deməkdir. 35 milyardlıq büdcəsi olan dövlətin iqtisadi potensialı fonunda bu rəqəmin hansısa önəmli təsiri barədə danışmaq, təbii ki, absurddur. Müqayisə üçün qeyd edim ki, 2020-ci ilin may ayından ƏDV-nin bir hissəsinin geri qaytarılmasını nəzərdə tutan mexanizmin tətbiqi nəticəsində, ötən 3 il ərzində əhaliyə 500 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb. Yalnız 2023-cü ilin iki ayı, yanvar-fevral ayları ərzində isə əhaliyə 25 milyon manat, dollar ekvivalenti ilə desək, təqribən 15 milyon dollar ƏDV məbləği qaytarılıb ki, bu da ABŞ-nin mümkün illik yardımının iki misli deməkdir. Yəni ABŞ-ın 907-ci düzəlişlə bağlı manipulyasiyalarının Azərbaycana heç bir iqtisadi təsirindən söhbət gedə bilməz".

B.Məhərrəmov ABŞ-ın qərarının Azərbaycana siyasi təsirlərindən də danışıb:

 

"Əgər Amerika hökuməti bu tip yaramaz ritorika ilə Cənubi Qafqazda öz "maraqlarını" müdafiə etdiyini düşünürsə, ciddi şəkildə yanılır. Çünki Azərbaycan kiməsə möhtac, kiminsə yardımlarından asılı beynəlxalq subyekt deyil, Azərbaycan müstəqil hərbi-siyasi və suveren iqtisadi gücdür. Əksinə regionda maraqlarını təmin etmək üçün, region ölkələri ilə əlaqələrini stabil və təhlükəsiz formada reallaşdırmaq üçün bu bölgədə ABŞ Azərbaycana möhtacdır. Yəni, bu spekuliyasiyaların təsiri Bakıda hiss edilməyəcək, lakin əksinə, Vaşinqton özünün Cənubi Qafqazdakı maraqlarına zərbə vurmuş oldu".

 

Politoloq Turab Rzayev ABŞ-la Azərbaycan arasında münasibətlərin əvvəldən heç də yaxşı başlamadığını söyləyib:

 

"Ümumiyyətlə, 90-cı illərin əvvəllərində Azərbaycan-ABŞ münasibətləri çox da yaxşı başlamamışdı.Çünki ABŞ-da çox güclü erməni lobbisi var. Lobbinin Senata təsiri nəticəsində Azərbaycan əleyhinə 907-ci düzəliş qəbul olunmuşdu. ABŞ tərəfindən Azərbaycana yardımlar göstərilə bilmirdi. Ancaq Ermənistana və Qarabağdakı separatçı rejimə çox böyük yardım kampaniyaları olurdu. Bu da Azərbaycan-ABŞ münasibətlərini çox neqativ hala salmışdı. BP ilə əsrin müqaviləsi kontraktı bağlandıqdan sonra Azərbaycan və ABŞ münasibətləri normallaşmağa başladı. 2000-ci illərdə isə münasibətlər növbəti mərhələyə keçdi. Çünki Azərbaycan yalnız Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində yox, eyni zamanda Əfqanıstanda silah daşınmasında tranzit ölkə kimi iştirak edirdi. Əfqanıstan və İraqdakı sülhməramlı kontingentin tərkibində Azərbaycan da vardı. Davamlı olaraq, hər il 907-ci düzəliş bir il müddətinə dondurulurdu. 907-ci düzəliş faktiki olaraq öz qüvvəsini, demək olar ki, itirmişdi. Ümumiyyətlə, prezident Donald Trampın dövründə Qarabağa ayrılan yardım sıfıra endirilmişdi. Azərbaycana isə 200 milyon dollar həcmində hərbi yardım ayrımışdı".

T.Rzayev vurğulayıb ki, 907-ci düzəlişin bərpa olunması Qərb-Azərbaycan münasibətlərinin soyumasına səbəb olacaq:

 

"Yenidən Azərbaycan əleyhinə olan 907-ci düzəlişin dondurulmaması iki ölkə arasındakı münasibətləri daha da çətinləşdirəcək. Bundan qabaq da Azərbaycanın erməniləri blokadada saxlaması ilə bağlı verilən bəyanatlar, eləcə də ölkəmizə qarşı digər ittihamlar Qərblə olan münasibətlərimizi gərginləşdirəcək. Uzun müddət Azərbaycanla Qərb arasındakı münasibətlər soyuq şəkildə qalacaq".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan 24 saatlıq əməliyyat: 880 rus əsgəri məhv edildi