Modern.az

Onlayn alış-veriş: Nələrə diqqət etməliyik ki, aldanmayaq...

Onlayn alış-veriş: Nələrə diqqət etməliyik ki, aldanmayaq...

23 Noyabr 2023, 17:24

Son zamanlar onlayn alış-verişin geniş şəkildə yayıldığının şahidi oluruq. İstər geyim, istərsə də digər sektorlarda mağazaya getmədən bank kartları ilə istədikləri məhsulu ala bilmək çoxları üçün böyük bir fürsətdir. İstehlakçılar müxtəlif səbəblərdən onlayn alış-veriş edirlər. Belə ki, onlayn alış-veriş rahatdır, asan ödəniş etmək, vaxta qənaət etmək, qiymət müqayisəsi aparaq, endirim və kampaniyalardan yararlanmaq baxımından bir çox üstünlüklərə malikdir.

 

Amma qeyd etməliyik ki, onlayn ticarət zamanı məhsulun səhv göndərilməsi, geri qaytarılmasının çətin olması, ödəniş zamanı oğurluq ehtimalı kimi problemlər yaranır. Buna görə, bəzi insanların onlayn alış-verişə münasibəti birmənalı deyil.

 

Marketoloq Nicat Manafov Modern.az-a açıqlamasında deyir ki, alış-veriş edənlər ilk olaraq məhsulun qiymətinə baxmalıdırlar:

 

"Bəzi məhsullar fiziki mağazalarda daha uyğun qiymətə olur. Bəzən də onlayn mağazalarda daha uyğun qiymətə olur. Bir çox alıcılar düşünür ki, onlayn alış-veriş daha ucuzdur. Əslində belə bir şey yoxdur. Sadəcə onlayn alış-verişin üstünlüyü ondan ibarətdir ki, sizin vaxtınıza qənaət edir, bir də istədiyiniz məhsulu asanlıqla tapa bilirsiniz. Bunun da pul qarşılığında dəyərini fikirləşsək, onlayn mağazaların fiziki mağazalardan üstünlüyü çoxdur. Amma bu o demək deyil ki, fiziki mağazalardan olan alış-veriş onlayndan bahadır. Bir çox hallarda görürük ki, fiziki mağazalarda endirim olduqda çoxları ondan xəbər tuta bilmir, onların internetə çıxışları olmur, ya da oradakı endirimlərdən heç kimin xəbəri olmur. Ona görə də  bu halların hamısını nəzərə alıb istehlakçılar araşdırma edib ən uyğun qiymət və keyfiyyət  hardadırsa, oradan alış-veriş etməlidir".

 

Bir çox mağazalarda olduğu kimi bəzi internet ticarət platformalarında da böyük kampaniyalar, şok endirimlər görürük. İddia edilir ki, bu qiymətlər əvvəlcədən müəyyən qədər artırılır, daha sonra isə əsasən “Black Friday” ("Qara cümə") kimi kütləvi endirim kampaniyaları yaxınlaşan günlərdə endirilir.

 

Doğrudanmı bu kampaniyaların böyük bir qismi sünidir? Bəs bu endirimlər nələrə hesablanıb?


Nicat Manafovun sözlərinə görə, "şok endirim" adı altında əvvəlki qiymətindən daha yüksək məbləğdə məhsullar satılır, yalançı endirimlər olur.

 

"Bunu edənlər "marketinq" adlandırırlar, əslində isə bu, müştəriləri aldatmaqdır. Onlayn saytların qiymət dəyişikliyi qrafikini izləyən saytlar var. Onlar məhsulun qiymətini izləyirlər. Məsələn bilirlər ki, məhsulun qiyməti bir gün əvvəl neçə olub. İstehlakçılar məhsulu almamışdan əvvəl mütləq qiymət qarşılaşdırma saytlarına baxsınlar. Onlar göstərirlər ən ucuz qiymət hardadır və məhsulun qiyməti daha öncə neçə olub",

 

Onlayn alış-verişdə tənqid edilən digər xüsusiyyət istehlakçılara çatdırılan məhsulun rəngində, ölçüsündə, hansısa xüsusiyyətində yaranan problemlərin olmasıdır. 

 

Marketinq mütəxəssisi Bəylər Əlizadənin sözlərinə görə, alınan məhsulun rənginin, ölçüsünün səhv göndərilməsi çox az ehtimaldır, 1%-in altında baş verən hadisədir. Bu zaman müxtəlif yollar var, məsələn satıcılar kompensasiya edirlər və ya dəyişiklik edirlər.

 

O, endirimlərin bəzən həqiqət, bəzən isə rəqibdən geri qalmamağa hesablandığını vurğulayıb. Mütəxəssisin sözlərinə görə, bir çox mağazalar kampaniya adı ilə ya əvvəlki, ya da əvvəlkindən də artıq qiymətlə məhsulu satışa qoyur: “Bəzi mağazalar satılmayan məhsulları satmaq üçün həqiqiətən də endirim edirlər, bəziləri isə rəqiblərindən geri qalmamaq üçün dünənə qədər 50 manata satdığı məhsulun qiymətini bugün 60 manata qaldırıb sonra yenidən 50 manata endirimə qoyur"

 

Bəylər Əlizadə deyir ki, ümumilikdə ötən ilə nisbətən onlayn alış-veriş də artım var: "Bu ənənəvi qaydada alış-verişin azalması demək deyil. Onlayn ticarət öz miqyasında artır".

 

Aysel Məmmədli
 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi