Modern.az

Azərbaycanda seçkilər: Partiyalar namizədlərini müəyyənləşdirib?

Azərbaycanda seçkilər: Partiyalar namizədlərini müəyyənləşdirib?

27 Noyabr 2023, 15:28

Azərbaycanda gələn il parlament seçkilərinin keçirilməsi gözlənilir. Altıncı çağırış parlamentin səlahiyyət müddəti parlamentin həmin ilin mart ayının 10-da baş tutan ilk iclasında başlayıb. Beləliklə, bu çağırışın səlahiyyət müddətinin beşinci ili 2024-cü ilin mart ayında başlayacaq. Belə olan halda parlamentə növbəti seçkilər 2024-cü ilin noyabr ayında keçirilməlidir.

 

Hələlik bununla bağlı rəsmi açıqlama olmasa da, qanunvericilik seçkilərin keçirilməsini tələb edir. 

 

Qeyd edək ki, növbəti seçkilərdən sonra partiyalara dövlət tərəfindən maliyyə yardımı verilməsi qaydası dəyişəcək. Belə ki, siyasi partiyalar haqqında qanuna görə, parlamentdə təmsil olunmayan partiyalar da dövlətdən yardım ala biləcək. Bunun üçün onlar seçkidə iştirak etməli və səslər qazanmalıdır. Əvvəlki qanunda dövlətdən yardım almaq üçün səslərin ən azı 3 faizini qazanmaq lazım idisə, artıq bu tələb ləğv edilib.

 

Bu qayda partiyaların seçkilərdə iştirakını təşviq etmək üçün qəbul edilib. Modern.az məsələ ilə bağlı bir sıra partiyaların seçkidə iştirak edib-etməyəcəyi ilə maraqlanıb.

 

Ümid Partiyasının sədri İqbal Ağazədə saytımıza açıqlamasında hələlik qəti qərarlarının olmadığını bildirib:

 

"2024-cü ilin noyabr ayının birinci bazar günündə ölkədə parlament seçkilərinin keçirilməsi ilə bağlı konstitusiya norması var. İstənilən halda bu seçkilər keçiriləcək. Hələlik referendum keçirilməsi ilə bağlı söz-söhbətlər olduğuna görə biz seçkilərin əvvəlki qaydada olduğu kimi majoritar, yoxsa referendumdan sonra proporsional olacağını bilmirik. Ona görə hələlik bu istiqamətdə qəti qərarımız yoxdur. Amma istənilən halda biz parlament seçkilərinə hazırlaşırıq. Seçkilər barədə qərar veriləndə partiyanın buna tam hazır olmasına çalışırıq".

İ.Ağazadə hazırda majoritar qaydada seçkiyə hazırlaşdıqlarını deyib:

 

"Referandumla bağlı uzun müddətli müzakirələr olsa da, ictimai rəydə bununla bağlı informasiyalar dolaşsa da, hələlik qəti qərar olmadığını görürük. Dairələrin müəyyən olunması və başqa prosesləri həyata keçiririk. Namizəd verəcəyimiz dairələrdə partiya təşkilatlanmalarını sürətləndiririk. Proporsional seçki sistemi bərpa olunsa da, bizə lazım olacaq. Hələlik hazırıq demək çətindir, lakin işlər gedir".

 

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə namizədlərini hələlik tam müəyyənləşdirmədiklərini deyib:

 

"Siyasi partiyalar haqqında yeni qanun partiyaları seçkilərdə iştiraka sövq edir. Seçkilərdə iştirak siyasi həyatda uğura aparan maliyyələşmə məsələsinin də həll edilməsi deməkdir. Ona görə də Ədalət Partiyası seçki prosesindən kənarda qalmaq istəmir. Biz bundan əvvəl də  butün parlament seçkilərində iştirak etmişik. Növbəti seçkilərdə də iştirak etmək niyyətindəyik. Ümid edirik ki, bu dəfəki seçkilərdə saxtalaşdırmalara yol verilməyəcək. Hələ namizədlərimizi tam müəyyən etməmişik. Bunun üçün partiyanın qərarı lazımdır. Amma daxildə bununla bağlı müzakirələr aparılır, rayon təşkilatına müvafiq tövsiyyələr verilir".

M.Rəhimli deyib ki, seçkilərə hazırlığın səviyyəsini indi ölçmək çox çətindir:

 

"Çünki bu bir çox parametrlərə bağlıdir. Ancaq bununla belə seçki dairələri üzrə tanınmış və seçicilərin etibar etdiyi, indiki deputatlardan yaxşı mənada fərqlənən namizədlər çıxarmaq əzmindəyik".

Respublikaçı Alternativ Partiyasının icraçı katib Natiq Cəfərli seçkilərə hazırlıq işlərinə çoxdan başladıqlarını vurğulayıb:

 

“REAL partiyası insanları seçkilərdə aktiv iştirakçılığa təşviq edən bir partiyadır. Təbii ki, REAL partiyasının məqsədi çox sayda namizədlə seçkilərdə yüksək səviyyədə iştirak etməkdir. Lakin gələn il parlament seçkilərinin necə olacağı məlum deyil. Proporsional seçkilərlə bağlı kifayət qədər ciddi müzakirələr var. REAL partiyası hər iki varianta çoxdan hazırlanmağa başlayıb. Proporsional sistem olacaqsa, bizdə seçki siyahısı olacaq. Majoritar olsa da, bizim ciddi təcrübəmiz var. İndiyə qədər partiyamızdan 50 nəfər müxtəlif dairələrdən seçkilərdə iştirak edib. Əgər proporsional yox, majoritar olarsa, hər bir şəxsin iştirak etdikləri dairələdə daha çox tanındığını nəzərə alacağıq. Həmin şəxlərin o dairələrdən yenidən namizəd göstərilməsi şansı daha çoxdur. Yəni strateji, taktiki addımlarımızı bu istiqamətdə qurmuşuq”.

Ağ Partiyasının sədri Tural Abbaslı namizədlərlə bağlı anket doldurulduğunu söyləyib:

 

“Partiyaların məqsədi seçkilərdə iştirakdı. Ona görə də partiyaların strukturu seçkilərə uyğun hazırlanır. Seçki olsa da, olmasa da partiyanın rayon təşkilatlarını, mərkəzi aparatını  təbliğat mexanizmlərini  seçkilərin baş tutması fonunda təşkilatlandırırıq. 2024-cü ildə seçki olacaq. Partiyada namizədlərimizin müəyyənləşdirilməsi üçün qapalı formada sorğu kimi keçirilir. Anket doldurmaları başlayıb. Kim hansı dairədən namizəd olmaq istəyirsə, burada qeyd edir. Məlumatlar mərkəzləşdirilmiş formada bizə gəlir. Seçkiyə qədər o namizədlər arasında partiyanın idarə heyəti seçim edəcək. Seçkinin dəqiq gününün bilinməməsi müəyyən çətinliklər yaradır. Çünki elə işlər var ki, dəqiq günlərlə hesablanır”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama