Modern.az

Elnarə Abdullayeva niyə qalib olmadı?! - FOTOLAR+VIDEO

Elnarə Abdullayeva niyə qalib olmadı?! - FOTOLAR+VIDEO

Reportaj

12 Sentyabr 2013, 15:43

Azərbaycan Televiziya və Radio Verilişləri
QSC-nin  Özbəkistan və  Mərkəzi Asiya
Respublikaları üzrə  müxbir postunun rəhbəri

Mavi günbəzli Səmərqənd şəhəri, Şərq təranələri festivalı və bir də Elnarə Abdullayevanın elə Səmərqəndin tarixi qədər sirli səsinin möcüzəsi


Mavi günbəzli Səmərqənd və başı dumanlı Şuşa

Mavi günbəzli şəhər. Şərqin incisi. 7 dünya hökmdari Fateh Teymurun paytaxt etdiyi Səmərqənd. Taleyinə gözəlliklər yazılıb bü şəhərin. Şəhərlər də insanlar kimidir, bəxtlisi, bəxtsizi olur. Əmir Teymur Səmərqəndə etdiyi yürüşlərdən həmişə qələbə ilə qayıtdı. Hər qələbəsindən sonra burada yeni bir bağ saldırdı, yeni bir tarixi bina tikdirdi. Nədənsə bu sətirləri yazanda bizim başı dumanlı Şuşa düşdü yadıma. Onun taleyi Səmərqəndinki kimi ola bilərdi, ancaq olmadı. Həmişə qorunan, qələbələrə qoyun açan Şuşamızı biz qoruya bilmədik.

Bu mavi günbəzli şəhərin günbəzləri günəşin zərrin şəfəqləri altında asimanla mavi bir vəhdət təşkil edir. Tarixi mənbələrdə yazılır ki, Əmir Teymur bu şəhəri paytaxt etməzdən qabaq  gecədən kəsilmiş bir qoyunu asdırıb ki, şəhərin havasını yoxlasın. Bir gecə ərzində qoyunun əti iylənmədiyindən, şəhəri mərkəz seçib. Səmərqənd həm də Tyan-şan dağlarının qoynuna sığınıb. Bu şəhərin yazı da, qışı, da payızı da, gözəldir. Qışında qarlı Tyan-şan dağından gələn təmiz qış havası, yazında dağların lalələri, bənövşələri, şəhərin içərisindəki minillik yaşıllıqlar, payızında  sarılı qırmızı yarpaqların xəzan  peyzajı...
Elə buna görədir ki, dünya rəssamlarının əksəriyyətinin yaradıcılığında bir Səmərqənd fraqmenti olmamış deyil. Yerli hakimiyyət orqanlarının dediyinə görə, hər il bu şəhəri görməyə dünyadan 300 min turist gəlir. UNESKO  təkcə  Səmərqənddəki 126 tarixi abidəni  maddi  irs siyahısına salaraq qoruyur.

Tarixə şahid  Səmərqənd      


Səmərqənd şəhərinin intibah dövrü Əmir Teymurun və onun ardıcılları olan Teymurilərin  hakimiyyəti illərinə (1370-1499) təsadüf edir. Hələ bu günə qədər də  bu tarixin canlı sirdaşı və yoldaşı olan şəhərdə qorunub saxlanılan möhtəşəm abidələr də o illərin yadigarıdır.  Əmir Teymur zəbt etdiyi  ölkələrdən gətirdiyi ustalar, rəssamlar, alimlər  Səmərqəndin  yenidən qurulmasında, paytaxt olmasında yaxından iştirak etdilər. 1399-1404-cü illər ərzində Sahibgiran Teymur mədrəsələr, məscidlər tikdirdi. Çingiz xanın Məvarənnəhr dövlətini alt-üst edib, tarixi Soqdiyana dövlətini yaratdı. Onun  sülaləsindən olan nəvəsi Mirzə Uluqbəy  Səmərqəndi elm və bilik mərkəzi elədi. Şərq dünyasında ilk dəfə  rəsədxananı da o tikdirdi. 2 min ildən artıq yaşı olan  bu  sehrli şəhər Cin və Avropa arasında yaranan Böyük İpək yolunun əsas qapısı oldu.

Ən əvvəl onu deyim ki, ötən illərlə (yəni son 10 ili nəzərdə tuturam) müqayisədə Şəmərqənd şəhəri sözün əsl mənasında yeni intibah dövrünü yaşayır. Şəhərin ən görkəmli yerində ölkə başçısı İslam Kərimovun “Abadlıq könüldən başlamalıdır” sözləri  yazılıb. Burada konüllərin nə qədər azad olduğuna əmin olmasam da, ancaq şəhər və kəndlər, yollar və məhəllələr həqiqətən də abaddır. Bu şəhərin insanları da Şərq qonaqpərvərliyini, tarixə, böyük-kiçiyə hörmət  ənənələrini qoruyub saxlayıblar. Su içmək üçün döydüyün qapıdan belə, səni geniş dəstərxana qonaq edərlər. Hər zaman qonağa gülümsəyib, əlini sinəsinə qoyaraq, baş əyərək ehtiram edərlər. Şəhərin qədim tarixinə xələl gətirməmək üçün, çoxmərtəbəli binalar tikilmir. Bu Şərqin incisi sayılan qədim Səmərqəndə bir ekskurs idi.   Keçək indi başqa bir məqama.              

Məqamımız muğam məqamıdır

1997-ci ildə Özbəkistan prezidenti İslam Kərimovun təşəbbüsü, UNESKO-nun maddi dəstəyi ilə  Səmərqənd  “Şərq təranələri” adlı  maraqlı bir beynəlxalq festivala ev sahibliyi etdi. Bu maraqlı festivalda ilk gündən Azərbaycan qonşu və dost dövlət olaraq, muğam, Şərq ənənələrinə malik bir diyar kimi iştirak edir. Festivalın başladığı ilk ildə elə birinci ən yüksək mükafatı Qran PRİ-ni bizim Simarə İmanova aldı.  2001-ci ildə Alim Qasımov 1-ci yerin sahibi oldu. 2003-cü il də Azərbaycan musiqiçiləri üçün uğurlu oldu. Zabit Nəbizadə ikinci yerin mükafatçısı idi. 2005-ci ildə Aygün Bəylər 1-ci yerə layiq görüldü. Arzu Əliyeva UNSESKO-nun xüsusi mükafatına layiq görüldü. 2009-cu ildə Qoçaq Əsgərov 1-ci yerin sahibi oldu.  2011-ci ildə Nəzakət Teymurova UNESKO-nun  xüsusi mükafatını aldı. Əslində, burda təəccüblü heç nə yoxdur. Azərbaycan muğamı həmişə, hər zaman dünyanı fəth edir. Musiqinin irqi yoxdur, xüsusi dili yoxdur ki, musiqi ruhun laylasıdır. Onu başa düşən, duyan hər kəs anlaya bilir.

Bu ilki Şərq təranələri festivalına isə Vətənimizin ilahi səsli müğənnisi Elnarə Abdullayeva dəvət almışdı. Festival 5 gün davam etdi. Budəfəki festivalda 52 dövlətin musiqiçiləri, və mədəniyyət və incəsənət xadimləri iştirak edirdilər. Azərbaycanı isə Azərbaycan-Özbəkistan Dostluq qrupunun üzvü Etibar Hüseynov, Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyət siyasəti şöbəsinin aparıcı məsləhətçisi Rəşad Əliyev, Azərbaycan Bəstəkarlar İttifaqının katibi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Lalə Hüseynova, Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə  təmsil edirdilər.  

Ənənəvi olaraq “Şərq təranələri” Beynəlxalq musiqi festivalı Sahibgiran Teymurun  nəslindən, nəvələrindən yadigar qalan möhtəşəm Registan meydanında keçirildi. Bu festivala möhtəşəmlik, ahənglik qatan, onu daha da təmtəraqlı edən, bəlkə də  tarixə yoldaşlıq edən, hər santimetrində sirlər, qərinələr yatan bu qocaman REGİSTAN meydanıdır. Ruhunda ilahi eşq olan insanlar burada o tarixə qovuşur, o tarixi görür, hiss edir. Və bunun təmasında ilhai səs, avaz yaranır. Festivalın birinci günü  12 ölkə arasında sonuncu çıxış edən Elnarə Abdullayeva və onun “Şirvan” qrupu oldu. 


Azərbaycandan əvvəl çıxış edənlər də gözəl peşəkarlıq göstərdilər. Bir məsələ var ki,  bu festivalda iştirak edən ölkələr hər zaman öz peşəkarlarını, usta sənətkarlarını göndərirlər.  Bizim Elnarə Abdullayeva “Çahargah dəsgahı” oxudu. Təqribən ifaçılara verilən 20 dəqiqənin 18 dəqiqəsini oxudu. Allahım, o nə səs, nə nalə idi?! O necə peşəkarlıq idi?! Onu dinlədikcə, həm vuqar hissi keçirir, həm də canımdan ruhum ayrılırdı. Elnarənin isə bu dünyadan xəbəri yox idi.  Həmişəki kimi, ruhu göylərdə pərvaz edirdi... Elə bil ki, əsl məkanını tapmışdı. Bu qədim ruhların dolaşdığı Müqəddəs Registan meydanında, övliya və əmbiyaların məzarlıqları, məqbərələri yaxınlığında  bu şirvanlı balası dünyanın 52 ölkəsindən gələn musiqi bilicilərini ram etmişdi...  14-16-cı əsrə şahidlik etmiş daşlar, bu gün də Elnarənin  sərgərdan ruhuna qucaq açmışdılar. Elnarə mat qoymuşdu... həm daşları, həm insanları, göydə ulduzları belə...  Elə bilməyin ki, bizim olduğuna görə belə yazıram... Bir azca səbirli olun..., fikirlərimin təsdiqinə şahidlər çəkəcəm...

Elnarə  Abdullayeva dəsgahını bitirdi.  O, öz qrupu ilə sözün əsl mənasında dəsgah nümayiş elətdirdi. Onu müşayiət edən Ələsgər Məmmədov tarda, Xəyyam Məmmədov kamançada, Adil Müslüm balabanda, Ramin Abdullayev zərbdə öz məharətlərini, gözəl ifalarını göstərə bildilər.

CEM SEYŞN  və  musiqi sintezli gecələr



Festivala gələn musiqiçilərin qaldıqları  oteldə, gecədən səhərə qədər CEM SEYŞN deyilən musiqi deyişməsinin keçirilməsi  bir adət halını almışdı. Belə musiqi mübadiləsi və deyişmələri zamanı  musiqiçilər bir-birini sintez edirlər, lakin hər musiqiçi də dilini, musiqisini bilmədiyi  xalqın  musiqisi ilə oxuya bilmir, həmin aləmə trans ola bilmir. Elnarə Burkino Fasodan olan  “Lanaya” ansamblının musiqiçiləri və solisti Mama Sanou ilə başladığı ilk sintez oxumaları ilə, otelin həyətində olan hər kəsin diqqətini cəlb etdi. Fotokameralar və videokameralar dayanmadan bu iki oxuyanın maraqlı ifasını çəkirdilər. Festivalın qiymətləndirmə şurası, jüri  üzvləri isə heyranlıqla bu ifanı dinləyirdilər. Bundan bir gün əvvəl isə Elnarə Abdullayeva  CEM SEYŞN zamanı bir “Sarı gəlin” oxudu. 1 saata qədər dinləyicilər onu dinləməkdən yorulmadılar. Ən sonda isə Özbəkistanın məşhur gənc bir xanəndəsi ondan “Qarabağ şikəstəsi”ni oxumasını istədi.

... Biz Elnarə Abdullayevanın da bu musiqi festivalında yüksək yerlərdən birini tutacağına əmin idik. Təkcə biz yox... Çünki hətta jüri üzvləri də ona yaxınlaşıb, müxtəlif iş təklifləri edir, ünvanını alır, heyranlığını bildirirdilər. Amerikanın məşhur musiqiçisi Todd Tonqdi Elnarə oxuyarkən tanrısına qovuşduğunu dedi və həmin gecə hətta Elnarəyə şeir həsr etdiyini də bildirdi. Heyranlığı isə təkcə bununla bitmədi, Elnarəni Tailanda dəvət edəcəyini, onunla bağlı xüsusi layihə hazırlayacağını da bildirdi.  Əfqanıstandan olan jüri üzvü Mehmet Sabir Kargər  Azərbaycan musiqisi ilə 35 il bundan əvvəl maraqlanmağa başladığını bildirdi və qeyd etdi ki “Azərbaycan musiqisinin, muğamının çox ulduzları var, ancaq Elnarə Abdullayevanın işığı, ruhu bir başqadır”. O bu festivalda möcüzə göstərməyi bacardı.
Tayvandan olan jüri üzvu  Kerolayn L.M.Kuyo, misirli jüri üzvü Maqdi Talat , Macar Şandor Sabo və başqaları, hətta  adi dinləyicilər də Elnarə Abdullayevanın ifasına heyranlıqlarından, onun sehrindən danışırdılar. 


Bayaq yazımın bir yerində qeyd etdim ki, Elnarə Abdullayeva əsasən xarici musiqiçilərin müşayiəti ilə ÇEM SEYŞN dialoqlarında oxuyurdu. Əfsuslar olsun ki, Azərbaycandan özü ilə gətirdiyi “Şirvan” musiqi qrupu istirahət etməklə məşğul idi. Təkcə festivalın rəsmi  tədbirlərində öz işlərini bitmiş hesab etmişdilər. Bizim və Elnarə Abdullayevanın bir neçə dəfə etdiyi təkidlərinə baxmayaraq, CEM SEYŞNLərə qatılmadılar. Hərdən balabançı Adil Müslüm, qohumu Elnarəni tək qoymurdu. Tək əldən isə səs çıxmayacaqdı. Əlbəttə bu halı jüru üzvləri də sezməmiş deyildilər. Elnarə Abdullayeva isə Səmərqənddə olduğu  6 gün ərzində, hətta səs telləri allergiyadan səpsə belə, bir saat dincəlmədi. İndoneziyalı, misirli, omanlı, özbəkistanlı musiqiçilərlə sintez mahnılar oxuyub, öz məharətini göstərdi. Məndə və burada iştirak edən, musiqini başa düşən hər bir kəsdə belə bir fikir oyandı ki, Elnarə bütün dillərdə, bütün musiqilərdə oxuya bilir, bütün ladlara yatırtırdı səsini. O, bu sintezlərdə möcüzələr yaradırdı.  Əslində bütün nümayəndə heyətimiz Elnarənin qələbə qazanmağını gözləyirdik. Qaliblər elan olunanda isə... matımız-qutumuz qurudu.  Azərbaycanın adını çəkmədilər. Yerləri daha çox  uzaq Asiya ölkələri və avropalı musiqiçilərə verdilər. Çox  pərişanlıq var idi, bizim nümayəndə heyətində... Elnarə isə... bizdən daha çox pərişan idi...



... Bizə  heyranlıq yağdıran jüri üzvlərinin dedikləri, fikirləri hara, bu vəziyyət hara... ?!  Sonra öyrəndik ki, belə lazım idi. Qərb festivala maraq göstərdiyindən, bu dəfə Qərbə “hörmət” etmək lazım idi.  Pərt olan təkcə biz deyildik, Tacikistan, Qazaxıstan, Çexiya, elə Özbəkistanın özü də  bir çox  daha layiqliləri... şok keçirdilər.  “Şərq təranələri”nin bu festivalı o biri festivallara bənzəmədi. Bu arada jüri üzvü olan, özbəkistanlı məşhur skripka ifaçısı Abdulhaşim İsmayılovla olan bir dialoqumuzu xatırladım. Həmin dialoq zamanı mən qeyd etmişdim ki,  Şərq festivalında Qərb musiqisinin iştirakı  ancaq qonaq kimi qəbul edilən olardı. Bu festivalın gözəl ənənələri var, gərək Qərb iştirak etməyə ki, Şərq öz musiqi koloritini qoruyub saxlaya bilə. Abdulhaşim bəy əlini əlimə vurub “siz mənim fikirləşdiyimi deyirsiniz, çox sağ olun” dedi.

...Qatar getmişdi... Lazımi sayılan, tapşırılan və tələb edilən qaydada qiymətlər verilmişdi. Elnarə Abdullayeva isə indi səsinin hayında idi. Keçirdiyi allergiya və soyuqdəymə nəticəsində səsində  problem yaranacağından qorxurdu. Kəskin allergik  anlar yaşayan bu halın nə olduğunu bilirlər.  31 avqustda Daşkəndə qayıtdıq. Daşkənddə isə Elnarə Abdullayevanı Azərbaycanlıların Heydər Əliyev adına Milli Mədəni Mərkəzində həmyerlilərimiz gözləyirdilər. Mərkəzin direktoru   Samir Abbasov  bu görüşün baş tutması üçün çox əziyyət çəkmişdi. Mənə zəng vurub Elnarənin  konsertdə oxuyub-oxumayacağını soruşdu. Dedim ki, qızımızın allergiyası onu çox yorub... belə halda necə oxuya bilər?!

...Günorta  saat  4-də  qatardan düşdük. Axşam saat 7-də isə Mədəniyyət Mərkəzindəki  bayram tədbirini çəkməyə gedərkən Elnarə Abdullayevanın azərbaycanlı həmyerlilərimizin qarşısında  oynayıb oxuduğunu gördüm... Bərli-bəzəkli, cilvəli... hamının könlü şad idi. Heç kim bilmirdi ki, 2 saat bundan əvvəl  Elnarə xanım necə xəstə idi. Elnarəni bu konsertdə Mərkəzin musiqiçiləri müşayiət edirdilər. “Şirvan” qrupunun üzvləri isə bu dəfə istirahət edirdilər. Onlar bu tədbirdə iştirak üçün  pul istəmişdilər...  Elnarə isə el qızı, Vətən qızı olduğunu sübut etdi. Elnarə hər kəsə  pulu Vətəndən, xalqdan, şərəfindən uca tutanlara mesaj verdi ki, elə şeylər var ki, puldan ucadır, elə şeylər var ki, pulla alınmaz.


Görüşümüzün son akkordu isə Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev tərəfindən oldu. O, Bakıdan gələn nümayəndə heyətini qəbul edib, özünün qayğısını göstərdi. Arzu və istəklərini bildirdi.






Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI