Modern.az

Ermənistan Cənubi Qafqazı geosiyasi maraqlarının poliqonuna çevirmək istəyir - Deputat

Ermənistan Cənubi Qafqazı geosiyasi maraqlarının poliqonuna çevirmək istəyir - Deputat

3 Dekabr 2023, 15:42

Azərbaycanı “təcavüz”də, “etnik təmizləmə”də, “qeyri-konstruktivlik”də ittiham etmək, yalnız həqiqətlə yalanın, reallığla mifi və əfsanələrin sərhədlərini qarışıq salan bir ölkənin diplomatının ağlına gələ bilər.

 

Bu sözləri Modern.az saytına açıqlamasında Ermənistanın Xarici işlər naziri Ararat Mirzoyanın ölkəmizin ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirən millət vəkili Azər Kərimli bildirib.

 

Millət vəkili qeyd edib ki, Ermənistanın son zamanlar öz ənənəvi ritorikasını məqsədyönlü şəkildə daha da sərtləşdirilməsi, Cənubi Qafqazı geosiyasi maraqlarının poliqonuna çevirmək istəyən regiondankənar qüvvələrin sifarişi ilə həyata keçirilir: “Ermənistan, mövcud olduğu gündən özünü bölgədənkənar qüvvələrin forpostu kimi aparır və regionda xarici maraqların təmsilçisi kimi çıxış edir. Ararat Mirzoyanın ittihamları da bölgəyə nüfuz etməyə çalışan xarici qüvvələrin “mətbəxində” hazırlanmış və davamlı şəkildə beynəlxalq ictimai rəyə ötürülən geosiyasi “fast-food” elementləridir. Ermənistan rəsmiləri unudurlar ki, təmsil etdikləri ölkə Cənubi Qafqazın bir parçasıdır və heç bir bölgə dövləti üçüncü qüvvələrin regiona müdaxiləsinə imkan verməyəcək”.  

 

Azər Kərimli qeyd edib ki, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesinə, sadəcə iki ölkə arasındakı problemlərin aradan qaldırılması kontekstindən yanaşmaq doğru olmazdı: “Cənibi Qafqaz Avropa, Cənub-Qərbi Asiya ilə Mərkəzi Asiya arasında yerləşən və qlobal geostrateji əhəmiyyətə malik bir bölgədir. Bölgənin təhlükəsizliyi və gələcəkdə yenidən münaqişə ocağına çevrilməməsi regionun bütün dövlətləri üçün mühüm əhəmiyyət kəsb edir. Ermənistanın qeyri-konstruktiv davranışları, bölgədənkənar qüvvələrin maraqlarının ifadəçisi kimi çıxış etməsi isə regionun gələcəyi ilə bağlı bütün tərəflərin maraqlarını təmin edə biləcək planların qurulmasına və reallaşdırılması istiqamətində konkret addımların atılmasına imkan vermir”. 

 

Millət vəkili açıqlamasında Türkiyənin Ermənsitanla sərhədindəki Əlican sərhəd-keçid məntəqəsini istismara hazır vəziyyətə gətirilməsinə də münasibət bildirib. Azər Kərimli qeyd edib ki, bu addımı Türkiyə tərəfindən verilən pozitiv siqnal kimi qəbul etmək lazımdır: “Ankaranın bundan sonra ata biləcəyi addımlar isə bilavasitə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması ilə bağlıdır. Əgər rəsmi İrəvan sülh müqaviləsinin imzalanması istiqamətində reallıqlara uyğun addımlar atarsa, o zaman bu ölkənin Türkiyə ilə sərhədlərinin açılması reallığa çevrilə bilər. Əks təqdirdə Türkiyənin Əlican sərhəd-keçid məntəqəsini istismara hazır vəziyyətə gətirməsi Ermənistanın dəyərləndirə bilmədiyi pozitiv siqnal olaraq qalacaq”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mövqelərimiz atəşə TUTULDU-4 hərbçi Ö*DÜ, 20-si yaralandı