Modern.az

Döyüş şiddətlənir: İsraildən HƏMAS tunnelərinə qarşı ƏMƏLİYYAT

Döyüş şiddətlənir: İsraildən HƏMAS tunnelərinə qarşı ƏMƏLİYYAT

5 Dekabr 2023, 09:40

İsrail qüvvələri Qəzza zolağının cənubuna havadan və qurudan zərbələr endirib.

 

Modern.az xəbər verir ki, BMT və İsrailin ən yaxın müttəfiqi olan Birləşmiş Ştatlar cənubdakı hücumlarla bağlı xəbərdarlıq edib.

 

ABŞ bildirib ki, İsrailin cənubdakı hücumu şimalda olduğu kimi mülki itkiləri təkrarlamamalıdır. Lakin bölgədəki jurnalistlər deyir ki, anklavının cənubunda insanlar sıx məskunlaşıb, İsrailin hava hücumları daha çox mülki şəxsin ölümünə səbəb ola bilər.

 

Birləşmiş Millətlər Təşkilatının Baş Katibi Antonio Quterreş İsraili Qəzzada humanitar vəziyyəti daha da pisləşdirəcək növbəti addımlardan çəkinməyə çağırıb. "Baş katib İsrail və HƏMAS arasında hərbi əməliyyatların yenidən başlamasından son dərəcə narahatdır", - BMT-nin sözçüsü Stefan Düjarrik deyib.

 

İsrail noyabr ayında Qəzzanın şimal hissəsini böyük ölçüdə nəzarətə alıb və atəşkəsdən sonra sürətlə cənuba doğru irəliləyib.

 

HƏMAS-la birgə döyüşən İslami Cihad qruplaşması bildirib ki, Qəzzanın cənubunda yerləşən əsas şəhərlərdən biri olan Xan Yunisin şimalında və şərqində İsrail əsgərləri ilə şiddətli toqquşmalar başlayıb. Sakinlər bildiriblər ki, İsrail tankları sərhədi keçərək Qəzzaya daxil olub və əsas şimal-cənub yolunu kəsib. İsrail hərbçiləri Xan Yunisdən şimala gedən mərkəzi yolun döyüş meydanının tərkib hissəsi olduğunu və hazırda bağlı qaldığını bildirib.

 

ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib ki, Vaşinqton İsrailin Qəzzada "zərbənin qadağan edildiyi zona" kimi müəyyən edilən ərazilərə hücumdan çəkinməsini gözləyir. İsrail HƏMAS-ın mülki ərazilərdən istifadə edərək insanları təhlükə altına saldığını bildirib. 

 

İsrail ordusu qruplaşmanın tunel şəbəkəsini məhv etmək üçün böyük bombalardan istifadə edir. Ancaq şəbəkənin hələ də tam aşkarlanmadığı bildirilir.

 

"Wall Street Journal" bazar ertəsi ABŞ rəsmilərinə istinadən yazıb ki, İsrail HƏMAS tunellərini su ilə doldurmaq istəyir. Bunun üçün nasos sistemi yığılıb.

 

Məlumata görə, hazırda İsrail hakimiyyəti HƏMAS hərəkatının yaraqlılarının gizləndiyi yeraltı tunellər sistemini su altında saxlamaq imkanını nəzərdən keçirir.

 

WSJ yazır ki, noyabrın ortalarında İsrail Müdafiə Qüvvələri Əl-Şati qaçqın düşərgəsi yaxınlığında beş nasos stansiyasının quraşdırılmasını başa çatdırıb. Qəzetin yazdığına görə, bu qurğulardan istifadə etməklə bir neçə həftəyə Aralıq dənizindən su çəkmək və tunelləri su ilə doldurmaq mümkündür.

 

Mənbələrin bildirdiyinə görə, İsrail hakimiyyəti amerikalı həmkarlarına bu ehtimalla bağlı xəbərdarlıq edib. Lakin hələlik heç bir qərar verilməyib. Qəzza zolağında tunel şəbəkəsinin tikintisinə 2010-cu ildə başlanılıb. Onların ümumi uzunluğu 400–500 km, dərinliyi isə 35 m-ə çatır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...