Modern.az

ABŞ-da yaşayan diaspor fəalı vəfat edib

ABŞ-da yaşayan diaspor fəalı vəfat edib

5 Dekabr 2023, 16:24

ABŞ-da Azərbaycan diasporunun təşəkkülündə xüsusi əməyi olan Azərbaycan Nyu-York Assosiasiyasının həmtəsisçisi, Qadınlar Şurasının rəhbəri Solmaz Əlizadə-Kollaçı ömrünün 84-cü ilində dünyasını dəyişib. 

 

O, ABŞ-a köç edən ilk azərbaycanlı ailələrdən birinin övladı, AXC-nin xüsusi xidmət orqanı olan Əksinqilabla Mübarizə Təşkilatının rəisi Nağı bəy Şeyxzamanlının gəlini olub. 

 

Nyu-Yorkda yaşayan Azərbaycan icmasının Solmaz xanıma xüsusi hörməti vardı. ABŞ-da yaşayan Azərbaycan icmasının birliyi, Azərbaycanın tanıdılması və Qarabağ həqiqətlərinin amerikalılara çatdırılması istiqamətində mühüm xidmətlər göstərən Solmaz xanımın evi icma üzvlərinin üzünə hər zaman açıq olurdu. Nyu-Yorkdakı soydaşlarımız onu “Azərbaycan icmasının anası” adlandırırdılar.

 

Qarabağın azadlığa qovuşduğunu görmək Solmaz xanımın ən böyük arzusu idi və onun arzusu gerçəkləşdi və 2022-ci ilin aprelində Şuşada keçirilmiş Dünya Azərbaycanlılarının V (Zəfər) Qurultayının iştirakçısı oldu. 

 

2022-ci ildə diaspor quruculuğuna töhfələrinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə təsis olunmuş “Diaspor fəaliyyətində xidmətlərə görə” medalı ilə təltif olunub. Medal 18 oktyabr 2023-cü il tarixində Diasporla İş üzrə Dövlət Komitəsində Solmaz xanıma təqdim edilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsi bu ağır itkidən kədərləndiyini bildirir, mərhumun ailə üzvlərinə və ABŞ-dakı Azərbaycan icmasına dərin hüznlə başsağlığı verir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal