SSRİ dövründə oyuncaqlar və uşaq ləvazimatları əsasən, İttifaq daxilində istehsal olunurdu. Az bir qisim isə xaricdən idxal olunurdu ki, onların da tərkibi və keyfiyyəti ciddi yoxlanılırdı. Lakin Sovet İttifaqının dağılmasından sonra MDB məkanı bir sıra ölkələrin kimyəvi zavodlarının təhlükəli tullantılardan hazırlanmış məhsulların münbit bazarına çevrildi. Bu problem Azərbaycanda da müşahidə edilir. Belə ki, ölkəmizin oyuncaq bazarının çox böyük hissəsini idxal məhsulları təşkil edir.
SSRİ-nin dağılması və əksər zavod-fabriklər kimi, Bakı Oyuncaq Fabrikinin də sıradan çıxmasından sonra işbazlar Çin, BƏƏ, İran, Türkiyə və s. ölkələrin ən aşağı keyfiyyətli, bir çox hallarda isə kustar şəraitdə hazırlanmış təhlükəli məhsullarını ucuz qiymətə alaraq ölkəyə gətirməyə başladılar. Bu tendensiya son illərdə daha da artıb. Ticarət mərkəzlərində apardığımız müşahidələrə əsaslanaraq deyə bilərik ki, ölkəmizə gətirilən oyuncaqların böyük əksəriyyəti Çin istehsalıdır. Çin oyuncaqları digər ölkələrin mallarından xeyli ucuz qiymətə təklif edilir və bu səbəbdən də çox satılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin 1 iyul 1993-cü il tarixdə çıxardığı 343 saylı sərəncamına əsasən, uşaq oyuncaqları sertifikasiyadan keçməsi vacib olan məhsullar və xidmətlər siyahısına daxildir. Bazara daxil olmazdan öncə bu məhsullara keyfiyyət sertifikatı verilməlidir. Uzun illərdir ki Çindən gətirilən oyuncaqların uşaqların səhhətinə zərərli olduğu haqqında həyəcan təbili çalınsa da, nə valideynlər bu malı almaqdan çəkinir, nə də puldan başqa heç nəyi düşünməyən işbazlar əməllərindən əl götürür.
Bəs istehlak bazarındakı tüğyan edən zəhərli oyuncaqların monitorinqi nə vaxt aparılacaq?
Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Modern.az-a hələ ki, şikayət gözlədiklərini bildirdilər. İdarə rəisi Ziyəddin Kazımov bildirdi ki, 2013-cü ildə oyuncaq bazarında monitorinq aparılmayıb.
“Xaricdən gətirilən oyuncaqlar sanitar-karantin müfəttişliyindən keçir. Əgər həmin oyuncaqlardan xoşagəlməz hal, şikayət, müraciət və daxil olarsa o zaman monitorinq aparılacaq”.
Gültəkin ƏLƏSGƏR