Modern.az

Elşad İskəndərovun İrana rəsmi səfəri başlayıb

Elşad İskəndərovun İrana rəsmi səfəri başlayıb

Təhsil

14 Sentyabr 2013, 11:39


Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Elşad İskəndərovun İran İslam Respublikasının İrşad nazirinin dəvəti ilə bu ölkəyə rəsmi səfəri başlayıb. Azərbaycan və İran arasında dini sahədə ikitərəfli əlaqələrin müzakirəsi, mövcud problemlərin aradan qaldırılması, eyni zamanda milli-mənəvi, mədəni əlaqələrinin perspektiv inkişafının artırılması məqsədi daşıyan səfər çərçivəsində İranın yeni hökuməti ilə bir sıra yüksək səviyyəli görüşlər nəzərdə tutulub.

DQİDK-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, E.İskəndərovun səfər çərçivəsində İran İslam Respublikasının mədəniyyət və irşad naziri Əli Cənnəti, xarici işlər naziri Cavad Zərif, İslam Mədəniyyəti və Əməkdaşlıq Təşkilatının sədri Məhəmmədbaqir Xürrəmşad,  o cümlədən digər rəsmi şəxslərlə görüşləri keçiriləcək.

Səfər çərçivəsində Dövlət Komitəsinin sədrinin İranın Qum şəhərində dini təhsil alan azərbaycanlı tələbələrlə görüşü, o cümlədən İranın müvafiq dövlət qurumları ilə ikitərəfli əlaqələrinin inkişafı üçün bir sıra layihələrin müzakirəsi nəzərdə tutulub.

Qeyd edək ki, Elşad İskəndərov İranda hakimiyyət dəyişikliyindən sonra Azərbaycandan qonşu ölkəyə səfər edən ilk rəsmi şəxsdir.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular