Milli Dram Teatrının direktoru İsrafil İsrafilov 141-ci teatr mövsümünə həsr olunan açıqlamalarında yeni təhsil nazirin də bostanına daş atıb. “Əvvəllər elə bilirdim, keçmiş təhsil naziri Misir Mərdanov hissə qapılıb deyir ki, məktəblərdə teatrlara bilet satışı qadağan olunmalıdır, amma gördüm yox, vəziyyət başqa cürdür. Yeni təhsil naziri məktəb direktorlarını yığıb qəti şəkildə tapşırıb ki, teatrların biletlərini satmayın. Bax, bu təhsil naziri ilə nə edəsən? Deməli, uşaqlar gedib ya vəhhabilərə qoşulmalı, ya internet klublara getməli, ya da gecə barlarına üz tutmalıdırlar. Gəncin yaradıcı enerjisi var, onu hara sərf etməlidir? Orta məktəbin 10-cu 11-ci sinif şagirdləri və tələbələr bizim potensial tamaşaçılarımız olmalıdır”, – deyə Milli Dram Teatrının direktoru bildirib.
Milli Məclisin Təhsil Komitəsinin üzvü Kamilə Əliyeva Modern.az-a açıqlamasında təhsil naziri Mikayıl Cabbarovu məktəblərdə bilet satışına qadağa qoyması ilə razılaşdığını bildirib. O, qeyd edib ki, orta məktəblər bilet satışı yeri deyil. Azərbaycan Milli Dram Teatrının kassaları var. Valideynin imkanı varsa, həmin kassalara yaxınlaşıb bilet alaraq övladını teatra apara bilər... Dəfələrlə bildirmişəm ki, uşaqlar çoxlu kitab oxumalı, mütaliə etməli, tamaşalara baxmalıdırlar ki, dünya görüşləri artsın. Amma bilet satışının məktəblərdə aparılmasının, hətta məcburi şəkildə satılmasının qəti əleyhinəyəm. Teatra getmək istəyən bileti kasadan almalıdır, məktəb kommersiya fəaliyyəti üçün yer deyil”, –deyə Kamilə Əliyeva bildirib.
Gültəkin ƏLƏSGƏR