Azərbaycan bu gün tarixi Zəfərimizin reallıqlarını yaşayır. Şanlı Qələbəmizdən sonra ölkəmizin xarici siyasət uğurları davamlılığı ilə diqqətdədir. Azərbaycanın sözünün imzası qədər dəyərli olduğu istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar çərçivəsində əlaqələrinin inkişafında özünü təsdiqləyir. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, 44 günlük İkinci Qarabağ müharibəsi həqiqət anı oldu. Kimin haqqın, ədalətin, kimin təcavüzkarın yanında olduğu bəlli oldu. Müharibənin başlandığı andan Azərbaycana siyasi və mənəvi dəstəyini göstərən ölkələr Türkiyə və Pakistan oldu. Postmünaqişə dövrünün reallıqları fonunda bu əlaqələrin daha da möhkəmləndirilməsi üçün sənədlərin imzalanması təqdirəlayiq hal kimi qiymətləndirilir.
Modern.az xəbər verir ki, bu fikirlər İnkişafa Doğru İnteqrasiya İctimai Birliyinin 2021-ci ilin mühüm hadisələrindən olan Şuşa və Bakı Bəyannamələrinin imzalanmasına münasibətində qeyd olunub.
Bildirilib ki, 2021-ci ilin iyun ayının 15-də Azərbaycan-Türkiyə münasibətlərinin yeni prioritetlər üzrə inkişafına yol açan Şuşa Bəyannaməsi, həmin ilin iyulun 27-də Azərbaycan, Türkiyə və Pakistan parlamentləri arasında Bakı Bəyannaməsi imzalandı. Şuşada imzalanan «Müttəfiqlik Bəyannaməsi» ilə dünya birliyində nadir əməkdaşlıq formatı olan Türkiyə-Azərbaycan tərəfdaşlığı rəsmən təsdiqləndi. Azərbaycan, Türkiyə və Pakistan arasında müxtəlif səviyyələrdə görüşlər keçirilərək günümüzün əsas çağırışları müzakirə olunur. Parlamentlər səviyyəsində əməkdaşlığın qurulması və sənədin imzalanması münasibətlərin gələcək inkişafına böyük töhfə olacaq. Bu sənəd müttəfiqlik münasibətlərinə yeni əlavələr etməklə yanaşı, strateji tərəfdaşlığı daha da dərinləşdirəcək.
Bu mühüm məqam da xüsusi qeyd olunub ki, Bakı Bəyannaməsində dövlətlərin müstəqilliyinə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə təsdiqlənən sərhədlərinin toxunulmazlığına böyük dəstək ifadə olunur.