Son vaxtlar Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz böyük uğurlara imza atıb və ən önəmlisi, uzunmüddətli erməni işğalından sonra öz ərazi bütövlüyünü, suverenliyini və konstitusiya quruluşunu tam bərpa edib, Ağdam, Füzuli, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Cəbrayıl, Şuşa və Xankəndi şəhərlərini azad edib. Bu hadisə, təkcə bizim nəsil üçün deyil, həm də gələcək nəsillər üçün tarixi hadisədir. Dünya miqyasında belə bir kiçik ölkənin bu cür uğurlara, müəyyən etdiyi hədəflərə çatması böyük dövlətlərin həsədinə, hiddətinə və deyərdim ki, hətta qəzəbinə səbəb olub. Misal istəyirsiniz? Buyurun. Amerika Birləşmiş Ştatları. Necə? Onun tərəfindən ölkəmizin sentyabrda uğurla başa çatdırdığı anti-terror tədbirlərindən sonra şişirtdiyi anti-Azərbaycan həyasızlığı ilə.
Məhz erməni separatizmini torpaqlarımızda darmadağın və məhv etdikdən, suverenliyimizi bərpa etdikdən sonra ABŞ, sanki, yuxudan ayıldı. Ayıldı və Azərbaycana hücum etməyə başladı. 907-ci düzəlişi bərpa etdi, yüksək səviyyəli rəsmi şəxslərin səfərlərinə qadağa qoydu, Konqresdə dinləmələr təşkil etdi, Dövlət Departamentinin dili ilə həmin dinləmələrdə Azərbaycanı “təcavüzkar” adlandırdı, “etnik təmizləmədə” ittiham etdi, özünün Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri vasitəsilə bu ittihamları təkrarladı, anti-Azərbaycan mövqeyi ilə hər zaman seçilən “vaşinqton post” kağızında (qəzet deməyə dilim gəlmir) eyni ittihamları yağdırdı. Bu belə. Sonra nə oldu? Blinkenin zəngi gəldi. Münasibətlərin gərginliyinin səbəkarı O’brayeni Bakıya ezam etdi. Üzrxahlıq kimi göründü. Belə anlamaq olar ki, ABŞ tərəfi təəssüf etdi. Nə danışırsınız.
ABŞ Konqresi yeni həyasızlıq edib. Dekabrın 1-də bir qrup ermənipərəst konqresmen və senator Konqres rəhbərliyinə müraciət ünvanlayıb, ermənilərə maliyyə yardımının edilməsini xahiş edib. Yenə Ermənistan “mələk”, “həssas demokraiya”, yenə Azərbaycan “təcavüzkar”, “etnik təmizləmə” uydurmaları və sair nağıllar.
ABŞ düşünür ki, fövqəldövlət kimi, dünya iqtisadiyyatının əsas sütunu kimi, məhdudiyyətsiz hərbi gücə malik qüvvə kimi, “azadlıq çarçısı” kimi digər dövlətlərin daxili işlərinə müdaxilə etmək, guya ədaləti bərpa etmək, (ABŞ üçün) arzuolunmaz ölkə rəhbərlərini devirmək və edam etmək, “sülh”, “təhlikəsizlik” və “demokratiya” yeritmək hüququ vardır. Sual olunur. ABŞ beynəlxalq hüquqa tamamilə zidd olan müdaxilələri ilə hara sülh, təhlükəsizlik və demokratiyanı gətirib? Vyetnama? Bəlkə Əfqanıstana? Bəlkə keçmiş Yuqoslaviyaya? Yoxsa İraqa? Ya da Liviyaya? Bəlkə Suriyaya? Bu ölkələrin və xalqların taleyi isə hamımıza bəllidir.
Bu məqamda İosif Stalinin vaxtilə dediyi sözlər lap yerinə düşər: “Mən həmişə demokratiyanın xalqın hakimiyyəti olduğunu düşünürdüm, amma ABŞ Prezidenti Ruzvelt mənə aydın şəkildə izah etdi ki, demokratiya amerika xalqının hakimiyyətidir”.
İndi isə “demokratiya” növbəsində, deyəsən, Ukrayna, Gürcüstan və Ermənistandır. ABŞ bu siyahıya Azərbaycanı da qoşmaq niyyətindədir. Bu da əsla və əsla mümkün deyil. Çünki, ABŞ ölkəmizdəki acı təcrübəsini unudub. ABŞ fondlarının və QHT-lərinin Azərbaycandakı aqibətini xatırlamır. Nəticə çıxarmayıb. İbrət götürməyib. Dərk etmir ki, tarixə hörmət etməyən, beynəlxalq hüquqa məhəl qoymayan, beynəlxalq təşkilatları öz maraqlarının əsirinə çevirən, həmin maraqlar naminə ədaləti tapdalayan ABŞ Azərbaycana nə dost, nə tərəfdaş, nə də vasitəçi kimi lazım deyil! Hər bir ölkə, qüvvə, təşkilat bilməlidir ki, Azərbaycan bu cür münasibətə və davranışa hər zaman layiqli və qətiyyətli cavabını verəcək.
Kamran Bayramov
Milli Məclisin deputatı