“Radiodan zəng edən istənilən şəxsə çox ağır cavab verəcəyəm”
“APA Holdinq”in prezidenti Vüsalə Mahirqızı ilə “Azadlıq” radiosu arasında ciddi qalmaqal baş verib. Modern.az saytı bildirir ki, prezident seçkilərində “ekzit-poll”un keçirilməsi üçün “APA Holdinq”in ABŞ-ın «Arthur J.Finkelstein&Associates» (AJF) şirkətinə verdiyi sifarişlə bağlı veriliş hazırlayan radio verilişin öz saytında yerləşdirdiyi yazı mətni üçün kəskin və ironik başlıqdan istifadə edib: “APA direktoru hamampulundan danışdı”.
”Azadlıq” radiosunun bu hərəkəti Vüsalə Mahirqızının kəskin etirazına səbəb olub. Modern.az-ın xəbərinə görə, özünün sosial şəbəkədəki səhifəsində “Azadlıq”dakı yazı ilə bağlı mövqeyini paylaşan V.Mahiqızı radionu “tərbiyəsizlikdə” ittiham edib.
“Bu günə qədər bütün həmkarlarıma çox səbrli yanaşmışam. Heç kim deyə bilməz ki, mən hanısasa kampaniyaya qoşulub hansısa media orqanının və həmkarımın üzərinə getmişəm. Mənim rəhbəri olduğum qurumlarda bir həmkarım belə, təhqir olunmayıb, aşağılanmayıb, heç bir media qurumunun əleyhinə kampaniya aparılmayıb. Bundan sonra da belə olacaq. Amma "Azadlıq" radiosu bu gündən istisnadır. Bu qurumda çalışan hər bir jurnalist və prodüser bu gündən etibarən mənim telefon nömrəmi unudur. Zəng edən istənilən şəxsə çox ağır cavab verəcəyəm. "Azadlıq" radiosunun Bakı ofisini boykot edən hər kəsi haqlı bilirəm artıq. Tərbiyəsizliyin bu qədəri çox fazla...”-deyə V.Mahirqızı qəzəbli şəkildə vurğulayıb.
Modern.az