Modern.az

Baydenin oğlu vergidən yayınmaqda ittiham olunur 

Baydenin oğlu vergidən yayınmaqda ittiham olunur 

Aktual

8 Dekabr 2023, 09:36

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Baydenə qarşı vergidən yayınmağa görə doqquz ittiham irəli sürülüb.
 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kaliforniyanın Mərkəzi Dairə Məhkəməsinə daxil olan ittihamnamədə bildirilib.

Sənəddə deyilir: "Hunter Bayden 2016-2019-cu illər arasında ödəməli olduğu federal vergilərdən ən azı 1,4 milyon ABŞ dollarını gecikdirməklə ödəmək üçün dörd illik bir sxemlə məşğul olub".

ABŞ prezidentinin oğlu saxta vergi bəyannamələri verməkdə ittiham olunur. Onu 17 ilə qədər həbs cəzası gözləyə bilər.
 

İddia olunur ki, Hunter Bayden "vergi ödəmək əvəzinə ekstravaqant həyat tərzinə" milyonlarla dollar xərcləyib.

“O, 2016-cı ildə təqribən 1 milyon dollar, 2017-ci ildə 1,4 milyon dollar, 2018-ci ildə 1,8 milyon dollar, 2019-cu ildə 600 min dollar xərcləyib. 2020-ci ilin yanvarından 15 oktyabra qədər cavabdeh 1,2 milyon dollardan çox maliyyə dəstəyi alıb və bu vəsaiti müxtəlif şəxsi məqsədlər üçün xərcləyib. 2016-cı ildən 15 oktyabr 2020-ci ilə qədər cavabdeh bu pulu narkotiklərə, müşayiət xidmətlərinə, rəfiqələrinə, dəbdəbəli otellərə, kirayə mülklərə, nadir avtomobillərə, paltarlara və digər şəxsi əşyalara, yəni vergilərdən başqa hər şeyə xərcləyib”, - sənəddə deyilir.

Hunter Bayden əvvəllər silahla bağlı üç cinayətdə ittiham olunub. O, odlu silah alarkən yalan danışmaqda və lisenziyalı dilerə yalan məlumat verməkdə ittiham olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal