“Qafqaz kimi mürəkkəb regionda, nə qədər gözlənilməz olsa da artıq sülhün addım səsləri eşidilir. Daha doğrusu qətiyyəti ilə işğala, separatizmə son qoyub Azərbaycanı, tarixinin ən güclü dövlətinə çevirən siyasi iradə, indi də regionda sülhü bərqərar etməkdədir. Üç il əvvələ qədər “yeni müharibə və yeni torpaqlar” iddiaları ilə lərzəyə gələn bir region, bu gün nəhayət ki, xoş niyyət təzahürlərinə və humanizm dəyərlərini rəhbər tutan etimad quruculuğu istiqamətində razılığa şahidlik edir”.
Modern.az xəbər verir ki, bu barədə Milli Məclisin bu gün keçirilən iclasında deputat Bəhruz Məhərrəmov bildirib.
“Azərbaycanı rəngli inqilabların dağıdıcı təsirindən müdafiə etməyi bacaran cənab İlham Əliyev indi də regionu qütblərarası toqquşma nöqtəsi olmaqdan qorudu. Bilirsinzi ki, Qafqaz mürəkkəb tarixi inkişaf yolu keçib, amma etiraf edək ki, tarixinin heç bir dövründə Azərbaycan bu regionun lokomotivi ola bilməyib. Amma, bu gün Heydər Əliyev siyasi kursu regionda yeni dövr başladır. Ona görə də Şərqin, Qərbin, Şimalın, Cənubun təsiri altında yazılmış, bu xalqa xainləri, fərariləri lider kimi sırıyan saxta tarix kitablarını atıb, yeni tarixi yazma vaxtıdır. Daha doğrusu cənab İlham Əliyev artıq bu tarixi yazıb, sadəcə yazılanı dürüst şəkildə kitaba köçürməyin zamanıdır.
Biz real müstəqilliyimizin 30-cu ilində, ali konstitusion niyyətimizə əsaslanaraq nəhayət, bəyan edə bilirik ki, Azərbaycan bütün aspektlərdə müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünü təmin etmiş dövlətdir və tariximizdə ilk dəfə ərazi bütövlüyümüz çərçivəsində seçki keçirməyə hazırlaşırıq.
Necə ki, böyük Heydər Əliyev topsuz, tüfəngsiz, ordusuz, yalnız xalqa - ona canı-qanı ilə dəstək olmağa hazır olan milyonlara güvənərək müasir Azərbaycan dövlətini qurdu, cənab İlham Əliyev də tam yeni Azərbaycanın quruculuğunda məhz xalqın etimadına güvənərək erkən seçkilərə gedir. Bu, eyni zamanda xalq üçün bir fürsətdir ki, 20 ildir bizi qələbədən qələbəyə aparan, Azərbaycanı qalib dövlətə çevirən müzəffər liderinə özünün minnətdarlığını çatdırsın”, - deyə o bildirib.