Modern.az

5 ölkədən ibarət Xəzəryanı təşkilat? - İranın təklifi hiylədir

5 ölkədən ibarət Xəzəryanı təşkilat? - İranın təklifi hiylədir

Aktual

12 Dekabr 2023, 16:58

İran XİN başçısı Hüseyn Əmir Abdullahian beş Xəzəryanı ölkə arasında əməkdaşlıq üçün vahid təşkilat yaratmaqla bağlı təklif irəli sürüb. Bu barədə o, Moskvada keçirilən Xəzəryanı ölkələrin XİN başçılarının görüşü zamanı danışıb.

 

"Xəzərdə beştərəfli əməkdaşlıq prosesini sürətləndirmək lazımdır. Biz həmçinin əminik ki, bütün qərarlar beş Xəzəryanı ölkənin konsensusu və razılığı ilə qəbul edilməlidir. Xəzər dənizini dostluq simvoluna çevirmək üçün, tərəqqi və inkişaf üçün kollektiv qarşılıqlı əlaqələri gücləndirməliyik. Biz "strukturlaşma yolu ilə getməliyik. Bu kontekstdə Xəzərdə əməkdaşlığın bütün sahələrini idarə və nəzarət edə bilən bir katibliyin və ya bir təşkilatın yaradılması imperativdir.", -o, deyib.

 

Belə bir platformanın prespektivi varmı? Əgər belə bir təşkilat yaransa, onun siyasi təsirləri necə olacaq?

 

Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Natiq Miri bildirib ki, İranın sözügedən təklifi Azərbaycanın irəli sürdüyü “3+3” platformasının surətidir:

 

“Bu təklifi əslində Azərbaycanın "3+3" regional əməkdşlıq platformasının, Xəzəryanı ölkələr istiqamətində bir surəti olduğunu demək mümükündür. Lakin burada hədəflər tamamilə fərqlidir. Əgər "3+3" regional əməkdaşlıq platforması ticarət, eləcə də digər bütün istiqamətlər üzrə əməkdaşlıq və bu kontekstdə regionda sülh və inkişafı özündə ehtiva edirsə, Xəzəryanı ölkələrin birlikdə hər hansı təşkilat yaratmasının alt niyyəti əməkdaşlıq, sülh və inkişafdan daha fərqlidir. Əgər İran səmimi, əsas hədəf isə əməkdaşlıq, qarşılıqlı maraqların təminatı, təhlükəsizlik məsələləri olarsa, təklif prespektivi ola biləcək təşkilata çevrilə bilər”.

 

N.Miri Rusiya və İranın niyyətlərinin fərqli olduğunu vurğulayıb:

 

“Əsas hədəflərdən biri regiondan və Xəzərdən kənar qüvvələrin, qlobal güclərin buraya müdaxilə etməyin qarşısını almağı özündə ehtiva edir. Digər yandan  Xəzəryanı ölkələrin hamısı enerji istehsal edən dövlətlərdir. Bu kontekstdə neft-qaz və onların satışı məsələsi xüsusi önəm daşıyır. Rusiyayla İranın marağında Qazaxıstan və Türkmənistan kimi ölkələrdən enerji daşıyıcılarının xəzər üzərindən Azərbaycana, eləcə də Qərbə gedişi məsələsində özlərinin maraqlarını təmin etmək etməkdir. Belə bir təşkilat yaradılarsa, gələcək prespektivdə transxəzər layihələrinin həyata keçirilmə məsələlərini birbaşa bu təşkilatla razılaşdırmağa bağlaya bilərlər. Məsələ bundan ibarətdir. İrandan və Rusiyadan yan keçən layihələrin təşkilatın doğanağından keçirməklə,əslində özlərinin maraqlarını təmin etmək istəyirlər. Bu məsələdə mütləq mənada bütün Xəzəryanı ölkələrin razılığının vacib olduğunu ortaya qoymaq istəyirlər. Bu da əlbəttə, digər xəzəryanı ölkələrin müstəqilliyini məhdudlaşdırır. Əsas hiylə bundan ibarətdir”.

N.Miri qeyd edib ki, Azərbaycan bu məsələdə ehtiyatlı olmalıdır:

 

“Düşünürəm ki, Azərbaycanda bu hiylə keçərli olmayacaq. Qardaş Qazaxıstan və Türkmənistanda da Rusiya və İranın hiyləsi keçərli olmayacaq. Heç bir dövlət müstəqil qərarlarını kiminsə iradəsinə buraxa bilməz. Hüquqlarının müəyyən hissəsini  hansı təşkilata qurban verə bilməz”.

Politoloq Zaur Məmmədov isə İranın təklif etdiyi təşkilata hazırda ehtiyac olmadığını  söyləyib:

 

“"Xəzəryanı ölkələr üçün belə bir təşkilata ehtiyac varmı?", "Ehtiyac varsa, bu hansı zərurətdən irəli gələcək?", “Qərarlar necə qəbul ediləcək?” kimi suallar meydana çıxır. Məhz buna görə də, məsələ ilə bağlı fikirləşməyə ehtiyac var. Digər tərəfdən xəzəryanı ölkələr arasında platforma var. Burada heç bir problem yoxdur. Bəli, dünyada bu istiqamətdə nümunələr var. Amma bu nümunələr təşkilat yox, platforma formasında olur. İran parlamenti xəzəryanı ölkələrlə bağlı su səthinin verilməsi ilə bağlı konvesiyanı hələ də ratifikasiya etməyib. Bəllidir ki, logistika,xəzərin enerji resursları, xəzər ətrafında olan ölkələrin enerji resursunun bu və ya digər istiqamətdə nəqli ilə bağlı müxtəlif ölkələrin, o cümlədən Azərbaycanın, Türkmənistanın və Qazaxtanın öz fikirləri vardır. Düşünmürəm ki, müstəqil şəkildə həmin layihələrin həyata keçirilməsini daralda biləcək hər hansı platforma, yaxud təşkilat indiki məqamda aktual olsun”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu