Modern.az

Azərbaycanla İran arasında birgə “qaynar xətt” yaradır

Azərbaycanla İran arasında birgə “qaynar xətt” yaradır

16 Sentyabr 2013, 11:23
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədri Elşad İskəndərov  İrana işgüzar səfəri çərçivəsində bu ölkənin mədəniyyət və islami irşad naziri Əli Cənnəti ilə görüş keçirib. İranlı nazir  Dövlət Komitəsi sədrini və Azərbaycanın rəsmi heyətini səmimi salamlayaraq Azərbaycan Respublikası ilə onu bir çox xoş xatirələrin bağladığını qeyd edib.

Ə.Cənnəti İran və Azərbaycan arasında mədəni və dini sahədə əməkdaşlığın tarixi haqda və bu əlaqələrin inkişaf etdirilməsinin zəruriliyi barədə fikirlərini bildirib. Hazırda dünyanı narahat edən ən böyük problemlərdən birinin dini zəmində radikal və ifrat düşüncələrə malik dini hərəkatların olduğunu qeyd edən İranlı nazir, belə cərəyanların qarşısının alınmasında bütün dünyanın əməkdaşlıq etməli olduğnu vurğulayaraq, Azərbaycanla bu sahədə də müştərək fəaliyyətə hazır olduğunu qeyd edib. Ə.Cənnəti həmçinin Qarabağın işğalı ilə bağlı İran dövlətinin Azərbaycanın mövqeyini dəstəklədiyini bildirib. Səmimi keçən görüşdə Ə.Cənnəti İran və Azərbayan mətbuatında dini mövzular barədə qarşılıqlı yazılar, İslam mədəni irsi və elmi mübadilə və s. sahələrdə əməkdaşlıq məsələlərinə toxunub, ortaq İslam mədəniyyəti ənənələrinin yaşadılması zəruriliyi haqda fikirlərini bildirib.

Öz növbəsində Elşad İskəndərov iranlı həmkarına dəvətə görə təşəkürünü bildirərək, digər sahələrdə olduğu kimi, Azərbaycan hökumətinin İran ilə dini sahədə də konstruktiv, qarşılıqlı maraqlar və dostluq prinsiplərinə əsaslanan əməkdaşlığa açıq olduğunu qeyd edib. DQİDK sədri Azərbaycanda dövlətin İslam dini dəyələrinə göstərdiyi qayğı haqqında ətraflı məlumat  verib, son illərdə bilavasitə ölkə başçısı İlham Əliyevin təşəbbüsü ilə bu sahədə görülən işləri xüsusi qeyd edib. Dövlət komitəsinin sədri Azərbaycan hökumətinin bir sıra beynəlxalq forumlarda İslamofobiya ilə mübarizə sahəsində, həmçinin İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində həmrəyliyin artırılması sahəsində fəal rolundan danışıb. Azərbaycanın BMT-nin Təhlükəsizlik Şurasının üzvü olduğunu nəzərə çatdıran DQİDK sədri, Azərbaycan bu rolunun bütün müsəlman ölkələri üçün vacib olduğunu xüsusi vurğulayıb.

Aparılan söhbət zamanı E.İskəndərov mətbuatın dini sahədəki məsələlərlə bağlı, bəzən qarşı tərəf haqda əsassız məlumatların yaydığını nəzərə çatdıraraq, belə məlumatlara dövlət qurumları tərəfindən operativ reaksiya verilməsinin vacibliyini, bu məqsədlə təmsil etdikləri qurumlar arasında birbaşa, “qaynar xətt” formatında işləyən əməkdaşlıq mexanizminin yaradılmasını təklif edib. İranlı həmkar həqiqətən mətbuatın iki ölkə arasında olan münasibətlərə həssas yanaşmasının vacib olduğunu vurğulayaraq, irəli sürülən təkliflə razı olduğunu qeyd edib.

Xatırladaq ki, İranda mətbuatla iş məhz Mədəniyyət və İslami İrşad Nazirliyinin fəaliyyət səlahiyyətlərinə aiddir.



Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular