O gün heç vaxt yaddan çıxmaz, unudulmaz. O gün uşaqdan böyükə, cavandan qocaya hamı sevinirdi. Qəlblərdə sevinc, fərəh hissi yaşanırdı. O gün tariximizin indiyədək görmədiyi ən möhtəşəm qələbə bayramı idi. O gün rəhbər və xalq birliyinin dünyaya nümayişi idi. 2020 ci il 10 dekabr – Zəfər paradı. Bu gün haqqında danışmaq istəsən bir ömür də bəs etməz. Bu gün haqqında yazmaq istəsən vərəqlər sənə yetməz. O gün sevincimizin, qürurumuzun, xalqımızın igid oğullarının qəhrəmanlığının zirvəsi idi. Bakının Azadlıq meydanı sanki dünyanın mərkəzinə çevrilmişdir. Bütün nəzərlər ora yönəlmişdir. Paradda yerli və xarici rəsmi qonaqlar, diplomatik korpusun nümayəndələri iştirak edirdi. Prezident, Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin dediyi kimi: “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir.” Bəli həmin gün Azərbaycan xalqı tarixinin ən şərəfli və qəhrəmanlıq dolu günlərini yaşayırdı. Paradı Axzərbaycan Prezidenti cənab İlham Əliyev və fəxri qonaq qismində Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan qəbul edirdi. İki ölkə rəhbərinin paradı birgə qəbul etməsi Azərbaycan-Türkiyə qardaşlığının, dostluğunun və birliyinin növbəti təzahürü idi. Bu həm də beynəlxalq ictimaiyyətə verilən ciddi mesaj idi. Ulu Öndər Heydər Əliyevin təbirincə desək “Bir millət. İki dövlət” olan Azərbaycan-Türkiyə qardaşlığının gücünün nümayişi idi. Bütün dünya gördü ki, bu dostluq və qardaşlıq əbədi və sarsılmazdır. Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də Azərbaycan-Türkiyə bir-birinin yanındadır. Zəfər günümüz kimi Zəfər paradımız da tariximizin qürurverici, silinməz səhifəsinə çevrildi. Bu paradın keçirilməsi payızı yola salıb daha soyuq qışı qarşılayan dekabr ayında baş tutdu. Amma həmin gün Azadlıq meydanı Bahar ətrinə bürünmüşdür.
Təkcə meydanmı? Əsla.
Vətənimizə yaz günəşi doğmuşdu. Bu günəşin hərarəti qəlbimizi, evlərimizi, bütün Azərbaycanımızı isidirdi. Dağlarımız daha uca görünürdü, bağlarımızın gül-çiçəyi daha ətirli idi, çaylarımız daha gur axırdı, insanlar daha gülərüz və qürurlu idi. Bayragımız daha əzəmətli dalğalanırdı. Çünki bayrağımız da Zəfər bayrağı, Qələbə bayrağı idi. Qalib ordunun, qalib xalqın bayrağı ən uca zirvələrdə dalğalanır. Şuşa şəhəri azad edildikdən sonra Azərbaycan hərbiçiləri tərəfindən şəhər üzərində qaldırılan Zəfər bayrağı parada gətirilmişdir. Üç rəngli ay-ulduzlu bayrağımız daha parlaq və daha möhtəşəm görünürdü.
Zəfər paradında Vətən müharibəsində döyüşlərdə əsl şücaət və yüksək peşəkarlıq göstərərək xalqımıza böyük qələbə sevincini yaşadan qəhrəman əsgər və zabitlərimizin tribuna önündən mətin addımlarla irəliləməsi onların vətənpərvərliyinin, rəşadətinin və Qələbə əzminin ifadəsi idi. Sevindirici məqamlardan biri də Türkiyə silahlı Qüvvələrini təmsil edən hərbi qulluqçuların paradda iştirakı idi. Bu bir daha Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının əyani nümunəsi oldu. 44 günlük Vətən müharibəsi hərb tariximizin ən şanlı səhifəsi olmaqla bərabər dünya hərb tarixinə də böyük töhfələr verdi və silinməz izlərlə yaddaşlara həkk olundu.
İndi dünyanın bir çox ölkələrində Azərbaycan ordusunun qəhrəmanlığı, şücaəti və döyüş taktikası öyrənilir. Bundan böyük sevinc ola bilərmi? Ali Baş Komandan İlham Əliyevin dəmir yumruğu, əsgər və zabitlərimizin şücayəti sayəsində torpaqlarımız - Doğma Qarabağımız erməni faşistlərindən azad oldu. Vətən müharibəsinin hər saatı, hər günü qələbələrlə bitirdi. Düşmən itkilər verərək geri çəkildi və təslim oldu. Azərbaycan ordusunun düşməndən qənimət götürdüyü silah-sursat, hərbi texnika və döyüş bayraqları bu gün açıq səma altında salınan Hərbi Qənimətlər parkında nümayiş olunur və bunların bir qismi 10 dekabr 2020-ci ildə keçirilən Zəfər paradında da Azadlıq meydanına gətirilmişdi. Bu Azərbaycan ordusunun qüdrəti ilə bərabər eyni zamanda Ermənistan ordusunun həm fiziki həm də mənəvi məğlubiyyətinin nümayişi idi. Ermənistan məcbur olub kapitulyasiya aktına imza atdı. Mövlanə Cəlaləddin Ruminin belə bir kəlamı var: “İnsan suya düşdüyü üçün deyil sudan çıxa bilmədiyi üçün boğulur.”
Ermənistana rəhbərlik edənlər günah işlətdilər, cinayət törətdilər, insanlıqdan uzaq düşdülər. Onlar çirkin əməlləri törədə-törədə anlamadılar ki, özlərini çirkab quyusuna salırlar və bu quyu gündən-günə dərinləşir. Anlamadılar ki, onları bu quyudan heç kim və heç nə çıxara bilməyəcək. Gün gələcək çirkin əməllərinə, cinayətlərinə görə cavab verməli olacaqlar. Necə ki, dəmir yumruq və zaman bunu sübut etdi. 100 illər də ötsə qulaqlarında dəmir yumruğun səsini, başlarında isə zərbəsinin gücünü hiss edəcəklər. Bütün bunları Zəfər paradımız öncə bir daha təsdiqlədi və nümayiş etdirdi. Bu paradın sədası bütün dünyaya bir daha bəyan etdi ki, Azərbaycan güclü dövlətdir, onun güclü ordusu var, bir qarış da torpağını heç kəsə güzəştə gedən deyil və Qarabağ Azərbaycandır.
Akif Təvəkküloğlu
Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin
İdarə Heyəti Sədrinin müşaviri, əməkdar jurnalist