
İşğal olunmuş rayonlarda ermənilər tərəfindən məhv olunmuş tarixi abidələrimiz siyahıya alınır. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərovun
Modern.az-a verdiyi məlumata görə, mövcud məlumatlar əsasında mədəniyyət nümunələrinin, hətta dağıdılmış tarixi abidələrin siyahısı Mədəniyyət və Turizm Nazirliyində tutulur.
“İşğal altında olan rayonlarımızda tarixi abidələrimiz dağıdılır. Bununla bağlı Ermənistan tərəfinə məlumat verilib. Vaxtaşırı bu mövzuya toxunulanda Milli Məclis beynəlxalq təşkilatlara müraciət edir. Avropa Şurasında olan deputatlarımız da müxtəlif vaxtlarda dəfələrlə tələblər hazırlayıblar. Nəinki, işğal olunan ərazilərdə həmçinin Ermənistanda da tarixi abidələrimizin mühafizəsi üçün parlament səviyyəsində əlimizdən gələni edirik. Ümumiyyətlə, azərbaycanlıların tarixən yaşadığı ərazilərdə –Gürcüstanda, Ermənistanda, İranda (Cənubi Azərbaycanda) tarixi abidələr öyrənilir. Bu gün bir mədəniyyət abidəsini hətta bir millətin özü dağıdarsa belə, o, beynəlxalq təşkilatlarda, əsasən də mədəniyyət təşkilatlarında çox ciddi şəkildə etirazlar edilir. Odur ki, siyahıyaalma ilə bağlı iş gedir”, – deyə Nizami Cəfərov bildirib.
Gültəkin ƏLƏSGƏR