Modern.az saytı bu həftədən etibarən Bakının rayonlarının yaranma tarixi, adlarının etimalogiyası ilə bağlı araşdırma tipli yazıları təqdim edəcək. Başlayaq indiyə kimi hələ də çoxlarımızın “Artyom” kimi və ötən ilin dekabr ayının 21-də prezident İlham Əliyevin sərəncamı ilə yaradılmış Pirallahı rayonundan. Bura Pirallahı, Cilov və Neft Daşları qəsəbələri daxildir.
Əhalisi və ərazisi
Pirallahı Xəzər dənizinin Qərb sahillərində yerləşən Abşeron arxipelağının ən böyük adası hesab olunur. Adanın qəribəliklərindən biri odur ki, dörd bir tərəfdən duzlu su ilə əhatə olunsa da, burada içməli su da var. Ada Abşeron yarımadasından Şərqdə, Xəzər dənizində yerləşir. Ümumi ərazi 17,56 (1755,49 ha) kv.km, uzunluq 12 km, en 0,2 km-dən 4 km-ə qədərdir. Əhalisinin ümumi sayı 16164 nəfər, daimi qeydiyyatda olanlar 14578 nəfərdir. Bunlardan 408-i Neft Daşlarında, 1685 nəfəri isə Çilov adasında yaşayır.
Kəşf tarixi
Pirallahının tarixinə gəlincə, bu barədə bir neçə versiya var. Məlumatlara görə, hələ Antik dövr çoğrafiyaşünaslarından romalı Pomponi Mela (I əsr) və yunanıstanlı Klavdi Ptolomey (II əsr) yazırdılar ki, Albaniyanın gündoğanında, Xəzər dənizində içməli şirin suyu olan Talxe adası var, bol meyvə və tərəvəz yetişən həmin adanın torpağı da, barı da Tanrıya məxsusdur. Deməli buranın ilk adlarından biri Talxe olub. Burdan həm də belə bir qənaətə gəlmək olar ki, o zamanlar ada müqəddəs yer sayılırmış, gəlirlərinin bir hissəsi məbədə, bir hissəsi isə kahinlərə sərf olunurmuş. Ərəb xilafəti dövründə tərtib edilən xəritələrdə ərazi Pirallahı adası kimi qeyd olunur. “Pir” sözü hələ V əsr mənbələrində işlənməkdə olan “pirayət” sözündəndir, “ocaq”, “müqəddəs yer” anlamında işlədilir. Pirallahı – yəni Allahın piri, məbədi deməkdir. Ehtimal ki, VII – VIII yüzilliklərdən sonra “Pir” sözünə “Allah”da əlavə edilmiş və ada “Pirallahı” adlanmağa başlamışdır. Pirallahı adına isə ilk dəfə XIV əsr mənbələrində rast gəlinib. Ehtimal olunur ki, soradan bu qədim ziyarət yeri İslam aləmi tərəfindən də müqəddəs bir yer kimi qəbul edilib.
Pirallahı sözünün rus dilinə edilmiş tərcüməsinə 1723-cü ildə I Pyotrun Xəzərin cənubuna təşkil olunan səfərində iştirak etmiş “Avtronal” yelkənli gəmisinin növbə jurnalında aparılmış qeydlərdə də rast gəlinir. Rus dənizçiləri Abşeron yarımadasına yaxınlaşanda digər adalar sırasında Pirallahını da görmüş, dəniz xəritələrində onun adını rusca “Svyatoy” yazmışdılar. Bu isə “Pir” və ya “Pirallahı” sözünün ruscaya sadə, lakin düzgün bədii çevrilməsidir. Pirallahı adası kiçikliyinə rəğmən, burda bir sıra tarixi abidələrə də rast gəlmək mümkündür. Məsələn, XVIII əsr alman səyyahı və həkimi İ.Lerxin (1703-1780) “Onun həyatı və səyahətləri” əsərində Pirallahı abidələri barədə qeydlər var. Səyyahın əsərində “Pir” adasının və Abşeron yarımadasının üzbəüz sahilinin sxematik planı əks olunub. İ.Lerx yarımadanın qurtaracağında üç bürc və iki məqbərənin, adada isə ətrafında çoxlu sayda başdaşları olan bir məqbərənin olduğunu göstərir. Əsərə əlavə edilmiş sxematik təsvirdə Pirallahı adasında türbələr və üç müdafiə bürcünün olduğu da aydın görünür. Pirallahıda sovet dövründə məhv edilmiş kitabələr arasında qoyunşəkilli qəbirdaşların təsviri faktları da çox maraqlıdır.
Cəmi 132 metr dərinlikdə neft
Ada yeraltı sərvətlərlə də zəngindir. Bu barədə ilk geoloji məlumatı 1861-ci ildə akademik Q.Abix verib. O sübut edib ki, burada zəngin neft ehtiyatı var. Tanınmış geoloq M.V.Abramoviç 1926-cı ildə “Azərbaycan Neft Təsərrüfatı” jurnalında yazırdı ki, geoloqlar Kraft, Arxipov və Sulikidze hələ 1870-ci ildə Pirallahıda işləyərkən burada ilk neft quyusunun istismar edildiyinin şahidi olublar. Həmin vaxt neft istismar quyusundan 132 metr dərinlikdən hasil edilirmiş. Təsəvvür edirsinizmi? Cəmi 132 metr. Halbuki, indi neft hasil etmək üçün kilometrlərlə qazıntı işlər aparmağa ehtiyac var. Burda ortaya maraqlı bir məqam çıxır. Əgər sözügedən quyu 1870-ci ildə istismarda olubsa, təbii ki, orada qazma işləri həmin müddətdən xeyli əvvəl aparılıb. Nəzərə alsaq ki, o vaxt exnika elə də inkişaf etməmişdi, deməli qazıntı üçün xeyli zamana ehtiyac olub. Daha bir maraqlı məqam ondan ibarətdir ki, (indiyədək Azərbaycanda neftin sənaye üsulu ilə hasilatının başlanması tarixi 1871-ci il, məkanı isə Balaxanı göstərilir. Amma Abramoviçin yazdıqlarına istinad etsək, bunun tarixi bir qədər də qədimlərə gedib çıxırmış. Nobel qardaşları Pirallahı adasında geniş axtarış-qazma işlərinə 1897-ci ildən başlayıb. O zaman hələ neft-qaz geologiyası mükəmməl axtarış-kəşfiyyat üsullarına malik deyilmiş. Elə buna görə də kəşfiyyat işləri sahibkarların şəxsi fikirləri əsasında sistemsiz həyata keçirilirdi. Necə deyərlər, kor-koranə şəkildə. Bununla belə, yataqda Azərbaycanın digər rayonlarına nisbətən qısa müddətdə kütləvi kəşfiyyat işləri aparılmış və ərazidə neftayırma və parafin zavodu tikilmişdi. Dənizdən neft və qaz çıxarmaq üçün birinci təcrübə-sınaq dəniz özüllərinin inşasına cəhd edilmişdi. 1897-ci ildə Nobel qardaşları eyni vaxtda bir neçə qazma dəzgahı ilə kəşfiyyat quyularının qazılmasına start verirlər. 1902-ci ilin dekabr ayında 44 nömrəli quyunun sınağı zamanı neft alınır və həmin vaxtdan Qirməki və Qirməki altı lay dəstəsi horizontlarında axtarış-kəşfiyyat işləri aparılır.
İlk yaşayış
Neft həm də pul deməkdir. Pul isə yaşayışı təmin edən əsas vasitədir. Elə adadakı dəyişikliklər də neftin tapılmasından sonraya təsadüf edir. Neftin tapılması ilə adada yaşayış və sənaye tikililəri, 50 min kubmetr tutumu olan anbar, 1420 kilovat gücündə istilik elektrik stansiyası, mexaniki emalatxanalar və digər istehsalat obyektləri inşa edilir. Eyni zamanda, adada quru sərhədlərdən kənarda mütəmadi şəkildə kəşfiyyat işləri aparılır. O vaxta kimi müxtəlif cür adlandırılan adaya, 1925-ci ildə inqilabçı, sovet dövlət və partiya xadimi Artyomun – F.A.Sergeyevin (1883-1921) adı verilir. 1928-1929-cu illərdə müəyyən edilir ki, adanın neft yataqlarının əsas hissəsi onun şimal sərhədlərində, Xəzərin suları altında yerləşir. Bu vaxt Bibiheybət mədənlər qrupu sistemində “Artyom” adına 10 nömrəli mədən yaradılır. Dünyada ilk dəfə Pirallahının dünya neft təcrübəsində bir ilkə sahib olduğunu da yəqin ki, çoxlarınız bilmirdiniz. Belə ki, 1935-ci ildə neft hasilatı dünya təcrübəsində ilk dəfə olaraq dənizə addımlayır. Adadan Şimala doğru böyük bir sahədə qazma işləri aparılmağa başlayır. Burada qazılmış ilk quyunun yaşı indi 78-i haqlayır. Neftçilərin sadəcə olaraq "birinci quyu" adlandırdıqları həmin 157 nömrəli quyu bu gün də neft verir. Başqa sözlə, bu quyu öz varlığı ilə neft tariximizi, dünyada ilk dəniz quyusunun məhz Azərbaycanda qazıldığını təsdiqləyir. Adanın zəngin təbii sərvəti, insan yaşayışı üçün lazımi iqlim şəraiti imkan verib ki, yeni obyektlərin tikintisi aparılsın, yaşayış evləri inşa edilsin, yeni qəsəbə salınsın. Pirallahı adasında neft hasilatı ilə məşğul olan “Abşeronneft” NQÇİ-nin (o vaxt – “Artyomneft” tresti) əsası 1936-cı ildə qoyulub. Tarixi araşdırarkən daha bir maraqlı fakta rast gəlmək olur. Sən demə, Pirallahı qəsəbəsinə hələ 1936-cı ildən Azərbaycan SSRİ Bakı şəhər Sovetliyinin Əzizbəyov rayonunu tərkibində şəhər tipli qəsəbə statusu verilibmiş. Elə həmin illərdə Bakı şəhəri tərkibində Artyom rayonu da yaradılıb və 1963-cü ilə qədər fəaliyyət göstərib. 70 il əvvələ kimi...
1941-ci ilə qədər Pirallahı sözün əsl mənasında ada imiş. Yəni buranın şəhərlə quru yolu yox imiş. Yalnız 1939-cu ildə Pirallahını Abşeron yarımadası ilə birləşdirmək məqsədilə Moskva şəhərində Yanacaq Sənayesi Xalq Komissarlığı tərəfindən “Damba” adlanan körpü-bəndin tikilməsi üçün layihə təsdiq edilir. Adanı sahillə birləşdirən körpünün tikintisi 1941-ci ildə başlanır və 1943-cü ildə başa çatır. 1943-cü ilə qədər ada ilə sahil arasında nəqliyyat vasitəsi kimi qayıq, gəmi və katerlərdən istifadə olunub. “Damba”nın tikilməsi ilə Pirallahı həm də süni yarımada statusu alır.
Ada müharibədə
Pirallahının Sovet İttifaqının almanlara müharibə etdiyi illərdə nə dərəcədə əhəmiyyətli olduğu bir daha üzə çıxır. Belə ki, burda yeni neft yataqlarının istismara başlanması 2-ci dünya müharibəsi illərinə təsadüf edir. 1947-ci ildə adanın Cənub qurtaracağında dənizdə “Gürgən-dəniz” neft yatağı aşkar edilir. 1950-ci ildə kəşfiyyat işləri nəticəsində “Darvin bankası” yatağı açılır. 1961-ci ildə “Abşeron bankası” adlanan yeni yataqda kəşfiyyat işlərindən ilk müsbət nəticələr alınır və xeyli neft hasil edilir.
“Abşeron bankası”nın istismarına 1966-cı ildən başlanılır. 1989-cu ildən “Qərbi Abşeron” neft yatağı istismara verilir və 1991-ci ildə “Artyomneft” adı ləğv edilərək idarəyə “Abşeronneft” NQÇİ adı verilir.
Adanın adı ikinci dəfə 1992-ci ildə özünə qaytarılır və Milli Məclisin qərarı ilə yenidən rəsmi olaraq Pirallahı adlandırılır. Pirallahı rayonuna daxil olan Çilov adası isə Xəzər dənizinin Abşeron körfəzində eyni adlı arxipelağa aid olan adadır. Bura el arasında bəzən "Jiloy" da deyilir. Amma qədim adı Çilov olan bu adam müxtəlif dönəmlərdə Şahilan və Ronis də adlandırılıb. Pirallahıda yerləşən Neft Daşları isə qeyd etdiyimiz kimi dünyada ilk neft platformasıdır. Bünövrəsi 1947-ci ildə qoyulub. Bura şəhər tipli qəsəbədir Abşeron yarımadasından 42 km cənub-şərqdə yerləşən bu qəsəbə dənizin dibinə bərkidilmiş metal dirəklərin üstündəki estakadalar üzərində dəniz səthindən bir neçə metr hündürlükdə tikilib. Təsəvvür edirsinizmi, dənizin dibinə bərkidilmiş qəsəbə.
Pirallahını həm də dünya kinosunun tarixinə düşmüş bir yer hesab etmək olar. Belə ki, 1999-cu ildə dünya ekranlarına çıxan və Ceyms Bondun sərgüzəştləri silsiləsindən növbəti film olan “Dünya kifayət deyil”in (ing. The World Is Not Enough) kadrları Neft Daşlarında lentə alınıb.
İntiqam VALEHOĞLU