Modern.az

Növbədənkənar Prezident seçkiləri tarixi zərurətdir

Növbədənkənar Prezident seçkiləri tarixi zərurətdir

Aktual

8 Dekabr 2023, 19:54

Cənab İlham Əliyevin 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqında verdiyi sərəncam Azərbaycanın milli maraqlarından, mövcud tarixi və siyasi zərurətdən qaynaqlanır.

 

Bu gün nəinki Azərbaycanda, o cümlədən dünyada hər kəs çox yaxşı bilir ki, Qarabağı işğaldan azad edən və Vətəni bütövləşdirən Prezident İlham Əliyevin siyasi çəkisi və nüfuzu, Ona olan xalq məhəbbəti və dəstəyi bütün dünya liderlərinin qibtə edəcəyi qədər yüksəkdədir, zirvədədir.

 

Belə bir siyasi və mənəvi mühit imkan verir ki, Azərbaycanın Lideri heç kimdən və heç nədən asılı olmadan qarşısına qoyduğu strateji hədəflərə daha qətiyyətlə yürümək və bu yolda Ona mane olmaq istəyənlərin və milli maraqlarımıza təhlükə törədənlərin qarşısını əzmlə almaq üçün gərəkən qərarları vaxtında və gecikmədən versin.

 

Gələni ilin fevralında növbədənkənar Prezident seçkilərinin təyin olunmasına məhz bu konteksdən yanaşmaq lazımdır.

 

Ona görə də şübhəm yoxdur ki, bu qərarın verilməsində tək məqsəd regionda və dünyada baş verən geosiyasi dalğalanmalardan və real təhlükələrdən Azərbaycanı etibarlı şəkildə qorumaq, ölkənin siyasi, iqtisadi və idarəetmə sistemində nəzərdə tutulan köklü dəyişikləri dövrün tələblərinə uyğun həyata keçirtmək, ölkəmizin gələcək inkişafını və rəqabət imkanlarını gücləndirmək, o cümlədən dövlətimizə qarşı açıq şəkildə hazırlanan məkrli planların qarşısını vaxtında almaq üçün Vətən müharibəsindən sonra yenidən “doğulan” güclü Azərbaycan xalqının Prezidentinə olan etimadını və mandatını daha da möhkəmləndirməkdən ibarətdir.

 

Xalqımız əmindir ki, Prezident İlham Əliyevin 2020-ci ilin sentyabrın 27-də Vətən müharibəsinə başlamaq və 10 noyabrda müharibəni qələbə ilə başa çatdırmaq, 23 aprel 2023-cü ildə Laçında dövlət sərhəd-buraxılış məntəqəsini yaratmaq və bu ilin 19-20 sentyabrında Qarabağda separatçılığa son qoymaq və suverenliyimizi bərpa etmək haqqında verdiyi taleyüklü qərarlar və əldə etdiyi tarixi nəticələr kimi 7 fevral 2024-cü ildə növbədənkənar Prezident seçkilərinin keçirilməsi haqqındakı qərarı da eyni xarakterlidir və eyni niyyətlidir, görülən işləri davam etdirməyə və əldə etdiyimiz qələbəni daha da möhkəmləndirməyə xidmət edir.

 

O ki qaldı, bəzi siyasilərin Prezident seçkilərinin erkən keçirilməsinə qarşı söylədikləri tənqidi fikirlərə, onu birmənalı demək olar ki, bu tənqidləri heç kim ciddi və əsaslı qəbul etmir.

 

Ona görə ki:

 

1) Bu adamlar çox yaxşı bilirlər ki, xalqla Prezident arasında mövcud olan sarsılmaz birliyə müdaxilə etmək və cənab İlham Əliyevlə rəqabət aparmaq mümkün deyil. Bu baxımdan, seçkilərin nə vaxt elan olunması və nə vaxt keçirilməsi nəticələrə təsir etmir. 

 

2) Siyasi partiya üçün seçkilərlə bağlı vaxt anlayışı olmur və olmamlıdır. Hamının yaxşı bildiyi kimi, siyasilər üçün sonuncu seçkinin bitdiyi gündən yeni seçkilər başlayır. Ona görə də “vaxt azdır”, “xəbərim olmadı”, “gərək öncədən deyərdilər” kimi bəhanələr yumşaq desək ciddi səslənmir.

 

Prezident İlham Əliyevin uğurlarını və qələbələrini heç zaman həzm edə bilməyən marginalların və onların xaricdəki təlimatçılarının nöbvədənkənar seçkilərə indidən "kölgə" salmaq "cəhdləri"nə isə ümumiyyətlə, əhəmiyyət vermək lazım deyil, çünki milli nankorlar heç zaman millətin yanında olmayıblar və bundan sonra da olmayacaqlar.

 

Əminəm ki, Vətən müharibəsində olduğu kimi, hər bir vətəndaşımız öz məsuliyyətini tam edərək bu tarixi seçkilərdə də yaxından iştirak edəcək, Qalib və bütöv Azərbaycanın gələcəyi naminə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirəcəkdir.

 

Azay Quliyev

Milli Məclisin deputatı 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi