Modern.az

Naxçıvan Ali Məclisinin növbəti iclası

Naxçıvan Ali Məclisinin növbəti iclası

Parlament

8 Dekabr 2023, 21:37

Dekabrın 8-də Ali Məclis sədrinin müavini Anar İbrahimovun sədrliyi ilə altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2023-cü il payız sessiyasının növbəti iclası keçirilib.

 

Modern.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Naxçıvan Muxtar Respublikası Baş naziri tərəfindən Ali Məclisə yeni təqdimatların daxil olduğunu bildirib. Həmin təqdimatda Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat nazirinin vəzifəsindən azad olunması təklif edilir. Buna müvafiq olaraq həmin məsələ gündəliyə əlavə edilib.

 

“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş), Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin yeni üzvlərinin seçilməsi, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin vəzifəsindən azad olunması məsələləri və cari məsələlər iclasın gündəliyinə salınıb.

 

Qanun layihəsi barədə Naxçıvan Muxtar Respublikası maliyyə nazirinin müavini Həsən İsmayılov məlumat verib. Bildirib ki, 2024-cü il büdcə layihəsində gəlirlər 173 milyon 105 min manat proqnozlaşdırılır. Bu da 2023-cü ilin büdcə gəlirləri ilə müqayisədə 20 milyon 883 min manat və ya 13,7 faiz çoxdur. Nəzərdə tutulan gəlirlərin 164 milyon 75 min manatı və ya 94,8 faizi Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların payına düşür. Bu isə 2023-cü illə müqayisədə 17 milyon 193 min manat və ya 11,7 faiz çoxdur. Büdcə gəlirlərinin 5 milyon manatı və ya 2,9 faizi gömrük orqanları tərəfindən təmin edilən daxilolmaların payına düşür ki, bu da 2023-cü illə müqayisədə 3 milyon 850 min manat və ya 4,3 dəfə çoxdur. Gəlirlər üzrə proqnozun 4 milyon 30 min manatının və ya 2,3 faizinin büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxil olması proqnozlaşdırılır. Bu, 2023-cü illə müqayisədə 160 min manat və ya 3,8 faiz azdır. Növbəti ildə Naxçıvan şəhəri, Babək, Şərur və Kəngərli rayonlarının büdcələri dotasiyasız olmaqla, Ordubad, Culfa, Şahbuz, Sədərək rayonlarının büdcələri isə muxtar respublikanın mərkəzi xərclərindən dotasiya ayrılmaqla planlaşdırılır.

 

Nazir müavini qeyd edib ki, Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcə layihəsində xərclər 516 milyon 365 min manat məbləğində proqnozlaşdırılır. Bu, 2023-cü ilin büdcə xərcləri ilə müqayisədə 88 milyon 648 min manat və ya 14,7 faiz azdır. Büdcə xərclərinin 458 milyon 692 min 950 manatı, yaxud 88,8 faizi cari xərclər üzrə, 57 milyon 672 min 50 manatı və ya 11,2 faizi isə əsaslı xərclər üzrə proqnozlaşdırılır. Təhsil və səhiyyə sahəsində dövlət proqramlarının maliyyə təminatının həyata keçirilməsi məqsədilə təhsil sisteminin informasiyalaşdırılması, texniki peşə təhsilinin inkişafı tədbirləri və STEAM təlim-tədris mərkəzi üçün 1 milyon 161 min 237 manat, şəkərli diabet, xroniki böyrək çatışmazlığı, hemofiliya, talassemiya və səhiyyə sahəsindəki digər tədbirlər üçün 5 milyon 55 min 605 manat vəsait nəzərdə tutulur. Növbəti ilin büdcə layihəsində dövlət əsaslı vəsait qoyuluşu, investisiya xərcləri üçün 22 milyon manat məbləğində vəsait müəyyənləşdirilib. Naxçıvan Muxtar Respublikasında ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı tədbirlərin maliyyələşdirilməsi, subsidiyaların ödənilməsi üçün 2024-cü il büdcə layihəsində 10 milyon 300 min manat məbləğində vəsait planlaşdırılıb.

 

Büdcə layihəsini uğurlu hesab etdiyini deyən İsmayıl Qəribli bildirib ki, 2023-cü ilin büdcəsi ilə müqayisədə gəlirlərin 20 milyon 883 min manat artırılması, xərclərin 88 milyon 648 min manat azaldılması, habelə dotasiyanın 109 milyon 531 min manat məbləğində azaldılması nəzərdə tutulur. Demək olar ki, bütün bəndlər üzrə gəlirlərin mənbələrində artım müşahidə olunur.

 

“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikası Qanununun layihəsi (birinci oxunuş) ətrafında geniş müzakirələr aparılıb.

 

Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov Ali Məclis Aparatında büdcəyə nəzarət qurumunun yaradılması üçün məsləhətləşmələr aparıldığını və Ali Məclisin yaz sessiyasında nəzərə alınacağını diqqətə çatdırıb.

 

“Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında” Qanun layihəsi səsə qoyularaq söylənilmiş təklif və iradlar nəzərə alınmaqla, birinci oxunuşda protokol qaydasında qəbul edilib.

 

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov büdcə layihəsinin müzakirəsi zamanı deputatlar tərəfindən qaldırılan məsələlərə aydınlıq gətirib. Baş nazir bu ildən etibarən təhsil xərclərinin bir hissəsinin mərkəzləşdirilmiş qaydada ödənildiyini və ona görə də azalma olduğunu bildirib, səhiyyə xərclərinin tələbata uyğun hesablandığını əsaslandırıb. O, kənd təsərrüfatı xərclərinin isə institusional islahatlara uyğun azaldığını diqqətə çatdırıb, digər məsələlərin isə Nazirlər Kabineti tərəfindən ikinci oxunuşda daha ətraflı cavablandırılacağını qeyd edib.

 

Sonra gündəlikdə duran ikinci məsələnin müzakirəsi aparılıb. Bağırsoylu Hüseyn Qədirulla oğlu və Zeynalov Azər Yadulla oğlunun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin İqtisadi siyasət komitəsinin üzvləri seçilməsi ilə əlaqədar hazırlanmış qərar layihəsi oxunduqdan sonra səsə qoyularaq qəbul olunub.

 

Gündəlikdə duran üçüncü məsələ - Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin vəzifəsindən azad olunması ilə bağlı bildirilib ki, Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 36-cı maddəsinin II hissəsinə uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin tərkibini Naxçıvan Muxtar Respublikası Baş nazirinin təklifi ilə Ali Məclis təsdiq edir. Eyni zamanda, Ali Məclisin Daxili Nizamnaməsinin 54-cü maddəsində Nazirlər Kabinetinin tərkibinin təsdiqi proseduru müəyyən olunub. Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin tərkibinin təsdiqi proseduru həm vəzifəyə təyin etməni, həm də vəzifədən azad etməni nəzərdə tutur. Naxçıvan Muxtar Respublikasının Baş naziri 2023-cü il 8 dekabr tarixdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Əliyev Tapdıq Vaqif oğlunun tutduğu vəzifədən azad olunması ilə bağlı təqdimat verib.

 

Təqdimat oxunduqdan sonra gündəlikdə duran məsələ ilə əlaqədar qərar layihəsi səsə qoyularaq qəbul edilib.

 

Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov cari məsələlərin müzakirəsi zamanı deputatlar tərəfindən ünvanlanan suallara aydınlıq gətirib, Nazirlər Kabinetinin səlahiyyətlərinə daxil olan məsələlərə baxılması üçün müvafiq qeydlər aparılıb.

 

Bununla da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin iclası işini başa çatdırıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi