Modern.az

Bu gün vəfat edən Yaşar Əliyevin DOSYESİ

Bu gün vəfat edən Yaşar Əliyevin DOSYESİ

Ölkə

8 Dekabr 2023, 23:22

Xəbər verdiyimiz kimi, bu gün sabiq diplomat Yaşar Əliyev dünyasını dəyişib.

 

Modern.az onun haqqında bəzi məlumatları təqdim edir.

 

Yaşar Tofiqi oğlu Əliyev 1948-ci il iyulun 5-də Bakı şəhərində anadan olub. O, Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb. 

 

Bir müddət səhiyyə sahəsində çalışıb, daha sonra siyasi arenaya daxil olub.

 

O, 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib. 1995-ci il noyabrın 12-də baş tutan Parlament seçimlərində 91 nömrəli Xanlar-Daşkəsən dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Yaşar Əliyev I çağırış Milli Məclisin deputatı seçildi. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan siyasətçi Milli Məclisin sədr müavini olub.

 

Daha sonra 2000-ci il noyabrın 5-də baş tutan Parlament seçkilərində ikinci dəfə deputat seçilib.

 

Ümummilli Lider Heydər Əliyev 2002-ci il iyulun 26-da Yaşar Əliyevə Azərbaycanın Fövqəladə və Səlahiyyətli Səfiri dərəcəsini verib. Ardınca o, Azərbaycanın Çində Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi.

 

Azərbaycan Prezidenti İlham Əliyevin 30 sentyabr 2004-cü il 407 nömrəli Sərəncamına əsasən Yaşar Əliyev, iqamətgahı Çində olmaqla, eyni zamanda Azərbaycanın Vyetnam, Şimali Koreya, Cənubi Koreya və Monqolustanda Fövqəladə və Səlahiyyətli Səfiri vəzifəsinə təyin edildi. O, 2011-ci ildə bu vəzifədən geri çağırılıb. 

 

Yaşar Əliyev "Şöhrət" ordeni ilə təltif edilib və ona Prezidentin xüsusi təqaüdü təyin edilib.

 

Rus və ingilis dillərini bilirdi.

 

Siyasətçinin qızı Səbinə Əliyeva hazırda Azərbaycanın ombudsmanıdır. O, həmçinin deputat Siyavuş Novruzovun qaynatası idi.

 

Allah rəhmət eləsin!

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi