Modern.az

Azərbaycan ilk dəfə ərazi bütövlüyü tam təmin olunmuş formada seçkilərə gedir

Azərbaycan ilk dəfə ərazi bütövlüyü tam təmin olunmuş formada seçkilərə gedir

Aktual

9 Dekabr 2023, 16:42

“Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Həm 44 günlük Vətən müharibəsində əldə olunmuş şanlı zəfər, həm də bu ilin sentyabrında Qarabağda keçirilən antiterror tədbirləri Azərbaycan dövləti və xalqı üçün yeni bir gələcək, yeni bir inkişaf mərhələsi yaratdı. Bu qələbəyə, yəni ərazi bütövlüyümüzün təmin olunmasına, suverenliyimizin bərpasına gedən yol isə hər saatı, hər anı ilə hesablanmış, planlaşdırılmış bir yol idi. Prezident İlham Əliyevin dövlətin iqtisadi gücünü qalibiyyət formuluna çevirmək bacarığı, diplomatik müstəvidə əldə olunan mühüm uğurlar, Azərbaycanın dünya birliyinə inteqrasiyası, beynəlxalq aləmdə qazanılan nüfuz, bir sıra aparıcı təşkilatlarda uğurlu təmsilçilik və rəhbərlik əldə edilən qələbələrin əsas şərti kimi çıxış etməkdədir. Ümumilikdə, Azərbaycanın son 200 illik tarixində qazandığı ən böyük uğur Prezident İlham Əliyevin qətiyyəti, uzaqgörənliyi, təmkini və böyük siyasi dühası sayəsində əldə olundu”.

Bu fikirləri Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Pərvin Kərimzadə deyib.

Deputat bildirib ki, Azərbaycanın suverenliyinin, ərazi bütövlüyünün tam təmin edilməsinə nail olmaq Prezident İlham Əliyevin fəaliyyətində hər zaman ana xətti təşkil edib.

“Dövlət siyasətimizin bütün konturları üzrə milli maraqları əsas istinad mənbəyi kimi müəyyənləşdirən Prezident İlham Əliyev Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan və artıq 3 ildir ki, tarixə qovuşmuş Qarabağ münaqişəsinin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində, yəni respublikamızın suverenliyinin və ərazi bütövlüyünün təmin olunması şərti ilə həllini tapması üçün ən real addımları həyata keçirdi. Prezident İlham Əliyev bu məqsədlə beynəlxalq platformalarda, siyasi müstəvidə Azərbaycanın ədalətli mövqeyini Özünəməxsus diplomatik məharətlə əsaslandırır, iqtisadi gücün hərbi gücə transformasiyasını təmin edir, milli vətənpərvərlik ruhunun daha da gücləndirilməsi işinə töhfənin verilməsi yönündə siyasi iradə nümayiş etdirirdi. Nəticə etibarı ilə, addım-addım gedilən Zəfər yolu 2020-ci ilin noyabrında özünün məntiqi nəticəsini ortaya qoydu. Azərbaycan öz gücünə torpaqlarını işğaldan azad etdi. Bu, Azərbaycan Prezidentinin öz xalqı və dövləti qarşısında ən böyük xidməti kimi tarixə yazıldı”.

Millət vəkilinin sözlərinə görə, bütün bunların fonunda ölkəmizin tarixində ilklər yaşanmaqdadır. 

“Belə ki, müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq bütün ölkə ərazisində prezident seçkiləri keçiriləcək. Belə ki, dekabrın 7-də Prezident İlham Əliyev növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi haqqında müvafiq Sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Prezidentinin Respublika Konstitusiyasının 101-ci maddəsinin I hissəsini rəhbər tutaraq, Azərbaycan Respublikası Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin elan edilməsi ilə bağlı qərarı öz əksini tapıb. Bundan başqa, Sərəncama əsasən növbədənkənar prezident seçkiləri 2024-cü il fevralın 7-nə təyin olunub. Beləliklə, müstəqil Azərbaycan tarixində ilk dəfədir ki, ərazi bütövlüyü tam təmin olunmuş formada seçkilərə start verir. Ona görə də, bu seçkilər cəmiyyətimizdə haqlı olaraq Zəfər seçkisi kimi səciyyələndirilir. Çünki Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev xalqa verdiyi sözə tam əməl etdi. Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa etdi, üçrəngli bayrağımızı Xankəndində, Şuşada, Xocalıda, Laçında, Kəlbəcərdə, Cəbrayılda, Zəngilanda, Füzulidə və digər rayonlarda şərəflə dalğalandırdı. Ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası həm regionda, həm də ölkəmizdə yeni reallıqlar yaradıb. Növbədənkənar seçkilər də ərazi bütövlüyümüzün və suverenliyimizin təsbitidir”.

YAP İdarə Heyətinin üzvü qeyd edib ki, bütün dünyada növbədənkənar seçkilərin keçirilməsi praktikası mövcuddur.

“Yəni, bütün dünya ölkələrində tətbiq edilən siyasi prosesdir. Seçkilər növbədənkənar keçirildiyindən vətəndaşlarımız siyasi iradələrini sadəcə olaraq vaxtından əvvəl ifadə edəcəklər. Digər tərəfdən, belə bir qərarın verilməsi Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin özünə inamının, xalqın siyasi dəstəyinə əminliyinin ən bariz ifadəsidir. “Seçki qanunvericiliyinə əsasən ölkəmizdə seçki kampaniyası 60 gün müddətində keçirilir. Həmin müddətdə Seçki Məcəlləsinə əsasən bütün namizədlər bərabər hüquqa malikdirlər və bərabər öhdəliklər daşıyırlar, namizədlərin hamısına seçkiqabağı fəaliyyət üçün bərabər şərait təmin edilir, o cümlədən təşviqat aparılması üçün mediadan bərabər istifadə şərtləri müəyyənləşdirilir. Məlumdur ki, ölkəmizdə müasir dövrün tələblərinə uyğun “Siyasi partiyalar haqında” qanun qəbul edilib. İstənilən partiya bu seçkilərdə bərabər əsasda iştirak edə bilər. Amma təəssüf ki, yenə də müxalifətin radikal qanadı növbədənkənar prezident seçkiləri qərarı ilə bağlı yanlış mövqe bildirir, ictimaiyyəti çağdırmağa çalışırlar. Əslində, bu yanaşma onların zəifliyinin nümunəsidir. Çünki heç bir sosial dayağı olmayan siaysi partiyalar seçkilərdə heç bir nəticə qazana bilməyəcəklərini yaxşı anlayırlar. Azərbaycan xalqının onlara heç bir etimadı yoxdur”,-deyən Pərvin Kərimzadə vurğulayıb ki, xalqımız birmənalı olaraq Prezident İlham Əliyevi dəstəkləyir.

“Bu mənada, qarşıdan gələn seçkilərdə də vətəndaşlarımız dövlət başçısının yanında olacaq, cənab Prezidentin xarici və daxili siyasətini, o cümlədən Qarabağda və ölkənin digər bölgələrində quruculuq işlərini fəal şəkildə dəstəkləyəcək!”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi