Modern.az

Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir - Nazir 

Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir - Nazir 

9 Dekabr 2023, 18:20

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Kofransının 28-ci Sessiyasının 9 dekabr tarixinə olan gündəliyi, Azərbaycan nümayəndə heyəti adından Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayevin çıxışı ilə yadda qalıb.

 

Modern.az çıxışı təqdim edir: 

 

"Zati-aliləri,

 

Hörmətli konfrans iştirakçıları,

 

Xanımlar və cənablar,

 

İlk növbədə, planetimizin gələcəyi naminə birgə səy göstərdiyimiz bu mühüm konfransı təşkil etdiyinə görə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına və ev sahibi ölkə Birləşmiş Ərəb Əmirliklərinə minnətdarlığımızı bildiririk.

 

Məlumdur ki, iqlim dəyişikliyi inkişaf etmiş və ya inkişaf etməkdə olan, böyük və ya kiçik olmalarına baxmayaraq bütün ölkələrə təsir edən və sərhəd tanımayan təhlükədir. İqlim dəyişmələrinin təsirləri getdikcə kəskinləşdikcə, biz səylərimizi birləşdirmək, qlobal əməkdaşlığı möhkəmləndirmək və fəaliyyətlərimizi vəziyyətin ağırlığına adekvat olmasını təmin etməliyik.

 

Qlobal istixana effekti yaradan qazların emissiyalarının cəmi 0,15%-i ölkəmizin payına düşür. Buna baxmayaraq emissiyaları azaltmaq üzrə ölkəmiz iddialı hədəflər qəbul etmişdir. Ssenarilərə uyğun olaraq qlobal istiləşməni 1,5 dərəcə daxilində saxlamaq məqsədilə, 1990-cı il ilə müqayisədə istixana effekti yaradan qazların emissiyalarının 2030-cu ilə qədər 35% azaltmağı hədəf götürmüşük. Bununla yanaşı, biz bu il Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrimizi (NDC) yeniləyərək 2050-ci ilə qədər istixana effekti yaradan qazların emissiyalarının 40% azaldılması olmaqla daha uzunmüddətli hədəf qoymuşuq.

 

Azərbaycan qlobal səylərə töhfə verməyə tam sadiqdir və iqlimə təsirlərin azaldılması üzrə fəaliyyətlərdə fəal iştirak edir. Bu fəaliyyətlərə ümumi elektrik enerjisi qoyuluşunda bərpa olunan enerji mənbələrinin payının əhəmiyyətli dərəcədə artırılaraq 2030-cu ilə qədər 30%-ə çatdırmağı hədəfləyirik. Biz həmçinin enerji səmərəliliyinin artırılması, aşağı emissiyalı nəqliyyata keçid, şəhər nəqliyyatında innovativ həllər, sənayedə aşağı karbonlu təmiz texnologiyaların tətbiqi, tullantıların idarə edilməsinin təkmilləşdirilməsi və meşələrimizin artırılması üzrə tədbirlər həyata keçiririk.

 

Qeyd etmək istərdim ki, biz hazırda azad edilmiş ərazilərdə münaqişə sonrası genişmiqyaslı bərpa, yenidənqurma və reinteqrasiya işlərini həyata keçiririk. Bu fəaliyyətlər iqlimə dost, ekoloji cəhətdən təmiz texnologiyalara, həmçinin “ağıllı” və “yaşıl” yanaşmalara əsaslanır. "Yaşıl enerji" zonasının yaradılması, dayanıqlı kənd təsərrüfatı, ekoloji cəhətdən təmiz nəqliyyat, ağıllı şəhərlər, ağıllı kəndlər kimi innovativ yanaşmalar və minlərlə hektar sahədə meşələrin bərpası vasitəsilə azad edilmiş əraziləri 2050-ci ilə qədər "Karbon Neytral" zonasına çevirmək əzmindəyik.

 

Qlobal problemlər qlobal həllər tələb edir. Buna görə, ölkəmiz də iqlim dəyişikliyi ilə bağlı mühüm addımlar atmaqdadır. Emissiyaların atılmasında tarixi məsuliyyəti və iqlim dəyişikliyinə qarşı mübarizədə ölkələrin müxtəlif imkanlarını nəzərə alaraq, fəaliyyətlərimizin əsasını təşkil etməli olan ümumi, lakin fərqli məsuliyyət prinsipini dəstəkləyirik. Həmçinin, iqlim fəaliyyətin sürətləndirilməsi üçün vacib olan adekvat maliyyə dəstəyinin və texnologiya transferinin vacibliyini vurğulayırıq.

 

Hörmətli həmkarlar,

 

Azərbaycan iqlim dəyişikliyi ilə bağlı hədəfə sadiqdir. Daha iddialı öhdəlikləri irəli sürmək üçün gəlin bu tarixi fürsətdən istifadə edək.

 

Sevindiricidir ki, Azərbaycanın COP29-a ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı qrup daxilində ümumi konsensus vardır. Biz bütün ölkələrə, xüsusən də Şərqi Avropa Qrupuna və ev sahibi Birləşmiş Ərəb Əmirliklərinə göstərdikləri dəstəyə görə minnətdarıq. Biz COP29-un uğurunu təmin etmək üçün hər kəslə əməkdaşlıq çərçivəsində inklüziv işləyəcəyik. Qoy COP28 bizi hamı üçün daha davamlı və təhlükəsiz gələcəyə aparsın.

 

Diqqətinizə görə təşəkkürlər."

Twitter
Sizə yeni tvit var
Keçid et
Əliyev Putinlə görüşə gedir