Modern.az

Azərbaycan və Ermənistanın vasitəsiz görüşü vacibdir - Britaniyalı politoloq

Azərbaycan və Ermənistanın vasitəsiz görüşü vacibdir - Britaniyalı politoloq

Aktual

10 Dekabr 2023, 15:00

Dekabrın 7-də Azərbaycan Prezidentinin Administrasiyası və Ermənistan Baş nazirinin Aparatı birgə açıqlama yayıb. Açıqlamada tərəflər arasında bir sıra razılığın əldə edildiyi bildirilib.


Razılaşmaya əsasən, Azərbaycan 32 erməni hərbçini, Ermənistan öz növbəsində 2 azərbaycanlı əsgəri azad edəcək.

 

Bundan başqa Ermənistan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək Azərbaycanın namizədliyini, Azərbaycan isə Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyəcək.

 

Həmçinin qeyd edək ki, ABŞ-nin dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O'Brayn ötən həftə Azərbaycana səfər edib. Ceyms O'Brayn Bakıda Azərbaycan və Ermənistan arasında ikitərəfli münasibətləri möhkəmləndirmək və sülhü dəstəkləmək məqsədilə Azərbaycanın vəzifəli şəxsləri ilə görüş keçirib. Görünən odur ki, tərəflər sülh danışıqları üçün vasitəçi ölkələrin iştirakı olmadan addımlar atıblar. 

 

Ekspertlər birgə açıqlamanı sülh müqaviləsinə gedən yolda müsbət nailiyyət hesab edir. Bəyanat Türkiyə, ABŞ, Avropa İttifaqı, Rusiya kimi həm regional, həm də qlobal güclər tərəfindən alqışlanıb və davamlı olmasına çağırış edilib.

 

Məşhur britaniyalı politoloq Neil Uatson Modern.az-a bildirib ki, əvvəl Ermənistanın tərəfini tutmaqla ABŞ Cənubi Qafqazda müəyyən mövqe qazanmağa, hazırkı prezident isə elektoratın bəzi hissələrini, o cümlədən böyük erməni diasporunu sakitləşdirməyə çalışırdı:

 

“Lakin bu addım əks nəticə verdi deyə bilərik. Bütün anti-Azərbaycan bəyanatlarından sonra ABŞ-ın xarici işlər nazirləri arasında danışıqlara ev sahibliyi etməsi mümkün deyildi. Bu səfər mübasibətləri düzəltmək üçün fürsət ola bilər. İndi Azərbaycanın üstünlüyü var və sülh prosesi öz şərtləri ilə getməlidir”.

 

Ekspert qeyd edir ki, tərəflər vasitəçisiz görüşə getməlidir:

 

“Görünən odur ki, tərəflərin heç bir xarici müdaxiləyə ehtiyacı yoxdur. Bu kimi proseslər göstərir ki, Azərbaycan və Ermənistan liderlərinin üz-üzə müzakirəsi vacibdir və Azərbaycan bu zərurəti vurğulamaqda haqlıdır. Düşünürəm ki, tərəflər yaxın zamanda vasitəçisiz danışıqlara başlamalıdır. Sülh danışıqları üçün növbəti görüş yeri elə iki ölkədən biri ola bilər”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI