Modern.az

Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdür - Kamran Bayramov

Azərbaycan beynəlxalq arenada müstəqil siyasət yürüdür - Kamran Bayramov

Aktual

10 Dekabr 2023, 16:34

"Azərbaycan ədaləti bərpa etdi, Qarabağ münaqişəsini tarixə qovuşdurdu, münasibətlərdə yeni səhifənin açılmasında maraqlı olduğunu bəyan etdi. Amma, Ermənistan konstruktiv mövqe ortaya qoymur, dünya isə yenə də seyrçi mövqedə dayanır.

 

Prezident İlham Əliyev "Euronews" televiziyasına müsahibəsində hazırda regiondakı gərgin vəziyyətin səbəbkarının Ermənistan olduğunu bir daha dünya ictimaiyyətinin diqqətinə çatdıraraq bildirib ki, Azərbaycan sülh sazişi üçün əsas götürüləcək beş təməl prinsipi hazırlayıb: bir-birinin ərazi bütövlüyünün qarşılıqlı surətdə tanınması, gücdən istifadə etməmə, bir-birinə ərazi iddialarının olmaması, iki ölkə arasında kommunikasiyaların açılması və münasibətlərin normallaşması. Bütün bunlar beynəlxalq hüquqa əsaslanır”.


Bu fikirləri Modern.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov bildirib.


K.Bayramov qeyd edib ki, artıq konkret addımlar atmağın vaxtıdır:

 

“Azərbaycanın təklif etdiyi və beynəlxalq hüquqa əsaslanan 5 prinsip əsasında sülh müqaviləsinin imzalanması prosesinin uzanmasında maraqlı olan Ermənistan bunu atdığı hər addımında açıq şəkildə göstərir. Azərbaycan 30 ilə yaxın işğal dövründə işğalçı dövlətin belə gedişlərinin mütəmadi şahidi olub. Danışıqlar prosesinin vaxtı yaxınlaşanda Ermənistan, ya müxtəlif bəhanələrlə yayınır, ya da cəbhə xəttində atəşkəsi pozaraq uzun müddət bu məsələnin müzakirə olunmasına çalışırdı. Təbii ki, bu hal danışıqların təxirə salınmasına yol açırdı ki, bu da öz növbəsində Ermənistana yeni müharibə planları hazırlamasına vaxt qazandırırdı. Bu gün də eyni oxşar abu-hava yaşanmaqdadar. Regionda dayanıqlı sülhün və təhlükəsizliyin təminatı məsələsi müzakirə olunur və Ermənistandan sülh müqaviləsinin imzalanması üçün konkret addım gözlənilir. Əsl reallıq isə ondan ibarətdir ki, Ermənistanda azərbaycanlıların sayı ermənilərin Azərbaycandakı sayından daha çoxdur. Dövlət başçımızın qeyd etdiyi kimi, bu, təxminən 300 min insan təşkil edir. Əgər rəsmi İrəvan Azərbaycanda erməni azlığı məsələsini əks etdirmək istəyirlərsə, onda biz də otuz il əvvəl Ermənistandan qovulmuş azərbaycanlı azlığı məsələsini daxil etmək istərdik. Ölkəmiz iki milli azlığın məsələsini, onların hüquqları və təhlükəsizliyini, o cümlədən, qayıtmaq hüququnu qeyd edir. Yəni, təkcə ermənilərin Azərbaycana qayıtması deyil, o cümlədən, azərbaycanlıların da Ermənistana qayıtması məsələsini qoyuruq. Azərbaycanlıların 30 il əvvəl qovulması və ermənilərin iki ay əvvəl ölkəmizi tərk etmək qərarı arasında fərqin əhəmiyyəti yoxdur.

 

Dünya xalqları arasında milli-mənəvi dəyərləri ilə tanınan Azərbaycan xalqı yaşatdığı və təbliğ etdiyi bəşəri ideyaları, adət-ənənələri, milli xüsusiyyətləri ilə özünəməxsus yer tutur. Azərbaycan çoxmillətli, çoxkonfessiyalı bir ölkədir. Ölkəmizdə bir çox etnik qruplar var. Bu etnik qrupların bir neçəsi və onlara mənsub olan insanlar Qarabağda erməni əhalisindən qat-qat çoxdur. Onların hamısı sülh içində yaşayır, onlar bütün hüquq və təminatlardan faydalanırlar. Dövlət başçısının vurğuladığı kimi, Qarabağ ermənilərinin hüquqları təmin olunacaqdır. Onların dil, tədris, din, bələdiyyə hüquqları nəzərə alınıb. Onlar bələdiyyə seçkiləri vasitəsilə öz nümayəndələrini seçə bilərlər və orada yaşamağa davam edə bilərlər”.

 

Deputat diqqətə çatdırıb ki, bu gün reallıqları diktə edən qalib Azərbaycandır:

 

“Yaxın gələcəkdə sülh müqaviləsi imzalansa da, imzalanmasa da Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşməyəcək. Çünki danışıqlar masasında da, sərhəddə də güclü mövqelərə sahib olan Azərbaycandır. Sülh müqaviləsi imzalanmasa da ölkəmiz rahat və təhlükəsizlik şəraitində yaşayacaq. Mühüm əhəmiyyətli islahatların və layihələrin tətbiqi ilə dünya birliyində islahatçı ölkə kimi tanınan, təşəbbüsləri beynəlxalq təşkilatlar tərəfindən dəstəklənən və yüksək dəyərləndirilən Azərbaycanın reytinqi ildən-ilə yüksəlir.

 

Bu gün iqtisadiyyatımızı şaxələndirməyə, neft və qaz sektorundan asılılığı azaltmağa nail olmuşuq. Ölkəmizə son 20 ildə 300 milyard dollardan artıq sərmayə cəlb edilib. 20 il ərzində Azərbaycanın ümumi daxili məhsulu (ÜDM) dörd dəfə artıb. Düşünülmüş sosial siyasət nəticəsində yoxsulluq səviyyəsində yaşayan əhalinin sayı təqribən 50 faizdən 5,5 faizə qədər enib. Bu, onu nümayiş etdirir ki, enerji layihələrinin həyata keçirilməsi nəticəsində əldə edilmiş sərvət əhalimizin bütün seqmentləri arasında ədalətli bölünüb. Azərbaycanda xarici borcun səviyyəsi hər il azalır. Bu gün bu rəqəm ÜDM-in 10 faizindən aşağıdır. Növbəti il üçün hədəf ÜDM-in 7 faizidir. Bu isə Azərbaycan iqtisadiyyatının dayanıqlılığını nümayiş etdirir.

 

Dövlət başçımız "Euronews" televiziyasına müsahibəsində bildirib ki, əsas dövlət xərcləri azad edilmiş Qarabağa və Şərqi Zəngəzura yönləndiriləcək. Keçmiş məcburi köçkünləri mümkün qədər tez yerləşdirməliyik. 2026-cı ilin sonunadək 140 min insanın yerləşdirilməsi planlaşdırılır. Bunun üçün isə infrastruktura, yaşayış yerlərinin inşasına və sosial infrastruktura böyük vəsait yatırılmalıdır”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI