Birinci Qarabağ müharibəsinin döyüşçüsü, ehtiyatda olan polkovnik Azay Kərimov 1992-ci ildə Şuşa ilə Laçın rayonları arasında yerləşən Kirs dağında baş vermis bir döyüşdən bəhs edib.
Modern.az-ın məlumatına görə, A.Kərimov bildirib ki, bəhs etdiyi həmin döyüşdə Milli Ordunun 49 döyüşçüsü şəhid olub:
“Böyuk Kirs dağında yüksəklik dəniz səviyyəsindən 2724 m-dir. Bu dağ Şuşadan 70 km, Laçından 30 km aralıda yerləşir. Orada baş verən döyüşdən yalnız sağ qalmış tək-tük döyuşçünün xəbəri var. Heç kim bilmir ki, şəkillərdə qürurlu görünən bu dağ, bu yüksəklik nə az-nə çox - düz 49 nəfər şəhid udub və onların qalıqlarını da bu günə kimi qaytarmır”.
A.Kərimovun sözlərinə görə, o vaxt heç bir hərbi təhsili olmayan, Şuşada vahid komandanlığı pozan bir nəfərin səhvi, məsuliyyətsizliyi, qorxaqlığı ucbatından onlarla əsgər və zabitimiz həlak olub.
“Ora sadəcə yüksəklik deyil, həm də “qəbiristanlıq”dır. Amma adi qəbiristanlıqlardakı məzarların sahibləri olur, burada isə şəhid olanların nə qəbirləri var, nə də cəsədlərinin qalıqları var, heç onları axtaranlar da yoxdur. 33 ildir ki bu, belədir.
Orada təkcə Turşsu kəndindən 7 nəfər polis itkin düşüb. Neçəsi 777 saylı hərbi hissədən, neçəsi başqa rayonlardan ezam olunmuş polis işcisi… O vaxt bizə köməyə gəlmiş könüllülərin hamısı bu dağda həlak oldu və ya əsir düşdü. Onların sonrakı aqibəti bugünə kimi məlum deyil.
Bu yüksəklik iki dağdan ibarətdir. Birinin adı "Bala Kirs", o birisi “Böyuk Kirs”di.
Bala Kirsdə yuxarıda bəsh etdiyim döyüş baş verib – orada şəhid olan, itkin düşənlər olub, bir də yaralanıb sağ qala bilən döyuşcülər var.
Onlardan arxada - yəni Böyuk Kirsdəki postda könüllülər yerləşdirilmişdi. Hər iki post bir-birinə arxalanırdı. Sən demə o döyüşdən 3 gün öncə könüllülər həmin o satqın "komandirin" əmrinə əsasən, Bala Kirsdəki böluyu məlumatlandırmadan postu tərk ediblərmiş. Bundan istifadə edən ermənilər yaxşı hazırlaşaraq 8 may tarixində Bala Kirsdəki postumuzu muhasirəyə aldılar. Hücum o qədər gözlənilməz oldu ki, döyüşçülərimiz çıxılmaz vəziyyətə düşdü. Amma ermənilərə qənimət qalmasın deyə bir ədəd T-72 tankını, 1 ədəd BM-21 Qrad qurğusunu, 1 ədəd BMP-2, 1 ədəd BMP-1 və 1ədəd BRDM döyuş maşınını dağdan dərəyə buraxmağa imkan tapdılar. Tank komandiri Albert Aqarunov o məşhur müsahibəsini bu dağda verib”.
A.Kərimovun sözlərinə görə, bu, ermənilərin Kirs dağındakı mövqeyimizə ilk hucumu idi. O bildirib ki, döyüş zamanı kimin harada şəhid olduğunu təxminən bilir. Çünki həmin savaşın iştirakçılarından biri olub. Amma aidiyyatı qurumlar hələ ki onu çağırıb Kirs dağında şəhid olanlarla bağlı dindirməyib.
A.Qorxmaz