Modern.az

Dünya Ümummilli Lider Heydər Əliyevi ANIR...

Dünya Ümummilli Lider Heydər Əliyevi ANIR...

12 Dekabr 2023, 16:02

Müasir müstəqil Azərbaycan dövlətinin banisi, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin xatirəsi Bakı ilə yanaşı, Azərbaycanın bütün bölgələrində, həmçinin xarici ölkələrdə də yüksək ehtiramla yad edilir. 

 

Modern.az xəbər verir ki, dünyanın dörd bir yanında Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar tədbirlər, mərasimlər keçirilir.

 

Belə ki, ABŞ-nin Los Anceles şəhərində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin vəfatının ildönümünə həsr olunmuş mərasim keçirilib.

 

Kaliforniyanın ən qədim məscidlərindən biri olan İnqlvud İslam Mərkəzində keçirilən mərasimdə Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində Azərbaycanda dövlət müstəqilliyinin inkişaf etdiyi, dini sabitliyin möhkəmləndiyi, müsəlman dünyası ilə əlaqələrə töhvə verildiyi qeyd edilib. Ulu Öndərin rəhbərliyi dövründə Azərbaycanda insanların bütün dinlərə sərbəst etiqad etmələri üçün yaradılmış şərait və dinlərarası dialoqa töhvəsi barədə danışılıb.


Tədbirdə İnqlvud İslam Cəmiyyətinin prezidenti Cavid Bava da çıxış edərək Azərbaycana səfəri zamanı müşahidə etdiyi dinlərarası tolerantlıq mühiti barəsində müsbət təəssüratlarını bölüşüb.


Məsciddə Heydər Əliyevin ruhuna dualar oxunduqdan sonra cümə namazı qılınıb. Mərasimdən sonra ehsan süfrəsi açılıb.  


Böyük Britaniyada da Ümumilli lider soydaşlarımız tərəfindən yad edilib.

 

Londonda fəaliyyət göstərən Britaniya Avropa Azərbaycan Məktəbi tərəfindən keçirilən tədbir Avropa Mədəniyyət Parlamentinin üzvü, tanınmış skripkaçı Səbinə Rakçeyeva, Səbinə Quliyeva, Nigar Əhmədli, Rauf Xəlilov, Sevinc Baxış, Timur Cəfərov və məktəbin digər müəllimlərinin yaxından dəstəyi sayəsində təşkil olunub.
Valideyinlər, icma üzvləri, həmçinin səfirlik əməkdaşları və onların ailə üzvləri səmimi və mehriban ab-havada keçən tədbirə heyran qalıblar.

Tədbirin başlanğıcında şagirdlər səhnədə, iştirakçılar isə ayaq üstə Azərbaycan Dövlət Himnini ifa ediblər. Daha sonra Rauf Xəlilov çıxış edərək, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş tədbirin əhəmiyyətindən söz açdıqdan sonra, məktəbin fəaliyyəti haqqında tədbir iştirakçılarına qısa məlumat verib.
Qeyd edək ki, Britaniya Avropa Azərbaycan Məktəbinin üzvləri yalnız azərbaycanlılar deyil, dünyanın müxtəlif ölkələrindən olan şagirdlərdir.

 

Türkiyənin paytaxtı Ankara şəhərində Heydər Əliyevin adını daşıyan məktəbdə Ulu Öndərin vəfatının 20-ci ildönümü münasibətilə anım tədbiri keçirilib.

 

Toplantıda çıxış edən Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova və Yeniməhəllə rayon təhsil müdiri Veli Karakuş Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın çətin günlərində hakimiyyətə gələrək ölkəni inkişaf etdirdiyini, təhsilə, gənclərə verdiyi önəmi vurğulayıblar.


Tədbir məktəb şagirdlərinin ifa etdikləri xalq mahnıları və Heydər Əliyevə həsr olunmuş müsabiqədə qalib gələn əsərlərin ifası ilə davam edib.


Tədbirin sonunda şeir, bəstəkarlıq və rəssamlıq üzrə uğur qazanan şagirdlər mükafatlandırılıb.

 

Fransanın paytaxtı Paris şəhərində də müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyev yad edilib.

 

Azərbaycanın Fransadakı Dostları Assosiasiyasının (ADA) təşkilatçılığı, ölkəmizin Fransadakı səfirliyinin və Beynəlxalq Muğam Mərkəzinin dəstəyi ilə keçirilən tədbirdə diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətin tanınmış nümayəndələri və qonaqlar iştirak ediblər. 

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, ADA-nın prezidenti, Fransanın fəxri deputatı Jerom Lamber və başqaları çıxış ediblər. Onlar ulu öndərin müdrik siyasətinin Azərbaycanın dövlət quruculuğunda, siyasi, iqtisadi və digər sahələrin inkişafındakı rolundan danışıblar.


Bu il Azərbaycan dövlətinin suverenliyinin tam bərpa olunduğunu xüsusilə vurğulayan səfir Azərbaycanın dostlarını bir araya gətirən ADA-nın çətin günlərdə ölkəmizə möhkəm dayaq, əsl dəstək olduğunu bildirib.
Azərbaycanın dostlarının hər zaman ölkəmizi, onun sülhməramlı siyasətini dəstəkləyəcəyini bildirən ADA prezidenti xalqımızın səsinin Fransada eşidilməsi istiqamətindəki fəaliyyətlərini daha da möhkəmləndirəcəklərini diqqətə çatdırıb.

 

Sloveniyanın paytaxtı Lyublyana şəhərində müasir Azərbaycan dövlətinin qurucusu, ümummilli lider Heydər Əliyevin anım tədbirləri keçirilib.

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Azərbaycan Türk Mədəniyyət Assosiasiyasının təşkilatçılığı ilə baş tutan tədbirdə diplomatik korpusun təmsilçiləri, yerli ictimaiyyətinin nümayəndələri, Azərbaycan və türk icmalarının üzvləri iştirak ediblər.

 

Qonaqlar arasında Türkiyənin Slovenyadaki səfiri Aylin Taşhan, səfirliyin müşaviri Derin Ersavci, Dünya Türk İş Şurasının Sloveniya şöbəsinin müdiri Mehmet Seyhan Muratoglu, “Yıldız Entegre” şirkətinin Slovenyadaki fabrikinin rəhbəri Adnan Aşkar, “Üzer” holdingin Sloveniya bölümünün rəhbəri Mustafa Kaslı, yerli ictimaiyyətin tanınmış nümayəndələri Aljaž Koželj, Matevž Kovačič, Armin Bektaševic, Elmedina Bektaševic (Bosniya) də olub.


Çıxışlarda görkəmli dövlət xadimi Heydər Əliyevin xalqımızın taleyində oynadığı mühüm roldan bəhs edilib. Bildirilib ki, ulu öndər təkcə Azərbaycan dövləti və xalqı üçün misilsiz xidmətlər həyata keçirməyib, həm də türk dünyasının birliyi və həmrəyliyi naminə mühüm addımlar atıb. Onun Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması arzusunun Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə gerçəkləşdiyi, hazırda Azərbaycanın regionda əsas söz sahibi olan dövlətə çevrildiyi vurğulanıb.


Ümummilli Lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyində də tədbir keçirilib.


Əvvəlcə Azərbaycan xalqının Ümummilli Liderinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.


Ölkəmizin Türkmənistandakı səfiri Qismət Gözəlov və qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar.


Tədbirdə çıxış edən səfir Ümummilli Liderin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib.


Çıxış edən diplomatik korpusun duayeni, Özbəkistanın Türkmənistandakı səfiri Akmaljon Kuçkarov və Türkiyənin Türkmənistandakı səfiri Toqan Oral Ulu Öndər haqqında öz fikir və mülahizələrini bölüşüb, ömrünü xalqına fədakar xidmətə həsr etmiş dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildiriblər.


Tədbirdə həmçinin, Türkmənistan Xarici İşlər Nazirliyinin nümayəndəsi, Qazaxıstan və Qırğızıstanın Türkmənistandakı səfirləri, eləcə də ictimaiyyət və media təmsilçiləri iştirak edib.


Sonda tədbir iştirakçlarına Azərbaycanın xalq şairi Zəlimxan Yaqubun Ümummilli lider Heydər Əliyevə həsr etdiyi, türkmən dilində dərc edilmiş “Əbədiyyət dastanı” (Ebedilik dessany) poemalar kitabı təqdim olunub.


Ümummilli lider Heydər Əliyevin anım günü münasibətilə Azərbaycan Respublikasının Qazaxıstandakı Səfirliyində tədbir keçirilib.

 

Azərbaycanın Qazaxıstandakı səfiri Ağalar Atamoğlanov və qonaqlar Ulu Öndər Heydər Əliyevin səfirlikdəki büstü önünə gül və çiçək dəstələri qoyublar.

Tədbirdə çıxış edən səfir Ağalar Atamoğlanov ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti, böyük dövlətçilik təcrübəsi, Azərbaycanın rifahı naminə gördüyü işlər, beynəlxalq aləmdə ölkəmizin mövqeyinin möhkəmlənməsi sahəsində fəaliyyəti haqqında geniş məlumat verib.


Gürcüstanın Tbilisi və Rustavi şəhərlərində də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım günü ilə əlaqədar abidələri ziyarət olunub.

 

Ulu Öndərin vəfatının 20-ci ildönümü ilə əlaqədar keçirilən mərasimdə Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyev və Səfirlik əməkdaşları iştirak edib.

Ulu Öndərin abidələri önünə gül dəstələri düzülmüş və əziz xatirəsi dərin ehtiramla yad olunub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI