“İranlı deputatların Bakıya edilən səfəri haqqında bizim də ətraflı məlumatımız yoxdur. Çünki bu görüş rəsmən təsdiq olunmalıdır”. Bunu Modern.az-a açıqlamasında Milli Məclisin İran dostluq qrupunun üzvü, deputat Fazil Mustafa deyib.
Millət vəkili səfər çərçivəsi zamanı müzakirə olunacaq məsələlərə toxunub: “İranla Azərbaycan arasında müzakirə ediləcək xeyli məsələlər var. Bu məsələlərin başında bütövlükdə ticarət əlaqələrinin inkişaf etdirilməsi, İranın Ermənistanla münasibətlərinin aydınlaşdırılması, Azərbaycanda xüsusilə radikal dini təmayüllərlə müəyyən dərəcədə İran dairələrinin əlaqələrinin Azərbaycan dövləti üçün müəyyən problemlər yaratması məsələsi gündəmə gələ bilər. Eyni zamanda, bir sıra məsələlərin müzakirəsi söhbət zamanı ortaya çıxacaq”.
Qeyd edək ki, İran mətbuatının xəbərinə görə, sentyabrın 23-ü bir qrup İran parlament nümayəndələrinin Azərbaycana səfər edəcəyi, azərbaycanlı deputatlar və Milli Məclis sədri Oqtay Əsədovla görüşəcəyi nəzərdə tutulur.
Namidə BİNGÖL