İcbari Tibbi Sığortanın Xidmətlər Zərfi ilə ölkədə geniş yayılmış, əlillik və ölüm riski yüksək olan xəstəliklərin stasionar şəraitdə cərrahi müalicəsi qarşılanır.
Modern.az xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev bildirib.
O qeyd edib ki, dövlət tibb müəssisələrində icra olunan əməliyyat və prosedurların sayında illər üzrə artım müşahidə edilir:
"Nəzərə alınmalıdır ki, bu, 2023-cü il üzrə göstərici noyabr ayınadək olan statistikadır. Belə ki, bu il 358 772 əməliyyat və prosedur həyata keçirilib.Tibb müəssisələri tərəfindən stasionarda cərrahi profil üzrə məlumatların elektron reyestrdə qeydiyyatı və emalı davam edir.
Əməliyyatların 74%-i planlı əməliyyatların payına düşüb.
Ən çox icra olunan əməliyyatlar: ginekoloji, gözdə və ürək-damar sistemində aparılanlar olub. Əməliyyatların ən çox icra edildiyi tibb müəssisələri sırasında ilk yerdə Kliniki Tibbi Mərkəz dayanır.
Göstəricilər vətəndaşlara lazım olan əməliyyatların dövlət xəstəxanalarında icrası görülən tədbirlər nəticəsində mümkün olduğunu deməyə əsas verir. Biz buna çalışırıq".