Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlar nəticəsində Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin ofisi tərəfindən 7 dekabr tarixində birgə bəyanat verilib. Bəyanata əsasən, iki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edib.
İki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.
Bu prosesin davamı olaraq gələcəkdə iki ölkənin deputatlarının görüşlərinin baş tutması, eyni zamanda sülh müqaviləsi bağlandıqdan sonra parlamentlərarası işçi qrupunun yaradılması da maraq doğuran məsələlərdəndir.
Azərbaycan əlaqələr qurduğu bütün dövlətlərlə parlamentlərarası işçi qrupu yaradır. Belə qruplar parlament diplomatiyasının mühüm elementidir. Hazırda Azərbaycanın 100-ə yaxın ölkə ilə parlamentlərarası işçi qrupu mövcuddur.
Azərbaycan və Ermənistan arasında parlamentlərarası işçi qrup yaradıla bilərmi?
Milli Məclisin deputat Soltan Məmmədov Modern.az-a bildirib ki, işçi qrupun yaradılması Ermənistanın mövqeyindən asılıdır, Azərbaycan heç vaxt Ermənistanla birbaşa ikitərəfli danışıqlardan imtina etməyib:
“Əksinə, ən müxtəlif səviyyələrdə dəfələrlə bəyan edib ki, regionda davamlı sülhün əldə olunması, əməkdaşlıq və inkişaf mühitinin yaradılması üçün birbaşa danışıqlara hazırdır. Eyni zamanda, müxtəlif beynəlxalq təşkilatların, dövlətlərin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına töhfə vermək cəhdlərini alqışlayır. Ən vacib məqam bundan ibarətdir ki, sülh prosesinə dəstək vermək istəyən üçüncü tərəflər bu niyyətində səmimi olsun, tərəfsiz və qərəzsiz mövqedən çıxış etsin. Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq yüksək qiymətləndirilir. Bəyanatda da qeyd olunduğu kimi, tərəflərin sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşməsi, münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyəti Cənubi Qafqazın tarixində yeni bir səhifə açılacağına ümid etməyə əsas verir. Məhz bu kontekstdə yanaşsaq, sülh sazişinin imzalanması münasibətlərin normallaşması, o cümlədən ən müxtəlif sahələrdə əlaqələrin qurulması üçün imkanlar aça bilər".
İndiki halda Azərbaycanla Ermənistan arasında münasibətlərin perspektivləri daha çox Ermənistanın bundan sonra atacağı addımlardan asılıdır. Çünki Azərbaycan beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanan sülh sazişinin imzalanmasında maraqlı olduğunu dəfələrlə bəyan edib. Ermənistan sülh prosesinə və üzərinə götürdüyü öhdəliklərə sadiq qalacağı təqdirdə bütün sahələrdə, o cümlədən paralmentlər arasında əlaqələrin qurulması mümkün ola bilər”.
Deputat Kamran Kamran Bayramov da iki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra parlamentlərarası əməkdaşlıq qrupunun yaradıla biləcəyini bildirib:
“Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması, sülh müqaviləsinin hazırlanıb imzalanması, iki öllkə arasında qarşılıqlı etimadın qurulması və gücləndirilməsi istiqamətində çox güclü addım sayıla bilər. Birgə bəyanat onu göstərdi ki, iki ölkə heç bir vasitəçi olmadan birbaşa təmaslar vasitəsilə sülhə getmək olar. Deyə bilərik ki, birgə bəyanat sülhü yaxınlaşdırır. Həmçinin bəyanat bir neçə məqamları da özündə ehtiva edir. Bir gün əvvəl həbsdə olan hərbçilərin mübadiləsi həyata keçirildi. Bu da qarşılıqlı etimadın möhkəmləndirilməsinə xidmət edən addımdır".
O deyir ki, qarşılıqlı etimadın gücləndirlməsi istiqamətində parlamentarilər arasında da təmasların qurulması çox vacibdir:
"Sülh müqaviləsi imzalandıqdan sonra qarşılıqlı ərazi bütövlüyünün tanınması, sərhədlərin toxunulmazlığı prinsipləri nəzər alınaraq belə təmaslar qurula bilər. Həm parlamentarilər, həm də vətəndaş cəmiyyətləri arasında belə təmasların qurulması gələcəkdə mümkün ola bilər. İki ölkə arasında diplomatik əlaqələrin qurulmasından sonra parlamentlərarası əməkdaşlıq qrupu da yaradıla bilər. İki ölkə arasında müvafiq münasibətlər qurulmalıdır ki, hökumətlərarası, eyni zamanda parlamentlərarası dostluq qrupunun yaradılmasından danışa bilək”.