Modern.az

Deputat: “Bakı, Gəncə və Sumqayıtın bələdiyyə xəritəsində nöqsanlar var”

Deputat: “Bakı, Gəncə və Sumqayıtın bələdiyyə xəritəsində nöqsanlar var”

18 Sentyabr 2013, 10:01


Uzun müddət bələdiyyələrin üzləşdikləri problemlərdən biri də onlara məxsus ərazilərin dəqiq müəyyənləşdirilməməsidir. Bu məsələ xüsusilə Bakıda daha qabarıq şəkildə özünü göstərir. Hətta bir neçə dəfə bir bələdiyyə digərinə məxsus ərazini satıb və sonradan bununla bağlı ciddi insident yaşanıb. 
Məhz bu cür problemləri aradan qaldırmaq üçün prezident 2011-ci ildə bələdiyyə torpaqlarının sərhədlərinin müəyyənləşdirilməsi haqqında sərəncam imzalayıb.  
Bir müddət əvvəl isə bu sərəncama uyğun olaraq bələdiyyə torpaqlarının xəritəsinin hazırlanmasına başlanılıb. Bələdiyyə torpaqlarının xəritəsinin sentyabr ayında təhvil veriləcəyi deyilsə də, hələ ki, proses yekunlaşmayıb.

“Bələdiyyə torpaqlarının xəritəsinin hazırlanması ilə bağlı işlər davam etdirilir”. Bu barədə Modern.az-a Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev bildirib.

Deputat qeyd edib ki, rayonlarda bələdiyyələrin ərazi vahidləri məlum olsa da paytaxtda bələdiyyə torpaqlarının əraziləri hələ ki, müəyyənləşməyib.

“Kənd rayonlarında 1999-cu ildə bələdiyyə seçkiləri zamanı onlara xəritələr təqdim olunub. Amma Bakı, Gəncə və Sumqayıt kimi böyük şəhərlərdə bələdiyyə torpaqlarının müəyyənləşdirilməsində müəyyən nöqsanlar var. Hələ ki, bunlar müəyyənləşdirilməyib”.

Tahir Rzayevin sözlərinə görə, 1999-cu ildə bələdiyyə seçkilər zamanı rayon yerlərində bələdiyyə torpaqlarının sahələri müəyyən edilərək xəritəsi tərtib olunsa da, Bakıda bələdiyyə torpaqlarının əraziləri hələ ki, müəyyən olunmayıb.

“Hazırda bu sahədə işlər gedir. Artıq bir neçə ildir ki, bələdiyyə torpaqlarının xəritəsinin hazırlanması prosesi gedir”.

Gültəkin ƏLƏSGƏR   

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular