“Rəhbərliyin tapşırdığı işin axırına çıxmayınca əl çəkmirdim”
Modern.az saytının müsahibi tanınmış telejurnalist Akif Məcidoğludur.
- Televiziyaya ilk gəlişinizdən başlayaq. Necə oldu ki, AzTV-də işə düzəldiniz? İşə düzəlməyinizdə kiminsə köməyi oldumu?
- Pedaqoji İnstitutun Filologiya fakültəsini bitirmişdim. Bir müddət Xaçmazda müəllim işlədim. Sonra Bakıya qayıtdım. Ailə qurdum. Radionun “Gənclik” redaksiyası ilə ştatdankənar əməkdaşlıq da edirdim. O vaxtlar atamın bibisi oğlu Qurban Əliyev maarif naziri işləyirdi. AzTV-nin sədri Elşad Quliyevdən xahiş etdi ki, məni işə götürsün. Daha doğrusu? yaradıcı bir iş istəyirdim. Əvəzində isə məni Filmotekaya texniki işçi götürdülər.
- Yəqin nazir qohumunuz yaxşı tapşırmayıbmış...
- Ola bilər (gülür). Fəhləlikdən başlamağın da öz ləzzəti var. Amma paralel olaraq redaksiyalarla əməkdaşlığımı da davam etdirirdim. Özümü göstərirdim. Bir müddətdən sonra dublyaj redaksiyası açıldı və Elşad müəllim mənim istedadımı və işgüzarlığımı qiymətləndirib ora keçirtdi. 1981-ci ildən isə “Xəbərlər” redaksiyasında işləməyə layiq bildilər.
- “Xəbərlər” “Dublyaj”dan tam fərqli bir sahədir. Çətin deyildi ki, sizin üçün?
- Baş redaktorumuz Ənvər Qafarlı çox tələbkar və ciddi adam idi. İşçilər arasında rəqabət də böyük idi. Alı Mustafayev, Telli Pənahqızı, Solmaz Əmirova, Nadir Abdullayev, Qərib Əhmədli kimi tanınmış jurnalistlərin arasına düşmüşdüm. Məsuliyyət çox yüksək idi. Beləcə işləyə-işləyə hörmət qazandım, Ənvər Qafarlının sevimlisinə çevrildim. Hər iclasda məni nümunə göstərirdi. Deyirdi ki, “gedin ondan öyrənin, burada necə il işləməklə deyil ki...”.
- Onlardan fərqiniz nə idi ?
- Mənə tapşırılan işin axırına çıxmayınca əl çəkmirdim. Bir prinsip var, əgər qapını bağlıyırlarsa, jurnalist pəncərədən girməlidir. Rəhbərlik bir işi tapşırırdı və mən onu yerinə yetirməyənəcən rahat olmurdum. Özü də operativ.
- AzTV-də jurnalist işləmisiniz, yoxsa diktor?
- AzTV-də əvvəllər belə idi . Saat 20.00-da “Günün ekranı” efirə gedirdi, gün ərzində isə “Xəbərlər” buraxılışları. Bizdə ştatın adı “redaktor” idi. Amma paralel olaraq aparıcılığım da olub. Daha çox gecə xəbərlərində efirə çıxırdım.
- Neçə il AzTV-də işləmisiniz?
- 1978-ci ildən 2007-ci ilə qədər. Belə deyək də.... 30 il.
- O dövrlər AzTV-də işləyənlər indi müxtəlif vəzifədədirlər, dövlət qulluqçusudurlar. Sizə belə təkliflər olubmu?
- Düzdür, mənə elə təkliflər gəlirdi, çox nazirliklərdən. Ancaq mən istəmirdim. Öz işim daha maraqlı idi. Düzdür, səhər saat 9-da evdən çıxıb, gecə yarısı geri qayıdırdıq. Bir gündə 5 çəkiliş də etsəydik, yorulmazdım. İşimin vurğunu idim.
- AzTV-də çalışdığınız müddətdə daha çox tərif etmisiniz, yoxsa tənqid?
- Mən belə deməzdim. “Xəbərlər” çox sahəli bir yerdir. Elə gün olurdu ki, prezident çəkilişinə gedirdim. Səhəri gün xaricə uçmalı olurdum. O biri gün yanğın, yaxud yol qəzası çəkirdim. Məişət problemləri, zibillik, iclas, şirkət, mitinq, məktəb, bağça, yol. Bütün sahələrdə çəkilişlər etmişəm. Tərif də olub, tənqid də, təbliğ və ya reklam da. Çox maraqlı iş idi. Hər cür adamlarla rastlaşırdıq. Müxtəlif yerləri görürdük. İstər Azərbaycanın rayonları olsun, istərsə də xarici dövlətlər.
- 90-cı illərdə baş verən proseslər, mitinqlər… bunlar yaddaşınızda necə qalıb?
- Meydan hərəkatı başlayandan televiziyamız həmişə mərkəzdə olub. Canlı yayımlar verirdik. Sizin üçün maraqlı olar yəqin. Bir məqamı nəzərinizə çatdırmaq istəyərdim.
Milli Məclisin qarşısında prezidentliyə namizədə tətbiq olunan, daha doğrusu Heydər Əliyevin hakimiyyətə gəlişini əngəlləmək üçün tətbiq edilən yaş senzinin aradan qaldırılması üçün mitinq keçirilirdi. Mənə də tapşırıq verilmişdi ki, bir süjet hazırlayım.
Heydər Əliyevi müdafiə edənlərin yanına gəldim. Orda çıxış edənlərdən rəhmətlik Murtuz Ələsgərovu yaxşı tanıyırdım. AzTV-də “Planetimizin mənzərəsi” verilişini aparırdı. Ondan və daha üç nəfərdən müsahibə aldım. Sonralar bildim ki, bunlar indi yaxşı tanıdığımız Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov, Rizvan Vahabov və general-leytenant Məhərrəm Əliyev imiş.
Nə isə müsahibələri alıb, süjeti hazırladım. Rəhbərlik baxanda dedi ki, bu efirə gedə bilməz. Onda inadkarlıq göstərib, materialı efirə verməyə razı saldım. Süjetimin qəhrəmanları sonralar həyatda çox şey qazandılar. Buna layiqdilər də. Amma səhərisi günü mənə yağlı bir töhmət yapışdırdılar.
Üstündən xeyli keçmişdi. Suraxanıda aparılan abadlıq işləri ilə bağlı çəkilişə getmişdim. İcra başçısı məni çox mehribanlıqla qarşıladı. Onda yadıma düşdü ki, bəs ovaxtkı müsahiblərimdən biridir. Hacıbala müəllim dedi ki, “bəs Akif, həmin süjet efirə gedəndən sonra Heydər Əliyevimiz Naxçıvandan evimə zəng elədi. “Çox gözəl danışdın” dedi. İndi də etimad göstərib, Suraxanıya icra başçısı təyin edib”. Eləcə də Məhərrəm Əliyev o süjeti heç vaxt yadından çıxarmır. “Sənin o müsahibələrin bizə çox kömək etdi” deyir.
- Bəs Rizvan Vahabov?
- Bilirsinizmi qədirbilənlik, yaxşılıq unutmamaq, hörmət saxlamaq, yaddan çıxarmamaq böyük insanlara xas xüsusiyyətdir. Necə ki, Hacıbala Abutalıbov, general Məhərrəm Əliyev. Rizvan Vahabovdan danışmaq istəməzdim. Çünki həyat davam edir.
- O vaxtlar televiziyada belə müsahibələrə görə töhmət yox, işdən də çıxara bilərdilər.
- Düz deyirsiniz, amma gördülər ki, çıxartsalar nəsə itirə bilərlər. Ona görə də qaldım və işimə davam etdim. Biz çapar idik, hara lazım idi göndərirdilər. Məni xüsusilə. “Syomka”lara, yəni ki çəkilişlərə çox getdiyimə görə adımı “Syoma” qoymuşdular.
- Onda “Xəbərlər” xidmətində üç Akif var idi. Bu çaşqınlıq yaratmırdı ki? Sizi səhv salmırdılar ki?
- O qədər… Akif adı gələn kimi elə sədrin köməkçisi birinci məni çağırırdı. Çünki çəkilişlərdə ad çıxarmışdım. Sədrin otağına girəndən sonra məlum olurdu ki, məni yox Akif Cabbarlını deyibmiş...
- Neçə sədrlə çalışmısınız?
- Məmməd Murad, Məmməd İsmayıl, Qeysər Xəlilov, Nizami Xudiyev, Arif Alışanov, Qurban Yusifzadə, Elşad Quliyev.
- Ən çox hansının idarəetməsi xoşunuza gəlib?
- Elşad Quliyevin. Kiçik redaktorluqdan sədrliyə gəlmişdi. İşi də gözəl bilirdi.
- İşlədiyiniz müddətdə öyrənmisiniz, yoxsa öyrətməyə də çalışmısınız?
- Həmişə öyrənməyə çalışmışam. Öyrətdiyim vaxtlar da olub. Cavanlar, jurnalistika fakültəsindən təcrübəçilər gələndə çoxları onları gözümçıxdıya salırdı, bu da mənə pis təsir edirdi. Onları yığıb çəkilişə aparırdım, öyrədirdim. İndiyə qədər o uşaqlar məni harda görsələr, hörmətlə yanaşırlar. O biri işçilər isə altdan-altdan mənə deyirdilər ki, “neynirsən öyrədirsən, sabah gəlib sənin yerində oturacaqlar”. Mən də cavab verirdim ki, “biz burada oturub durası deyilik. Yeni nəsil gəlməlidir”. Gənclərlə işləməyi çox sevirəm.
- AzTV-də məktəb qoymusunuz?
- O uşaqlar ki, indi işləyirlər, onlar elə mənim məktəbimdir. Onların sorağı gələndə sevinirəm ki, davamçılarım var.
- Bəs ad qoymusunuz? İmzanızı təsdiq edə bilmisiniz?
- Bunu tamaşaçılar deyə bilər. Amma hara gedirdimsə, hamı şikayətlərini mənə bildirirdi. Hətta jurnalist həmkarlarımız da kömək üçün müraciət edirdilər. Mən də birinci heç vaxt kameranı götürüb çəkilişə getməzdim. Öncə zəng edirdim, problemi deyirdim. Çalışırdım ki, ictimailəşdirmədən həll edim məsələni. Telefonda məni borclu çıxartsaydılar və ya problemi inkar etsəydilər, onda çəkilişə yollanırdım. Nəticəsi də pis olurdu. Ya həmin vəzifəli şəxsə ən yaxşı halda töhmət verirdilər, ya da işdən çıxarırdılar. Sonra da deyirdilər ki, “Akif pislik elədi”.
Bir hadisə danışım. Sədr Nizami Xudiyevlə müavini Arif Alışanov gecə saat 11-də Bulvarda gəzərkən işıqlar sönür. Redaksiyaya zəng etdilər ki, “Akifə deyin gəlsin Bulvara çəkilişə. Araşdırsın ki, işığı niyə belə erkən söndürürlər, camaatın gur vaxtında” və sairə. Yaxud da sədr gecə 11-də bağa gedəndə yol qəzası görürdü, zəng edirdi ki, “Akif gəlib çəksin”. Çəkdiyim problemlər həllini tapdığı üçün, həmən məni axtarırdılar.
Qeyd edim ki, Bakıda tikinti bumunun yaranması və yeni göydələnlərin tikilməsinə səbəbkarlardan biriyəm. Əvvəllər şəhərdə çox yerdə yarımçıq tikililər var idi ki, zibilliyə çevirmişdilər. Mən də Mahirlə (Mahir Qabiloğlu-red.) gedib çəkirdik. Hətta Prezident səviyyəsində bu tənqidlərə reaksiya verilirdi. Nəticədə isə zibilliklər təmizlənir, tikinti bərpa olunurdu. Elə Sizin Modern.az saytının yerləşdiyi bina da bizim çəkilişimizin məhsuludur.
Neçə dəfə olmuşdu ki, Prezident Heydər Əliyev Mahirlə bizim birgə işimizi tərifləmişdi. “AzTV gedir çəkilişə, tənqid edir, efirə verir. Üstündən bir həftə keçəndən sonra yenidən mövzuya müraciət edirlər. Nəticə çıxarıblarsa, yaxşını çəkib göstərirlər. Düzəlməyibsə yenidən tənqid edirlər”.
- Çəkilişlərinizdən sonra sizinlə kobud davranan, sizi görəndə lənət oxuyan olub?
- Yox heç vaxt. Elə şey olmayıb. Çünki nə çəkdiyimi yaxşı bilirdim. Fakt nə idisə onu da göstərirdik. Əksinə alqış qazanırdıq.
- Efirdə hansı təxəllüslə tanınmışdınız?
- Akif Məcidoğlu. Familiyam isə Qurbanovdur.
- Bəs soy kökünüz hardandır, deyilənə görə bəy nəslindənsiniz?
- Babamın adı Qurbanəli bəy olub, İrəvan quberniyasında yaşayıblar. Tanınmış bəylərdən olub. 40-cı illərdə qaçqın düşəndə bizimkilər gəlib Gəncə, Şəmkir, Xanlarda məskunlaşıblar. Atam Məcid Qurbanəli adının soyad kimi Qurban hissəni, əmisi oğlu, görkəmli ictimai xadim, akademik Zərifə xanım Əliyevanın atası Əziz Əliyev isə soyad kimi Əli hissəsini götürüb. Əmioğlu olmaqlarına baxmayaraq onlar Əliyev, biz isə Qurbanov kimi tanınmışıq. Əslinə qalanda isə familiyamız Qurbanəliyev olmalıydı. Xalçaçı-rəssam Kamil Əliyev atamın bibisi nəvəsidir. O da həmin nəsildəndir.
- Onda “Dan” ulduzunun bədii rəhbəri Gülarə Əliyeva da sizinlə qohumdur?
- Açığı mən o ailənin ən sevimlisi idim. Əmiuşağı sayılırdım. Tamerlan Əliyevlə də həmçinin, çox yaxın idik, bacısı Dilbər - ədliyyə naziri Fikrət Məmmədovun anası Dilbər xanımı deyirəm.
- Ailə qohumluğunuzun həyatda sizə bir köməkliyi olubmu?
- Yox olmayıb. Balaca faktı əvvəldə dedim ki, Qurban Əliyev Elşad Quliyevə zəng etdi ki, mənim qohumumu işə götür. O da ali təhsilli məni filmotekaya texniki işçi götürdü.
- Bəs əlaqələriniz neçə…?
- Onlardan çoxu dünyasını dəyişib. Bircə akademik Cəmil Əliyevdir ki, onunla da adi münasibətimiz var.
- AzTV-dən niyə uzaqlaşdınız?
- Bu günəcən səbəbin mən də bilmirəm. Özümə də maraqlıdır.
- ATV-yə gəlməyiniz necə oldu?
- Bir müddət televiziyadan uşaqlaşdım. Inter.az-da işlədim. Həm də “Ria-Novosti” agentliyinin Azərbaycan üzrə bölməsinin müxbiri oldum. ATV-yə isə rəhbər dəyişikliyindən sonra keçdim. Burdakı iş rejimi, yaradıcı mühit ürəyimcədir.
- Gənclərlə işləmək necədir?
- Çox rahatdır. Öyrənmək istəyirlər.
- Bəs gənc jurnalistlərimizi necə qiymətləndirirsiniz?
- Yaxşı jurnalistlər var. Amma içində jurnalist olmayan, küyə düşüb gələnlər də var. Vaxt gələcək ələnəcəklər.
- Peşəkar jurnalist kimi bu günümüzün mediasını necə qiymətləndirirsiniz?
- Təcrübəli jurnalistlərimiz çoxdur. İndi əvvəlkindən daha çox sözlərini sərbəst çatdıra bilirlər. Hətta ifrata da varırlar. Gözəl başlıqlar seçib oxucunu cəlb edənlər də olur. Amma oxuyanda görürsən ki, içində heç nə yoxdur.
- Övladlarınız nə işlə məşğuldur?
- Övladlarım mənim yolumu getməyib. İqtisadiyyat sahəsində çalışırlar.
- AzTV-də yaşadığınız maraqlı hadisələr barədə danışa bilərsiniz?
- Xariclə əlaqələrin təzə yarandığı vaxtlar idi və bizə xaricdə o qədər də yaxşı baxmırdılar. Elə Türkiyənin özündə də. “Bir millət iki dövlət” deyirik. Amma başqa cür davranırdılar. O vaxt AZAL-ın sərnişin təyyarələri İstanbula uçanda Atatürk hava limanına deyil, yükboşalan, Karqo deyilən yerə salırdılar. AZAL-ın üzləşdiyi bu problemi araşdırmaq üçün çəkiliş qrupumuz İstanbula ezam olundu. Mövcud vəziyyəti, azərbaycanlı sərnişinlərin yüklərin arasından çətinliklə keçdiyini çəkdik. Sonra Atatürk hava limanın rəhbərinin ofisinə getdik. Dedilər ki, rəhbərlik yerində yoxdur. Mən də onun kabinetinin qabağında “stand up” etdim ki, “bir millət iki dövlət deyirik, bəs bizə belə “hörmət” haradandır? Özbək, türkmən, qırğız hamısı Atatürk hava limanında düşür, bizi isə yük kimi karqoya boşaldırlar”. Bu “stand up”dan sonra AZAL-ın o vaxt İstanbuldakı nümayəndəsi olan Cahangir Əsgərova zəng elədilər ki, geri qayıdaq. Bəs “müdir sizi axtarır və müsahibə vermək istəyir”. Sonda da məlum oldu ki, demə aeroportun rəhbərliyi yarı erməniymiş. Ona görə belə edirmiş. Elə oradaca söz verdi ki, bundan sonra Azərbaycan təyyarələri Atartürk hava limanında eniş edəcək. Elə də oldu. Onu da qeyd edim ki, bu reportajın çəkilməsində AZAL-ın indiki baş direktoru Cahangir Əskərovun və xanımı Zərifə Həmzəyevanın böyük köməkliyini hiss etdik.
Aytən Əliyeva