Modern.az

Cahangir Əsgərov getsə də, şikayətlər bitməyib - Təyyarə biletləri ucuzlaşıb?

Cahangir Əsgərov getsə də, şikayətlər bitməyib - Təyyarə biletləri ucuzlaşıb?

18 Dekabr 2023, 17:52

“Azərbaycan Hava Yolları” (AZAL) ilə bağlı narazılıqlar tükənmək bilmir. Sentyabrın 1-də Cahangir Əsgərov AZAL-ın prezidenti vəzifəsindən azad edilib. Cahangir Əsgərov digər hava yolları ilə müqayisədə AZAL-ın bilet qiymətlərinin olduqca baha olması barədə şikayətlərin artması fonunda işdən çıxarılıb. Prezidentin sərəncamı ilə onun yerinə müvəqqəti olaraq QSC-nin birinci vitse-prezidenti Samir Rzayev gətirilib. 

 

Cahangir Əsgərovun vəzifəsindən uzaqlaşdırılmasından sonra AZAL-da bir sıra dəyişikliklər edilib, müxtəlif layihələr icra edilib. Bakıdan dünyanın müxtəlif şəhərlərinə ucuz qiymətə uçuşlar təşkil edilib. Lakin şikayətlər bitməyib.

 

Sosial şəbəkələrdə və mətbuatda hələ də qiymətlərin, xüsusilə qonşu ölkələrə səfərlərin olduqca baha olduğu bildirilir.

 

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Fazil Mustafa bildirib ki, Cahangir Əsgərov vəzifədən gedəndən sonra AZAL-da xeyli islahat xarakterli addımlar atılır:

 

"Bilet qiymətlərində, çoxşaxəli uçuşların təmin edilməsində müsbət yöndə dəyişikliklər var. Biz, dəfələrlə, bu istiqamətlərdə narazılığımızı bildirmişik. Görünən odur ki, yeni rəhbərlik müsbət addımların atılmasında maraqlıdır. Bir neçə dəfə ictimaiyyət nümayəndələri, parlament təmsilçiləri ilə görüşdə də bunu dilə gətiriblər. Əməli sürətdə də addımlar atılır. Bunun davamlı olacağına ümid edirəm. Çünki həqiqətən də narazılıq yaradan sahələrdən biriydi. Bu sahədə yenilikləri görürük. Sərhədlərin bağlı olduğu bir vaxtda AZAL-ın vətədaşlara kömək etməsi olduqca vacibdir. Vətəndaşların müəyyən problemlərinin azadılması olduqca əhəmiyyətlidir. Bu istiqamətdə düşünmək lazımdır. Yəni vətəndaş mərkəzli  çalışmaları artırmaq lazımdır. Bu tendensiya qneedicidir. Son vaxtlar xeyli irəliləyişlər var. Bu islahatlar davam etsə, AZAL-ın özünün də etibarlılığı daha çox artmağa başlayacaq”.

Milli Məclisin digər deputatı Tahir Rzayev də AZAL-ın xidmətlərində müsbət irəliləyiş olduğunu düşünür:

 

“Cahangir Əsgərov vəzifədən getdikdən sonra bir neçə dəfə qonaq qarşılamışıq. Nisbətən dəyişiklik var deyə bilərəm. İnsanlarda səmimiyyət və diqqət artıb. Bu nəinki AZAL-ın işçilərində, eyni zamanda orada çalışan polis və digər xidmətlərdə də özünü göstərir. Düzü mən çox şad oldum ki, onlar insanlara belə diqqətlə yanaşırlar. Türkiyədən gələn qonağımızın itən çantasını tez bir vaxtda tapdılar. Qayğı və diqqət artıb. Lakin qiymətlərlə bağlı nəsə deyə bilmərəm. Çünki bu müddət ərzində mən harasa getməmişəm. Bir dəfə ezamiyyətlə Naxçıvana getmişik. Onun da ödənişi Milli Məclis tərəfindən edilib”.

 

Milli Məclisin deputatı Rüfət Quliyev AZAL-da innovativ dəyişiklikləin olduğunu söyləyib:

 

“Bilet satışları, eləcə də xidmətlərdə innovativ dəyişikliklər var. Milli Məclisdə nəqliyyat nazirinin müavininə də bu istiqamətdə sual verdim. Nazirin müavini cavabında “loukoster”ləri dəvət etdiklərini dedilər. Artıq bir neçə “loukoster” artıq gəlib. AZAL-la saziş də bağlayıblar. Söz verilib ki, yaxın müddətdə dəyişiklik olacaq. Doğrusu bu cavab maraqlıdır. Mən buna inanıram. Çünki AZAL sistemində tam yeniləşmə prosesi gedib. Gənclər gəlib, yeni fikir və təfəkkür hiss olunur”.

Deputat rayonlarda tikilmiş dünyastandartlı hava limanlarının icarəyə verilməsi məsələsinin gündəmdə olduğunu deyib:

 

“Rayonlarda dünya standartlarına uyğun 5 aeroport tikilib. 4 il bundan əvvəldən mən təklif etmişəm ki, bu aeroportlarla bağlı AZAL və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tender keçirsin. Tenderə daxili, eləcə də xarici dost ölkələrdən şirkətlər dəvət olunsun. Aeroportların daha da böyük inkişafını, iqtisadi səmərəliliyini artırmaq üçün icarəyə verilsin. Dünya statistikasına baxdıqda  görərik ki, Hava Limanlarının 55 faizinin, Dəniz limanlarının isə 65 faizi icarədədir. Qardaş Türkiyənin İstanbul şəhərindəki ikinci hava limanı, Yunanıstanda Afina aeroportu xarici şirkətdə icarədədir. Bu məsələ ilə bağlı deputatlar tərəfindən problemlər qaldırılır. Vədlər verilir, işlər gedir. Ümid edirəm ki, gələn ilin  aprel-may aylarında dəyişikliklər olacaq. Yenə deyirəm ki, artıq “loukoster”lər dəvət olunur, onlar gəlib burada iş görə bilərlər. Buna dövlətin də, xalqın da marağı var”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI