Modern.az

Bu xəstəlik erkən yaşlarda ölümə səbəb olur

Bu xəstəlik erkən yaşlarda ölümə səbəb olur

Aktual

19 Dekabr 2023, 15:24

İsveçli alimlər müəyyən ediblər ki, hipoxondriya sindromundan əziyyət çəkən insanlar daha erkən yaşlarda vəfat edirlər. Aparılan tədqiqat göstərib ki, daim ağır xəstəliyə düçar olmaq qorxusu ilə yaşamaq ağır fəsadlara gətirib çıxarır.

 

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, hipoxondriya psixi sindromuna məruz qalanlar tez-tez həkim müayinəsi və laboratoriya testlərindən keçməsinə baxmayaraq, öz qorxularına qalib gələ bilmirlər. Nyu-Yorkdakı Montefiore Tibb Mərkəzinin professoru Conatan Albert hesab edir ki, bu qorxu müəyyən dərəcədə bütün insanlarda var, amma sindromun ağır olduğu şəxslər xüsusi kateqoriyaya aiddir. Onun sözlərinə görə, daimi hipoxondriyadan əziyyət çəkənlər müalicə olunmalı, o cümlədən qavrama-davranış terapiyası keçirməli, habelə depressiya əleyhinə preparatlardan istifadə etməlidir.

 

Tədqiqatçılar müəyyən ediblər ki, hipoxondriya diaqnozu olan insanların həm təbii, həm də qeyri-təbii səbəblərdən, xüsusən də intihardan ölüm riski artır. İsveçdəki Karolinska İnstitutundan David Mataix-Cols “JAMA Psixiatriya” jurnalında nəşr olunan araşdırmada bildirib ki, köhnə araşdırmalar bu xəstəliyə tutulan insanlar üçün intihar riskinin daha az ola biləcəyini irəli sürmüşdü, lakin "klinik təcrübəyə əsaslanan təxminlər bunun yanlış olduğunu müəyyən edib”. Belə ki, hipoxondriya sindromu yaşayan insanlarda intiharla ölüm riski dörd dəfə yüksəkdir. Tədqiqata müvafiq diaqnoz qoyulmuş 4100 insan cəlb edilib və onları psixi cəhətdən sağlam olan 41 min nəfərlə müqayisə ediblər. Məlum olub ki, hipoxondriya olan insanlarda ümumi ölüm nisbətləri 3,5 faiz yüksək olub və onlar daha gənc yaşlarında vəfat ediblər. Eyni zamanda, bu şəxslərdə qan dövranı və tənəffüs yolları xəstəliklərindən ölüm riski də yüksəkdir.

 

Alimlər bildirirlər ki, hipoxondriya sindromunun müalicəsi var və həkimlər ona məruz qalan insanlara qarşı daha həssas davranmalıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza