Modern.az

Milli Məclisdə 27 məsələ - Məhkəmə, hərbçilər və erkən nikah...

Milli Məclisdə 27 məsələ - Məhkəmə, hərbçilər və erkən nikah...

19 Dekabr 2023, 22:04

Dekabrın 19-da Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin payız sessiyasında növbəti plenar iclası keçirilib.

 

Modern.az xəbər verir ki, iclası açan Milli Məclisin sədri dekabrın 15-də Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclasında YAP-ın Sədri İlham Heydər oğlu Əliyev gələn il fevralın 7-nə təyin edilmiş prezident seçkilərində partiyadan namizəd göstərildiyini qeyd edib. O deyib ki, bu qərar bütün Azərbaycan xalqının arzu və istəyini ifadə edir. S.Qafarova Prezident İlham Əliyevin Azərbaycanın müzəffər sərkərdəsi kimi adını tarixə həkk etdirdiyini bildirib. Xatırladıb ki, dövlətimizin başçısının siyasi-diplomatik və hərbi-strateji məharəti sayəsində Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edilib. Dövlətimiz ərazi bütövlüyünü, suverenliyini və tarixi ədaləti bərpa etməklə yanaşı, həm də xalqımızın milli qürurunu özünə qaytarıb.

 

Sonra iclasda gündəmdə olan məsələlərlə əlaqədar müzakirələr keçirilib. Müzakirələrdə çıxış edən deputatlar bildiriblər ki, 2024-cü il fevralın 7-də təyin edilmiş növbədənkənar prezident seçkiləri sağlam siyasi rəqabət şəraitində yeni reallığa keçidi təmin edən demokratik imkandır.

 

Deputatlar dünya ölkələri tərəfindən böyük siyasi əhəmiyyətə malik COP-29 sessiyasının 2024-cü ildə Azərbaycanda keçirilməsinə dair qərarın qəbul edilməsini dövlətimizə olan etimadın göstəricisi kimi dəyərləndiriblər.

 

Çıxışlarda son 20 ildə Azərbaycanda bütün sahələrdə islahatların uğurla həyata keçirilməsində, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa edilməsində, işğaldan azad edilmiş ərazilərdə quruculuq işlərinin aparılmasında, keçmiş məcburi köçkünlərin öz yurdlarında məskunlaşmasında Prezident İlham Əliyevin önəmli rolu vurğulanıb.

 

Sonra iclasda gündəlikdəki məsələlərə baxılıb. Milli Məclisin sədri Sahibə Qafarova bu gün 27 məsələnin müzakirə olunacağını söyləyib. O, birinci məsələnin Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatın olduğunu deyib.

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova məlumatı təqdim edib. O bildirib ki, 2022-ci il üzrə hesabatda “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Qanunun müvafiq maddələrinə uyğun olaraq, gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və dövlətin vəzifələri, gender bərabərliyinin müxtəlif sahələr üzrə təminatı və Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələr barədə geniş məlumat verilir.

 

Diqqətə çatdırılıb ki, Qanunun 15-ci maddəsinə əsasən iqtisadi və sosial sferada çalışan işçilərin gender təhlilinə dair yeni hissələr əlavə edilməklə, məlumat 50 dövlət orqanı və 76 yerli icra hakimiyyətindən daxil olan informasiyaları da əhatə etməklə 104 səhifədən ibarət tərtib olunub. Sənəddə əlilliyi olan şəxslərin gender təhlili, bank sektorunda çalışan işçilər, bank məhsullarından istifadə edən şəxslərin gender bölgüsü, banklar tərəfindən gender bərabərliyinin təminatı istiqamətində həyata keçirilmiş tədbirlər, daşınmaz əmlak sahibi olan şəxslərin gender bölgüsü ilə bağlı məlumatlar yer alıb.

 

Qeyd edilib ki, hesabat ilində “860” qaynar xəttinə - 269, “116111” qadın dəstək xəttinə - 2050 müraciət, həmçinin Sosial Xidmətlər Agentliyinin “Qayğı” çağrı mərkəzinə məişət zorakılığına dair 29 zəng daxil olub.

 

Bahar Muradova çıxışında məlumatda yer alan Gender bərabərliyinin müxtəlif sahələr üzrə, o cümlədən əmək, təhsil hüquqları, iqtisadi və sosial sahələr, informasiya-kommunikasiya texnologiyaları, Qeyri-Hökumət Təşkilatları, Həmkarlar ittifaqları və siyasi partiyaların fəaliyyətində təminatından bəhs edib.

 

Bildirilib ki, son illər ölkəmizdə informasiya və rabitə sahəsinə ümumilikdə artan diqqət və gender bərabərliyinin təmin olunmasına yönələn səylər nəticəsində bu sahədə çalışan qadınların sayı da 2021-ci illə müqayisədə 2022-ci ildə artıb.

 

Kişi və qadınların mülkiyyət hüququnun həyata keçirilməsinə və sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün bərabər imkanların yaradılmasına dair vəziyyətdə canlanma nəzərə çarpır. 2022-ci ildə mikro və orta sahibkarlıq növündə qadınların say göstəricisi artıb.

 

Dövlət əmlakının özəlləşdirilməsi və icarəyə götürülməsində qadınlar 2021-ci illə müqayisədə daha fəal iştirak ediblər.

 

Daha sonra Bahar Muradova 2022-ci ildə Azərbaycanda gender bərabərliyinin təmin edilməsi sahəsində əldə edilmiş nəticələr, qarşıya qoyulan vəzifələr və tövsiyələrdən danışıb.

 

Sonra parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova çıxış edib. O qeyd edib ki, 2022-ci ildə ölkədə gender bərabərliyinin təmini sahəsində müsbət dinamika qorunub saxlanıb. Komitə sədri vurğulayıb ki, bütövlükdə əmək bazarında, sahibkarlıq fəaliyyətində qadınların rolu getdikcə artır, həmçinin onların təhsil səviyyəsi, müxtəlif peşələrə yiyələnməsi ildən-ilə yüksəlir.

 

Sənədin müzakirəsində komitə sədrləri Musa Quliyev, Siyavuş Novruzov, deputatlar Vüqar Bayramov, Nigar Arpadarai, Məlahət İbrahimqızı, Sahib Alıyev və Sabir Rüstəmxanlı çıxış ediblər. Deputatlar məlumatda əks olunan ayrı-ayrı məsələlərlə bağlı fikirlərini açıqlayıblar, bəzi qeydlərini səsləndiriblər. Bahar Muradova qaldırılan məsələlərə aydınlıq gətirib, verilən sualları cavablandırıb.

 

 

 

Müzakirələrin yekununda Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən icra hakimiyyəti orqanının 2022-ci ildə fəaliyyəti haqqında məlumatı səsə qoyularaq nəzərə alınıb.

 

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov növbəti məsələ - “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin əmək fəaliyyətinə cəlb edilməsi haqqında Saziş”lə bağlı bildirib ki, sənədin əsas məqsədi tərəf dövlətlərin ərazisində rəsmi xidmətə təyin edilmiş diplomatik nümayəndəlik və ya konsulluq əməkdaşlarının ailə üzvlərinin qəbul edən dövlətin qanunvericiliyinə uyğun olaraq qarşılıqlı əsasda ödənişli əmək fəaliyyəti ilə məşğul olmaq imkanını təmin etməkdir

 

Deputat Hikmət Məmmədov bəzi qeydlərini diqqətə çatdırıb.

 

Komitə sədri Səməd Seyidov qaldırılan məsələyə aydınlıq gətirdikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

Növbəti iki məsələ - üçüncü oxunuşda olan “Dövlət ehtiyatları haqqında” qanunun layihəsini (üçüncü oxunuş) və “Antiinhisar fəaliyyəti haqqında”, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında”, “Mülki müdafiə haqqında”, “Taxıl haqqında”, “Milli təhlükəsizlik haqqında”, “Dövlət sirri haqqında”, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi üçüncü oxunuşda qəbul edilib.

 

Milli Məclisin sədri Sahibə Qafarova gündəlikdəki növbəti 16 məsələnin ikinci oxunuşda qanun layihələri olduğunu qeyd edib. “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” qanunların icrası ilə əlaqədar bəzi qanunlarıa dəyişiklik edilməsi barədə, Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında, “Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunda və Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri barədə müvafiq olaraq parlament sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, komitənin üzvləri Bəhruz Məhərrəmov və Kamal Cəfərov, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat veriblər. Hər 4 qanun layihəsi ikinci oxunuşda qəbul edilib.

 

Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin növbəti iki məsələsi ölkə Prezidentinin bir məktubu ilə parlamentə daxil olub və mahiyyətcə bir-birinə yaxındır. Musa Quliyev və Kamal Cəfərov müvafiq olaraq “İşsizlikdən sığorta haqqında” Qanunda dəyişikliklə bağlı və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə məlumat verdikdən sonra sənədlər ayrı-ayrılıqda səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

 

S.Qafarova diqqətə çatdırıb ki, gündəliyin növbəti 7 məsələsi Prezidentin bir məktubu ilə parlamentə daxil olub, məzmun və mahiyyət baxımından bir-birinə yaxındır.

 

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Anar Məmmədov Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində, “Dəniz limanları haqqında” Qanunda və “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələrini təqdim edib.

 

Gündəliyin digər 3 məsələsi – Miqrasiya Məcəlləsində, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri ilə bağlı hər hansı təklifin olmadığı bildirilib.

 

 

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov “Milli təhlükəsizlik haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı məlumat verdikdən sonra təqdim olunan bu 7 qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

 

İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Məşhur Məmmədov “Mühasibat uçotu haqqında” və “Dövlət sirri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

 

Kamal Cəfərov və Ziyafət Əsgərov sənədlə bağlı rəyləri təqdim etdikdən sonra qanun layihəsi ikinci oxunuşda qəbul olunub.

 

Gündəliyin növbəti məsələsinin - “Hərbi qulluqçuların statusu haqqında”, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə”nin təsdiq edilməsi barədə, “Əmək pensiyaları haqqında” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Arzu Nağıyev bu qanun layihəsi barədə məlumat verib. O, qanun layihəsində hərbi qulluqçuların pensiya hüququ, təhsil almaq hüququ və xidmət keçmə müddətləri ilə bağlı dəyişikliklərin nəzərdə tutulduğunu qeyd edib.

 

Sonra Musa Quliyev qanun layihəsinə dair rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb.

 

Sənədin müzakirəsində komitə sədri Siyavuş Novruzov, deputatlar Tahir Kərimli və Emin Hacıyevin fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul edilib.

 

Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nizami Səfərov isə “Arbitraj haqqında” Azərbaycan Respublikası qanununun layihəsini diqqətə çatdırıb. O, layihənin mətnində dəyişiklik edilmədən müzakirəyə təqdim olunduğunu deyib.

 

Deputat Vüqar Bayramov məsələ ilə bağlı fikirlərini açıqladıqdan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

 

Sonra Milli Məclisin sədri Sahibə Qafarova gündəliyin son 7 məsələsinin birinci oxunuşda qanun layihələri olduğunu bildirib.

 

Nizami Səfərov Prezidentin bir məktubu ilə daxil olan və mahiyyətcə bir-birinə bağlı növbəti iki məsələ – Mülki Prosessual Məcəllədə və “Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihələri barədə məlumat verib.

 

O, Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsinin “Arbitraj haqqında” qanun layihəsi ilə bağlı olduğunu, mahiyyətcə uyğunlaşdırma xarakteri daşıdığını və bir sıra substantiv və terminoloji məsələləri əhatə etdiyini bildirib. Qeyd edib ki, layihənin əsas məqsədi yaradılması nəzərdə tutulan arbitraj təsisatının fəaliyyətinin prosessual-hüquqi çərçivəsini tamamlamaqdan ibarətdir.

 

“Mediasiya haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı bildirilib ki, layihədə təklif edilən dəyişikliklər kommersiya mübahisələrinin "Arbitraj haqqında" qanun layihəsində əks olunan mübahisələrin alternativ həlli vasitələrindən hesab olunan arbitraj institutu vasitəsilə həlli mexanizminin inkişaf etdirilməsi və genişləndirilməsindən irəli gəlir. Sənəddə məhkəmədən əvvəl kommersiya mübahisələri üzrə ilkin mediasiya sessiyasında iştirak tələbinin aradan qaldırılması təklif olunur.

 

Məsələ ilə bağlı deputat Etibar Əliyev bəzi qeydlərini bildirib.

 

Nizami Səfərov qaldırılan məsələlərə aydınlıq gətirib.

 

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Əminə Ağazadə “Prokurorluq haqqında” Qanunda dəyişiklik edilməsi barədə (birinci oxunuş) qanun layihəsinə dair məlumat verib. Bildirilib ki, layihə prokurorluq işçiləri ilə yanaşı, prokurorluq orqanlarının digər əməkdaşlarının da sosial müdafiəsini gücləndirmək məqsədi ilə hazırlanıb. Qeyd edilib ki, təklif edilən layihə qəbul edildiyi təqdirdə, Azərbaycan Respublikası Prokurorluğunun xəzinə hesabına köçürülən və "Prokurorluq haqqında" Qanunun 39-cu maddəsində nəzərdə tutulan vəsaitlərin prokurorluq orqanlarının digər əməkdaşlarının, o cümlədən prokurorluq orqanlarının dövlət qulluqçularının, hərbi prokurorluq orqanlarında qulluq edən prokurorluq işçisi olmayan hərbi qulluqçuların və prokurorluq orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrdə işləyən mülki işçilərin sosial müdafiəsinə yönəldilməsi mümkün olacaq.

 

Sonra Əli Hüseynli “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb. Bildirilib ki, ölkə Prezidenti tərəfindən təqdim olunmuş sənəddə həmin Qanunun 2.2-ci maddəsində nəzərdə tutulmuş müddətin uzadılması təklif olunur.

 

Belə ki, Şəhərsalma və Tikinti Məcəlləsinin 11.1-ci maddəsinə əsasən tikinti layihələri şəhərsalma sənədlərinin, o cümlədən müfəssəl planın müəyyənləşdirdiyi tələblərə uyğun olmalıdır. Lakin indiyədək bütün yaşayış məntəqələrinin və onların ərazisinin müəyyən hissələrinin müfəssəl planlarının hazırlanması və təsdiqi işi başa çatmadığı üçün müfəssəl planların məcburi tətbiqi müddətinin uzadılmasına zərurət yaranıb. Təklif edilən dəyişiklikdə müddətin 11 ildən 14 ilədək uzadılması nəzərdə tutulur.

 

Tahir Mirkişili isə “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini təqdim edib.

 

Diqqətə çatdırılıb ki, layihə fiziki şəxslərin mülki işlər üzrə ümumi məhkəmələrə müraciəti zamanı "Elektron məhkəmə" informasiya sistemindən istifadəsini stimullaşdırmaq məqsədi ilə hazırlanıb. Belə ki, mövcud qanunvericilik fiziki şəxslərə mülki işlər üzrə məhkəmələrə həm şəxsən, həm də elektron məhkəmə sistemi vasitəsilə müraciət etmək imkanı verir. Təklif olunan dəyişiklikdə bu sistem vasitəsilə mülki iş üzrə ilk dəfə məhkəməyə müraciət edən fiziki şəxslər müəyyən edilmiş dövlət rüsumunun 10 faizini ödəməkdən azad olunurlar.

 

Cinayət Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında” və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini Kamal Cəfərov təqdim edib. Bildirilib ki, layihədə Azərbaycan Respublikasının ərazi bütövlüyünün parçalanmasına yönələn atributları və ya simvolları nümayiş etdirmə, yayma, hazırlama, əldə etmə, saxlama, daşıma və ya gəzdirmə kimi qanunazidd əməllərə görə cinayət məsuliyyəti müəyyən edilir.

 

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov və İnsan hüquqları komitəsinin sədri Zahid Oruc rəhbərlik etdikləri komitələrin qanun layihəsi ilə bağlı rəylərini diqqətə çatdırıblar.

 

Sənədin müzakirəsində Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafanın fikirləri dinlənilib.

 

Gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi ilə əlaqədar Ziyafət Əsgərov məlumat verib.

 

Komitə sədri bildirib ki, Azərbaycan Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim olunmuş bu Qanun layihəsi zabitlərin həqiqi hərbi xidmətinə qəbul edilə bilən şəxslərin dairəsinin genişləndirilməsi məqsədilə hazırlanıb.

 

Belə ki, "Hərbi xidmət və hərbi vəzifə haqqında" Azərbaycan Respublikası Qanununun 36.1.3-cü maddəsinə əsasən həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən ən azı tam orta təhsilli şəxslərin gizirlərin və miçmanların həqiqi hərbi xidmətinə könüllü daxil ola bilməsi müəyyən edilsə də, qanunvericilikdə tam orta təhsilli gizir və miçmanlara kiçik leytenant hərbi rütbəsinin verilə bilməsi nəzərdə tutulmayıb.

 

Təklif edilən dəyişikliklə, gizir və miçman vəzifələrində beş il və daha çox xidmət etmiş, zabit vəzifəsinə təyin edilmiş tam orta təhsilli gizir və miçmanlara hərbi hazırlıq keçdikdən və müəyyən edilmiş qaydada imtahan verdikdən sonra kiçik leytenant hərbi rütbəsinin verilməsi imkanı yaradılmış olacaq.

 

Sonra qanun layihələri səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI