Modern.az

Qəzzada şiddətli küçə döyüşləri - BMT gecikir...

Qəzzada şiddətli küçə döyüşləri - BMT gecikir...

Dünya

20 Dekabr 2023, 09:40

Qəzzanın ikinci ən böyük şəhəri olan Xan Yunisin küçələrində İsrail əsgərləri və HƏMAS yaraqlıları arasında şiddətli döyüşlər gedir.

 

Modern.az bu barədə yerli sakinlər və xarici mətbuata istinadən xəbər verir.

 

Şəhərin cənubundakı mərkəz və şərq rayonlarında HƏMAS döyüşçüləri ilə İsrail qüvvələri arasında atışmaların intensivləşdiyi bildirilir.

 

Qəzzada yerləşən və HƏMAS tərəfindən idarə olunan səhiyyə nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bu günədək anklavda 20 minə yaxın şəxs həlak olub. Müharibə Qəzzanı xarabalığa çevirib, insanlar evlərini tərk etməyə məcbur qalıb.

 

İsrailin Baş naziri Benyamin Netanyahu deyir ki, İranın dəstəklədiyi HƏMAS Qəzzada saxladığı 129 girovu azad edənə və qruplaşma məhv edilənə qədər müharibə dayanmayacaq.

 

BMT Təhlükəsizlik Şurası razılaşa bilmir

 

Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasında Qəzza zolağına yardımların çatdırılmasına çağırış edən sənədin qəbulu üçün nəzərdə tutulmuş səsvermə keçirilməli idi. Ancaq iclas təxirə salınıb. Sənədi hazırlayan tərəflər iki aydır davam edən İsrail-HƏMAS müharibəsi ilə bağlı ABŞ-nin vetosundan yayınmağa çalışır.

 

15 üzvdən ibarət şura əvvəlcə bazar ertəsi Birləşmiş Ərəb Əmirlikləri tərəfindən hazırlanmış qətnaməyə səs verəcəkdi. Lakin diplomatlar BƏƏ və ABŞ-ın hərbi əməliyyatların dayandırılmasını və BMT-nin yardım monitorinqinin qurulması təklifini əsas gətirərək razılıq əldə edilmədiyini bildirir. ABŞ bundan əvvəl İsraillə bağlı bir çox qətnaməyə veto qoyub.

 

ABŞ-ın BMT-dəki səfiri Linda Tomas-Qrinfild çərşənbə axşamı jurnalistlərə razılaşma əldə etmək üçün çalışdıqlarını bildirib.

 

Münaqişə genişlənir 

 

Münaqişə Qəzzanın hüdudlarından kənara yayılıb. Yəməndə yerləşən İrana bağlı husi qiyamçıları Qırmızı dənizdə üzən ticarət gəmilərinə raket və pilotsuz uçuş aparatları ilə hücum edir. Bu hücumlar ticarət yollarını qorumaq üçün çoxmillətli dəniz əməliyyatının yaradılmasına səbəb olub.

 

ABŞ-ın müdafiə naziri Lloyd Austin Bəhreyndə bildirib ki, Şərq-Qərb qlobal gəmiçilik marşrutunu əhatə edən cənub Qırmızı dəniz və Ədən körfəzində birgə dəniz patrulları keçiriləcək. "Bu, kollektiv fəaliyyət tələb edən beynəlxalq çağırışdır", - o deyib.

 

Husiləri həyati əhəmiyyətli ticarət yolunda kommersiya gəmiçiliyinə hücuma davam edəcəklərini söyləyiblər. Husi rəsmisi Məhəmməd Əbdülsəlam İsrailə gedən gəmilərin hədəfə alınacağını deyib. 

 

Ağır itkilər

 

Qəzzanın səhiyyə nazirliyi çərşənbə axşamı bildirib ki, müharibədə 19 667 fələstinli həlak olub, 52 586 nəfər isə yaralanıb. BMT-nin Fələstinli Qaçqınlar üzrə Agentliyi UNRWA bildirib ki, Qəzzanın infrastrukturunun 60%-dən çoxu dağıdılıb və ya zədələnib, 2,3 milyonluq əhalinin 90%-dən çoxu didərgin düşüb.

 

İsrail tərəfində 1200 nəfər mülki şəxs həlak olub. Qəzza zolağına daxil olan İsrial ordusu 132 əsgərini itirib.

 

Fələstin İslami Cihad hərəkatının silahlı qanadı olan Əl Qüds Briqadaları özlərini Qadi Moses və Elad Katzir kimi təqdim edən iki israilli girovun videosunu yayıb. Dünən isə HƏMAS üç yaşlı israillinin görüntülərini yaymışdı.

 

İsrail dinc əhalinin qaça bilməsi üçün zərbələr barədə əvvəlcədən xəbərdarlıq etdiyini bildirir və HƏMAS döyüşçülərini yaşayış məntəqələrində döyüş aparmaqda, xəstəxana və məktəblərdən sığınacaq kimi istifadə etməkdə günahlandırır, qruplaşma bunu rədd edir.

 

Yardım və girovlar barədə danışıqlar 

 

İsrail prezidenti İsaak Hersoq çərşənbə HƏMAS-ın girovluğunda olan şəxslərin azad edilməsi və Qəzzaya daha çox yardımın çatdırılması üçün xarici dövlətlərin vasitəçiliyi ilə növbəti “humanitar fasiləyə” girməyə hazır olduqlarını bildirib.

 

Noyabrın sonunda Qətər və ABŞ diplomatlarının vasitəçiliyi ilə imzalanan atəşkəs bir həftə davam edib. Bu müddət ərzində İsrail həbsxanalarından 240 fələstinli qadın və uşaq, HƏMAS girovluğundan isə 110 nəfər azad edilib.

 

HƏMAS-ın yüksək rütbəli rəsmisi Basem Naem müharibə davam edərkən əsirlərin dəyişdirilməsi ilə bağlı gələcək danışıqları istisna edib.

 

Diplomatik səylər barədə məlumat verən mənbə çərşənbə axşamı "Reuters" agentliyinə bildirib ki, Qətərin baş naziri ilə ABŞ və İsrail kəşfiyyat xidmətlərinin rəhbərləri Varşavada danışıqları canlandırmaq üçün "müsbət" siqnallar alıblar. Mənbə əlavə edib ki, sövdələşmə tezliklə gözlənilmir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza