2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək. İndiyədək 7 nəfərin - hazırkı Prezident İlham Əliyevin, Böyük Quruluş Partiyasının (BQP) sədri, deputat Fazil Mustafanın, Sosial Tədqiqatlar Mərkəzi İdarə Heyətinin sədri, deputat Zahid Orucun, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayevin, BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin, Milli Cəbhə Partiyasının sədri, deputat Razi Nurullayevin, "Vətəndaş Hüquqlarının Müdafiəsinə Dəstək" İctimai Birliyinin sədri Fuad Əliyevin namizədliyi irəli sürülüb.
Bəzi siyasi partiyalar seçkilərdə namizəd irəli sürməsə də, mövqelərini açıqlayıb. Məsələn, İqbal Ağazadənin sədrlik etdiyi Ümid Partiyası seçkilərdə İlham Əliyevi dəstəkləyəcək, sabiq baş nazir Pənah Hüseynin rəhbərlik etdiyi Azərbaycan Xalq Partiyası isə üzvlərə seçkilərdə kimi dəstəkləmələri barədə sərbəstlik verib.
Politoloq Zərdüşt Əlizadə Modern.az-a açıqlamasında deyib ki, növbədənkənar seçkilərin təyin olunmasının bir sıra səbəbləri var:
"Qarabağın işğaldan azad edilməsindən sonra xalq arasında İlham Əliyevin nüfuzu, ona bəslənilən müsbət münasibət zirvəyə çatıb. Prezident İlham Əliyev növbədənkənar seçkilərə getməklə xalqın ona bəslədiyi münasibəti bir daha dünyaya göstərmək istəyir. Digər tərəfdən, 2024-cü ilin 17 martında Rusiyada da Prezident seçkiləri keçiriləcək. Bu səbəblə də Rusiya hakimiyyətinin başı özünə qarışacaq və digər dövlətlərin daxili işlərinə müdaxilə imkanları məhdudlaşacaq".
Z.Əlizadənin sözlərinə görə, növbədənkənar seçkilərdə xalqın favoriti İlham Əliyevdir:
"Hesab edirəm ki, növbədənkənar seçkilərdə saxtakarlıq fəndlərinə ehtiyac yoxdur. Çünki doğrudan da xalq Qarabağdakı qələbəsinə görə İlham Əliyevə minnətdarlığını seçkidə səs verməklə bildirəcək. Mənim bu seçkidə favoritim yoxdur. Lakin xalqın favoriti var, o da İlham Əliyevdir".